Şərtlər çox ağırdır

Belə faiz dərəcəli tələbə kreditləri dünyanın heç bir ölkəsində yoxdur
“Bir tələbənin ki, valideyninin illik gəliri 10 min manatdan artıqdır, daha o, niyə kreditlə yüklənsin ki?! Elə illik təhsil haqqını ödəyər, iş bitər”


"Hazırda Maarifçi Tələbə Kredit Fondunun balansında təşəbbüsçü olan 10 universitetdən 400-dək tələbə yeri var. Hər il bu rəqəm yenilənəcək”. Lent.az-ın məlumatına görə, bunu Fondun icraçı-direktoru Rüfət Mahmud deyib. O qeyd edib ki, kredit almaq istəyən tələbələr artıq bu gündən iyunun 15-nə kimi Fonda müraciət edə bilər.

R.Mahmudun sözlərinə görə, fondun maliyyə imkanlarından istifadə etmək üçün tələbə Azərbaycanın vətəndaşı olmalı, təsisçi olan ali məktəblərdən birində təhsil alıb, təhsilin davam etdirilməsi üçün maliyyə yardımına həqiqi ehtiyacı olmalı, valideynlərinin və özünün daha əvvəl aldığı kreditlər üzrə de-folt hadisələr baş verməməlidir. O cümlədən, valideynlərin illik gəlir xərcləri 10 min manatdan artıq, tələbələr 25 yaşdan yuxarı olmamalıdır. Maliyyə kreditləşməsi bu il üçün yalnız bakalavr pilləsində təhsil alan tələbələrə şamil olunur. Əsas şərtlərdən biri də tələbənin ümumi orta müvəffəqiyyət balının 71 baldan yuxarı olmasıdır. Əgər tələbənin növbəti illərdə göstəriciləri aşağı olacaqsa, o zaman onlara kredit verilməyəcək. Tələbə bu krediti almaq üçün II kursdan müraciət edə bilər”.

R.Mahmud onu da bildirib ki, kreditin maksimum faiz dərəcəsi 8 faiz təşkil edir: "Tələbə krediti universiteti bitirdikdən 1 il sonra 10 il ərzində ödəyə bilər. Fondun maliyyə əməliyyatlarını agent bank olaraq Kapital Bank gerçəkləşdirəcək. Gələcəkdə digər banklarla da əməliyyatı aparmaq mümkün olacaq. Tələbə üçün rahat şəkildə krediti qaytarma müddətində mexanizmlər işlək vəziyyətdə olacaq”.

R.Mahmudun sözlərinə görə, oğlanlarda əsgərlik müddəti olarsa, o zaman kreditin vaxtı 1 il də artırılacaq: "Bir tələbə 1 il üçün maksimum min manat məbləğində şərti olaraq kredit ala bilər. Kreditin maksimumu 4 il ərzində 20 min manat məbləğində edir. Həmin pul fonddan birbaşa ali məktəbə ödənilir”. Fondun direktoru qeyd edib ki, tələbələr üçün standart və güzəştli paketlər nəzərdə tutulub: "Bələ ki, standart paketlərdə 8 faizlik dərəcə götürülüb. Amma güzəştli paketlərdə 6 faizlik kredit məbləği nəzərdə tutulur. Güzəştli paketləri ailə başçısını itirmiş, sağlamlıq imkanı məhdud olan tələbələr ala biləcək. Tələbələr kredit almaq üçün hər il mütləq olaraq müraciət etməlidir. Tələbə tərəfindən kredit qaytarılmasa, məhkəməyə müraciət edilə bilər”.

İqtisadçı Natiq Cəfərli "Şərq”ə açıqlamasında tələbə krediti şərtlərinin ağır olduğunu bildirdi:

Belə faiz dərəcəli tələbə kreditləri dünyanın heç bir ölkəsində yoxdur. Şərtlər də uyğunsuzdur. Bir tələbənin ki, valideyninin illik gəliri 10 min manatdan artıqdır, daha o, niyə kreditlə yüklənsin ki?! Elə illik təhsil haqqını ödəyər, iş bitər. Əgər tələbə kreditlərinin verilməsində məqsəd tələbələrə təhsil almaqda yardımçı olmaqdırsa, o zaman şərtlər yüngül, əlçatan olmalıydı. Bildirilir ki, tələbə 1 ildə 4 min manat kredit götürə bilər. Amma ümumi hesabda məbləğ 4 il ərzində 20 min manatdan hesablanır. Niyə 16 min manat deyil də, 20 min manat?! 8 faiz dərəcəsi o deməkdir ki, tələbə 4 il ərzində onun təhsil haqqı üçün ödənmiş 20 min manatın üstündə 10 min manat da artığı ilə pul qaytarmalıdır. 20 min alıb 30 min manat ödəyəcək. Belə bir kredit kimə sərf edər?! Bundan başqa şərtlərdə valideynin təqaüdçü, yaxud əlilliyə görə müavinət alan olması da nəzərə alınmayıb. Halbuki ölkəmizdə əlilliyə görə və ya əmək fəaliyyətinə görə təqaüdə çıxanlar var. Yəni, bu kredit şərtlərindən belə görünür ki, burada yalnız imkanlı ailələrin övladları nəzərdə tutulub. Başqa bir problem tələbənin həmin krediti ödəmək imkanında olub-olmayacağıdır. Azərbaycanda əmək bazarının vəziyyəti bəllidir. Gəlirli, yüksək əmək haqqısı olan sahələr məhduddur. Ya dövlət qulluğudur, ya da bank sektoru. Amma hər ikisində də əməyin optimallaşdırılması proqnozları verilib. Yəni, ixtisarlar labüddür. Bunu artıq müşahidə edirik. Bank sektoru çöküş vəziyyətindədir. Dövlət qulluğuda isə ixtisarlar, fəaliyyət növlərinin birləşdirilməsi və ya ixtisarı prosesi gedir. Bəs bu tələbə sabah ali məktəbi bitirdikdən sonra harada işləyəcək, nə qədər əmək haqqı alacaq ki, "boynundakı” krediti də ödəyə bilsin? Böyük ehtimalla bu gün borclanan tələbə sabah borcunu qaytara bilməyəcək. Onsuz da kredit borclularının problemi çözülmür. Hazırda 2 milyon 400 min vətəndaşımızın banklara borcu var. Bu tələbələr də borcluların sırasını artıracaq, çox güman ki. Təbii, əgər tələbə kreditinə getsələr. Amma inanmıram ki, ağıllı insan özünü bəri başdan borclandıra.

N.Cəfərli qeyd etdi ki, hazırda Avropada, ABŞ-da, Türkiyədə də ödənişsiz təhsil, həmçinin tələbələrə burs ödənməsi ənənəvi hal alıb:

- Məsələn, Almaniya artıq bütünlüklə ödənişsiz təhsilə keçib. Bütün tələbələr pulsuz təhsil alacaqlar. Hətta Azərbaycandan Almaniyaya təhsil almağa gedən gənclərimiz var ki, onlara da ödənişsiz təhsil şamil olunur. Bilirsiz, dünya ölkələrində təhsilə yanaşma ilə Azərbaycanın yanaşma tərzi çox fərqlidir. Avropada, Türkiyədə biliyi zəif məktəbli ali məktəbə daxil olmağa can atmır. Almaniyada son statistik rəqəmlər göstərib ki, avtomobil ustasının illik gəliri həkimdən daha çoxdur. Yəni, insanın yüksək gəlir etməsi üçün onun hansısa ali məktəbi bitirib dövlət qulluğunda, yaxud hansısa özəl klinikada çalışması şərt deyil. Normal əmək bazarı, normal rəqabət mühiti olduğundan bacarıqlı insan istənilən sahədə gəlir əldə edib normal şəraitdə yaşaya bilir. "Burs” anlayışı deyilən bir şey də var. Bu o deməkdir ki, yaxşı tələbə həmişə pulsuz oxuyur. Böyük fondlar, şirkətlər, holdinqlər yaxşı oxuyan tələbələrə dəstək olur, şirkətlər tələbə "ovu”na çıxır, təhsil haqqını ödəyir, şərt də bu olur ki, azı 5 il həmin şirkətlərlə əməkdaşlıq etməlisən. Tələbə də buna iki əlli razılaşır, çünki həm təhsil haqqı ödənmiş olur, həm də azı 5 il iş yeri təminatı almış olur. Həmin şirkətlərə də vergi güzəştləri edilir. Azərbaycanda isə belə şərait yoxdur. Əvvəlcə, gərək azad bazar münasibətləri formalaşsın, sağlam rəqabət mühiti yaransın ki, yaxşı oxuyan, savadlı, bilikli tələbələrin də gələcəkdə iş yeri tapmaq imkanları olsun.

Avropada da tələbə kreditləri var, amma cəmi 2 faiz dərəcəsi ilə. Həm də 20 illik. Ancaq təsəvvür edin ki, tələbələr buna razılaşmır. Bizdə isə 10 il müddətinə 8 faiz dərəcəsi tətbiq edilir. Bu, absurddur. Normal adam buna getməz. Çünki ödəmək iqtidarında olmayacağını bilir. Bilirsiz, Azərbaycanda çalışırlar, ən sadə və primitiv, lakin çox gəlirli variantı seçsinlər, amma bu, nəticə verə bilməz. Optimal qərarlar qəbul edilməlidir.

Məlahət Rzayeva