Belələrinin telekanallarda, sosial şəbəkələrdə ictimai qınağa cəlb olunması yaxşı haldır

Bakının dərdi azmış kimi bir yandan da sərxoş qadın sürücülər şəhərin altını üstünə çevirir. Sərxoş halda maşın idarə edən qadınların sayının günü-gündən artması son günlər cəmiyyətdə mənfi rezonans doğuran hallardan birinə çevrilib. Artıq vəziyyət elə dözülməz həddə çatıb ki, içib, "avtoş”luq edən xanımlara addımbaşı rast gəlmək mümkündür. Onu da deyək ki, sərxoş qadın sürücülərə qarşı cəmiyyətdə reaksiyalar birmənalı deyil. İctimaiyyət isə mənəviyyatımızda aşınmalar yaradan bu qadınlardan yaxa qurtarmağın yeganə yolunu onların arxasında dayanan "kişi”lərin ifşa olunmasında görür. Qeyd edək ki, bu günlərdə tanınmış prodüser Təranə Səmədova sərxoş vəziyyətdə avtomobil idarə edərkən yol polisi əməkdaşları tərəfindən saxlanılıb. Yol polisi əməkdaşları "Hyundai” markalı 90 ST 666 dövlət nömrə nişanlı avtomobili saxlayıblar. Məlum olub ki, sürücü, prodüser Təranə Səmədova spirtli içki qəbul edib. Təranə Səmədova sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinədən imtina edib. Sürücü müqavimət göstərdiyinə görə, yol polisi əməkdaşları Post Patrul Xidmətindən yardım istəyiblər. Post Patrul Xidmətinin əməkdaşları hadisə yerinə gəliblər və Təranə Səmədova məcburi qaydada tibbi müayinəyə aparılıb. Faktla bağlı protokol tərtib edilib, avtomobil isə cərimə meydançasına yerləşdirilib.
"Avtosfer”az saytının baş redaktoru Elməddin Muradlı içkili halda maşın sürən xanımların sayının son vaxtlar artması fikri ilə razılaşdığını deyib: "Belə hallar əvvəllər də olurdu, amma çox az-az rast gəlinirdi. O vaxt yol polisləri inana bilmirdilər ki, qadın sükan arxasında sərxoş vəziyyətdədir. Hətta belə halları görəndə çaşıb qalırdılar. Bir qədər də mental xüsusiyyətlərimizi nəzərə alıb, hay-küy salmadan sakitliklə həll edir, yola verirdilər. Amma sonra gördülər ki, bunların sayı durmadan artır, hətta bəzən yol polislərini hədələyənlər də olur, o zaman yol polisi daha sərt tədbirlərə başlamaq məcburiyyətində qaldı. Bu da normaldır. Sükan arxasında hər kəs eyni hüquqa malikdir və eyni vəzifələri yerinə yetirməlidir. Fərqi yoxdur qadındır, kişidir, qocadır, cavandır. Əsas odur ki, sürücüdür və sürücü də tələb olunan qaydalara əməl etməlidir. Sükan arxasında sərxoş halda aşkar olunan xanım sürücü görəndə şəxsən mən o xanımların yerinə, o xanımları içirdib küçəyə buraxan kişilərin yerinə utanıram”.
Dövlət Yol Polisi tərəfindən keçirilən reydlərdə sərxoş halda tutulan xanımların dərhal hansısa kişiyə zəng etməsi hallarının dəfələrlə şahidi olduğunu vurğulayan E.Muradlı bir müddətdən sonra həmin kişilərin köməyə gəldiyini deyib: "Əgər o kişinin bu xanıma hörməti vardısa, elə qoymazdı içkili vəziyyətdə yola çıxsın. Həmin qadının da o kişiyə hörməti vardısa, yola çıxmazdan əvvəl bu addımının qanunsuz olduğunu və onu yol polisinin tuta biləcəyini düşünməli idi. Sərxoş tutulan qadın sürücülərinin artması çox pis tendensiyadır. Belələrinin telekanallarda, sosial şəbəkələrdə ictimai qınağa cəlb olunması yaxşı haldır. Düşünürəm, bəlkə bundan sonra başqaları da eyni hərəkəti təkrar eləməz. Amma nədənsə, bəzi qadın sürücülərdə özlərinə arxayınlıq var. Elə qadın sürücü tanıyıram ki, nə vaxtsa bir sıravi yol polisi inspektoru ilə tanış olub, nömrəsini alıb, az qalır qabağına keçəni tapdalayıb keçsin. Soruşanda ki kimə güvənirsən, deyir, filankəs tanışımdır. İçkili halda tutulan həmin xanımı bütün telekanallar efirə verib biabır elədi. İndi o filankəs gəlib onu xilas eləsin görək necə edəcək? İnsan gərək birinci növbədə özünü, ailəsini, cəmiyyətdəki mövqeyini düşünsün. Yoxsa ki, "filankəs tanışdı, mənə hər şey olar” düşüncəsi ilə yaşamaqla çox uzağa getmək olmaz”.
Konkret olaraq, Təranə Səmədovanın cərimələnməsi məsələsində yol polisini tamamilə haqlı hesab edən E.Muradlı deyib ki, küçə söyüşləri ilə danışan xanım, yol polisini təhqir edən insan elə o cür də cavab almalı idi, aldı da: "Amma adamın utanmadan durub açıqlama verməsi ki mən içkili deyildim, mənə şər atırlar, bu lap ağ eləmək oldu. Hansı ki, mən məsələni aydınlaşdırmaq üçün yol polisinin komandir heyətindən soruşdum. Məlum oldu ki, həmin qadın doğrudan da sərxoş vəziyyətdə olub və həkim yoxlamasından da keçirilib, təsdiqini tapıb. Bu adam durub üzr istəməkdənsə, hələ yalan danışmağa da cəhd edir”.
Şəymən