Sərnişinlərin üzü gülmür...

İctimai nəqliyyat vahid quruma tabe olmalıdır
Bu sahəyə Milli Məclisin müdaxiləsi doğru deyil


"Avtomobil nəqliyyatı haqqında” qanuna dəyişiklik edilib. Qanun layihəsi ilə bağlı müzakirələr zamanı çıxış edən deputat Bəxtiyar Əliyev paytaxtda sərnişindaşıma fəaliyyətini sərt tənqid edib. Millət vəkili hesab edir ki, mövcud problemlərin həlli üçün Bakı şəhər nəqliyyatı təsərrüfatı dəyişdirilməlidir.

Eyni zamanda, qanunların icrasına nəzarət olmadığını vurğulayan B.Əliyev Milli Məclisin qanunların icrasına nəzarət funksiyası səlahiyyətinin bərpa edilməsini təklif edib. Millət vəkili Çingiz Qənizadə isə qanunda göstərilən 18-22 yaş məsələsinə narazılığını bildirib: "30-40 nəfərin taleyini necə 22 yaşlı bir uşağa etibar etmək olar? Dünyanın harasını gəzsək, belə bir hala rast gəlmərik. Camaat hər gün uşağını avtobusa qoyanda dua edir ki, uşağı sağ-salamat evinə qayıdıb gəlsin. Yaş həddi, ən azı 25-ə qaldırılmalıdır”.

Əmək Hüquqları Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov isə hesab edir ki, ictimai nəqliyyat sahəsindəki problemləri aradan qaldırmaq üçün bu sahədə çox ciddi tənzimləmə işləri aparılmalıdır: "Düşünmürəm ki, yaş həddinin artırmaqla bu sahədəki hansısa problemin həllinə nail olmaq olar. Mənə elə gəlir ki, peşəkarlıq yaşla bağlı bir məsələ deyil. Avtobuslarla sərnişin daşımalarına "D” kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsini əldə edən 18 yaşlı gənc niyə axı bu işlə məşğul olmamalıdır. İctimai nəqliyyada qeydə alınan xoşagəlməz hadisələrin səbəbkarı hər zaman gənc sürücülər olmur axı!? Zənnimcə, yaş həddi ilə bağlı yanaşma kökündən səhvdir”.

Dünyanın əksər ölkələrində şəhər ictimai nəqliyyatının meriyanın nəzdində fəaliyyət göstərdiyini vurğulayan S.Məmmədov Azərbaycanda da bu praktikadan yararlanmaq lazımdır: "İri şəhərlərimizdə ictimai nəqliyyatı tənzimləmək ya icra orqanlarına, ya da hansısa dövlət qurumuna verilməlidir. Sürücülərin hər biri ilə əmək müqaviləsi bağlanmalı və sovet dövründəki kimi növbəlilik prinsipi tətbiq olunmalıdır”.

Milli Məclisin qanunların icrasına nəzarət funksiyası səlahiyyətinin bərpasına gəldikdə isə S.Məmmədov deyib ki, parlamentin ictimai nəqliyyatın tənzimlənməsinə müdaxiləsi doğru deyil: "Əgər qəbul olunan qanunlarla bağlı hansısa ziddiyyət varsa, bunun üçün də Konstitutsiya Məhkəməsi var. Zənnimcə, bütün ictimai nəqliyyat vahid bir quruma tabe olsa, daha effektiv nəticələr əldə etmək olar. Avropa ölkələrində olduğu kimi, ictimai nəqliyyatda da vahid ödəniş sistemi tətbiq edilməlidir. Bir kartla metrodan, avtobusdan, tramvaydan, funikulyordan, hətta çay nəqliyyatından belə istifadə etmək olur. İctimai nəqliyyat gəlir gətirən sahə olmadığı üçün özəl şirkətlərə verilməsi məqsədəuyğun deyil. İndiki halda bu məsuliyyəti yerli icra hakimiyyəti orqanlarına həvalə etmək, məncə ümumi işin xeyrinə olar”.

Şəymən