“Şərqlə Qərbi birləşdirən bir körpü axtarsaq, bunu ancaq Azərbaycanda tapa bilərik”

Prezident İlham Əliyev "Buta” sarayında Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda çıxış edib. Dövlət başçısı bir çox mühüm məsələlərə toxunub. Prezident vurğulayıb ki, Azərbaycan beynəlxalq nəqliyyat mərkəzlərinin birinə çevrilmək üçün çox fəal iş aparır. Dövlət başçısı deyib ki, bu istiqamətdə də böyük addımlar atılır, böyük sərmayə qoyulur: "Dəmir yolu infrastrukturu, avtomobil yollarının tikintisi, 6 beynəlxalq aeroportun fəaliyyətə başlaması, dəniz nəqliyyatının müasirləşdirilməsi - bütün bunlar son illər ərzində görülmüş işlərdir”.
Dövlət başçısının çıxışını "Şərq”ə dəyərləndirən politoloq Zeynal Əmralıyev bildirib ki, Azərbaycanın beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevrilməsi çox əlamətdar bir prossesdir:
"Azərbaycan strateji cəhətdən çox əlverişli yerdə yerləşir. Ölkəmiz mühüm tranzit yollarının üzərindədir. Bu gedişlə Azərbaycan mühüm nəqliyyat qovşağına çevrilə bilər. Son zamanlar nəqliyyat sahəsinə qoyulan investisiyalar, yeni nəqliyyat mərkəzlərinin açılması, yolların təmiri, yeni yolların tikintisi məhz buna görədir. 
Şərqlə Qərbi birləşdirən bir körpü axtarsaq, bunu ancaq Azərbaycanda tapa bilərik. Bu proses Azərbaycanı həm Şərqin, həm də Qərbin maraq dairəsinə salacaq. Ölkəmiz hər iki tərəfdən investisiya axınına sahib olacaq. Bu, çox mühüm əhəmiyyət kəsb edən hadisədir. Azərbaycan dünya pəncərəsi vəzifəsini öz üzərinə götürmüş olur. Nəqliyyat sahəsinin güclü olması bizə buna görə lazımdır”.
Analitik bildirib ki, güclü və dayanıqlı ifrastruktur düzəltmək lazımdır ki, bu sahədə dünyada öz yerimizi möhkəmləndirə bilək:
"Bu vəzifəni uğurla həyata keçirəcəyimizə əminəm. Dövlət başçısının bu sahədə həyata keçirdiyi siyasət buna hesablanıb. Bu məsələdə hər kəs üzərinə düşəni etməli, hər bir şeyin daha yaxşı olması üçün əlimizdən gələni etməliyik. Yerli məmurlar, mühəndislər, bir sözlə hər kəs üzərinə düşəni layiqincə yerinə yetirməlidir”.
İsmayıl