“Azərbaycan Dəmir Yolları”nın kifayət qədər daxili və xarici borcları yığılıb
"Azərbaycan Dəmir Yolları” ölkədaxili sərnişin və sürət qatarlarında gediş haqlarını qaldırır. Yeni qaydalara görə, baza tarifinə kupe və plaskart tipli vaqonlarda aşağı yerlərə 1,2 əmsalı tətbiq ediləcək.
"Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın sözlərinə görə, burada məqsəd sərnişinlərə göstərilən xidmət səviyyəsini yaxşılaşdırmaq, çevik tarif tənzimlənməsini təmin etməkdən ibarətdir. Qeyd edək ki, ölkədaxili sərnişin və sürət qatarlarında baza tarifinə kupe və plaskart tipli vaqonlarda aşağı yerlərə 1,2 əmsalının tətbiqi qiymətlərin 20 faiz artırılması deməkdir. Bu qərar 15 iyul tarixindən etibarən tətbiq ediləcək.
Ölkədaxili sərnişin və sürət qatarlarında nəzərdə tutulan qiymət artımının heç bir iqtisadi əsası olmadığını vurğulayan iqtisadçı-ekspert Natiq Cəfərli "Şərq”ə açıqlamasında sərnişindaşımanın maya dəyərində heç bir dəyişiklik olmadığını deyib: "Son günlərdə elektrik enerjisinin qiymətlərində hər hansı bir artım olmayıb, nə də ki, "Azərbaycan Dəmir Yolları” QSC-nin qiymət artımına getməsini şərtləndirən başqa bir hadisə baş verib. Ölkədaxili sərnişin və sürət qatarlarında 20 faiz bahalaşmanın yeganə səbəbi "Azərbaycan Dəmir Yolları”nın pis idarəçiliyi sayəsində çoxlu borclarının yığılmasıdır. Bu QSC-nin kifayət qədər daxili və xarici borcları yığılıb. Bu borcları ödəmək üçün də yeganə çıxış yolunu tariflərin artırılmasında görürlər. Halbuki idarəetmənin fəlsəfəsini dəyişmək, izafi xərcləri və korrupsiya hallarını minimuma endirməklə sərnişindaşımanın maya dəyərini azalda bilərdilər. Daha keyfiyyətli idarəetmə nəticəsində əldə etdikləri gəlirlə borclarını qaytara bilərdilər. Ancaq çox təəssüflər olsun ki, dövlətin idarəçiliyində olan kommersiya qruplarının fəaliyyəti həddindən artıq qeyri-etikdir. Halbuki bütün dünyada sübut olunmuş bir tendensiyadır ki, dövlət iqtisadiyyatda real iştirakçı olanda ən pis menecer olur. "Azərbaycan Dəmir Yolları”nda baş verən proseslər də bunun əyani sübutudur.
"Azərbaycan Dəmir Yolları”nın tez-tez ziyanla işlədiyini vurğulayan ekspertin sözlərinə görə, dövlətdən dotasiya almasına rəğmən bu qurum ölkədə böyük kredit borcları olan dövlət qurumlarından biridir. Qiymətləri artırmaqla da həmin borcları vətəndaşların hesabına ödəmək istəyir. Son zamanlar qurumun xarici borcların qaytarılması ilə bağlı problemlər yaşamasına dair ciddi məlumatlar yayıldığını deyən N.Cəfərli əlavə edib ki, həmin borcların geri qaytarılması ilə bağlı gecikdirmələr baş verib:
"Belə ki, ödəniş may ayında edilməli olduğu halda ADY bunu edə bilməyib. Çox güman ki, qiymət artımının səbəblərindən biri də əlavə vəsait əldə edərək ölkə daxilində və xaricdə yaranmış borclarla bağlı problemin həllində müəyyən maliyyə vəsaiti əldə etməkdir. Bunun iqtisadi əsasının olduğunu düşünmürəm. Çünki nə ciddi şəkildə elektrik tariflərində, nə də sərnişindaşımanın maya dəyərini təşkil edən başqa sahələrdə ciddi artım olmayıb ki, ciddi gedişhaqqı artımına səbəb olsun. Ona görə, düşünürəm ki, ADY-nin qiyməti artırmasının səbəbi öz maliyyə yükünün bir hissəsini vətəndaşın çiyninə qoymaqla həll etməyə çalışmasıdır”.
Digər nəqliyyat vasitələrində gediş haqqının artırılıb, artırılmayacağına gəldikdə isə iqtisadçı eyni problemin Bakı Metropolitenində də mövcud olduğunu deyib:
"Metroda gediş haqqının qaldırılması ilə bağlı çoxdan söhbət aparılır. Hər iki qurum büdcədən ən çox vəsait alan qurumlar siyahısındadır. Buna baxmayaraq, qeyri-effektiv idarəçilik nəticəsində zərərlə işlədiklərini bəyan ediblər. Metro ilə bağlı dəfələrlə açıqlama olub ki, sərnişinin maya dəyəri, onun necə hesablanmasını da açıqlamırlar. Bu təxmini 50 qəpik civarında bildirilib. Ona görə, gələcəkdə metroda gediş haqqının artması ilə bağlı qərar verilə bilər. Bunu onunla izah edəcəklər ki, sərnişinlərin daşınmasının maya dəyəri yüksəkdir. Lakin qurumun rəhbərliyindən heç kim izah edə bilməyib ki, maya dəyəri niyə belə yüksək hesablanır. Əslində müstəqil audit keçirib, hər iki qurumda sərnişin daşınmasının maya dəyərini hesablamaq mümkündür. Hələlik əlimizdə olan ancaq sərnişindaşımanın maya dəyərinin artması ilə bağlı həmin qurumların özündən verilən məlumatdır. Ola bilər, Metropolitendə də gediş haqqının artırılması ilə bağlı qərar verilsin”.
"Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmlər doktoru Fikrət Yusifov isə dəmiryolu ilə sərnişin daşıma tariflərinin artacağının gözlənilən olduğunu deyib.
Onun sözlərinə görə, bu sahəyə yeni rəhbərlik təyin edildikdən sonra, orada ciddi quruculuq işləri aparılmağa başlanıb:
"Aparılan işlər sayəsində sərnişinlərə göstərilən xidmətin keyfiyyətində ciddi dəyişikliklər baş verib. Keyfiyyətli xidmət bütün hallarda daha çox xərc tələb edir. Təbii ki, dəmir yollarında sərnişindaşıma üçün yeni vaqonların və lokomotivlərin alınıb gətirilməsi, köhnə vaqonların əsaslı bərpası, yeni dəmiryol xətlərinin çəkilməsi, daşımaların təhlükəsizliyini təmin etmək üçün zəruri avadanlıqların alınması bu xidmət sferasının xərclərinin artması ilə nəticələnməli idi. Xidmətin keyfiyyətini dünyada bu sahədə mövcud olan standartlar səviyyəsinə yüksəltməyin başqa yolu da yox idi. Bu səbəbdən də sərnişindaşımalarda tariflərin yenidən baxılması tam məntiqidir. Dəmir yolu ilə daşımalar ziyanla ola bilməz”.
Şəymən