"Səssiz işığ"ı Azərbaycana gətirən alim - FOTOLAR

Professor İbrahim Yıldırım «Şərq»in qonağı oldu
"İnterplast” Beynəlxalq Xeyriyyə Təşkilatının Türkiyə bölməsi həkimlər qrupunun başçısı, İstanbuldakı Cərrahpaşa Universitetinin profesoru İbrahim Yıldırım dünən "Şərq” qəzetinin qonağı olub. Əslən Azərbaycandan olan İ.Yıldırımın ulu babası Sarı Qulu 19-cu əsrin sonunda güclənən şovinist siyasətə qarşı çıxdığı üçün 1898-ci ildə ata-baba yurdunu tərk etmək məcburiyyətində qalıb və Amasiyaya pənah aparıb. İ.Yıldırımın həyat yoldaşı isə Molla Vəli Vidadinin nəticəsi Səmra Fiqəndir. Vidadi nəslinin bu qolu 1922-ci ildə Qarsa köçüb.
Redaksiyamıza təşrif buyuran qonağı qəzetin baş redaktoru Akif Aşırlı kollektivə təqdim etdikdən sonra onu "Şərq” qəzetinin nəzdində yaradılan Mətbuat tarixi guşəsi  ilə tanış edib. Bir-bir  eksponantlarla tanış olan İbrahim Yıldırım Azərbaycan mətbuat tarixi ilə bağlı kifayət qədər bilgili olduğunu qeyd edərək araşdırmaları nəticəsində əldə etdiyi məlumatları bizlərlə bölüşüb. Ötən əsrin əvvəllərində işıq üzü görən mətbu orqanların orijinal nüsxələrini, mətbuat fədailərinin foto-portretlərini izləyən professor "Şərq”in bu addımını son dərəcə təqdirəlayiq və örnək təşəbbüs kimi qiymətləndirib. Mirzə Ələkbər Sabirin yazdığı "Şikayətnamə”nin əlyazmasını gördüyünü deyən İ.İldırım həmin sənədin fotolarının onda qaldığını qeyd edərək "Şərq”ə göndərəcəyinə söz verdi.
Daha sonra A.Aşırlı müəllifi olduğu "Nargin adası” kitabını qonağa bağışlayaraq həmin kitabda İ.İldırımın fotolarının da yer aldığını deyib. Məlumat üçün bildirək ki, "Şərq”in qonağı Nargin adasının ilk ziyarətçilərindən biri olub.
Hər il Bakıya gələn doktor İbrahim Yıldırımı Azərbaycanın əldə etdiyi uğurlar, ölkəmizin hərtərəfli inkişafı, tibb müəssisələrinin ən müasir avadanlıqlarla təchiz olunması fərəhləndirir. Çünki onu Azərbaycana bağlayan sadəcə tibb sahəsi deyil. Yıldırım Azərbaycanın görkəmli simaları ilə bağlı həyata keçirilən bir sıra elmi tədbirlərdə, yubiley mərasimlərində iştirak edir.
İbrahim Yıldırım Azərbaycana budəfəki gəliş səbəbi ilə bağlı sualımıza cavab olaraq əlidolu gəldiyini deyib. O Azərbaycan və türk dünyasının ictimai-siyasi həyatında xüsusi rol oynamış böyük ədib Əli bəy Hüseynzadənin bütün əsərlərini Azərbaycan muzeylərinə bağışlamaq üçün gətirdiyini də əlavə edib: "Azərbaycanda fəaliyyət göstərən bütün muzeylər, universitetlər, kitabxanalar Əli bəyin irsini əldə etmək istəyirlər. Sadəcə, illər öncə bu məqsədlə Əli bəyin qızı Feyzavər Alpsar xanıma müraciət edən azərbaycanlıların xoşagəlməz davranışları onu həddindən artıq əsəbiləşdirib və o da atasının əsərlərini Azərbaycana göndərməkdən imtina edib. Hətta Azərbaycan gedən insanları heç qəbul da etməyib. Lakin mən bu baryeri qırdım və onu Əli bəy Hüseynzadənin əsərlərinin Azərbaycandakı muzeylərə verilməsinin ən doğru addım olduğuna razı sala bildim”.
Düz 91 il sonra onun sənət əsərlərinin, foto-sənədli arxivi və şəxsi əşyalarının Azərbaycana hədiyyə edildiyini qeyd edən professor deyib ki, İstanbuldan gətirilən 161 əsər arasında Əli bəy Hüseynzadənin övladları Səlim Turan və Feyzavər Alpsarın yaratdığı bir sıra sənət əsərləri, Əli bəy Hüseynzadənin həyatının müxtəlif anlarını əks etdirən fotoşəkillər və şəxsi əşyaları var. 37 təsviri sənət əsəri, 48 fotoşəkil, 53 şəxsi əşya, 22 orden, medal və nişanlar, eləcə də ipək üzərində çap olunmuş "Həyat” qəzeti var. Bu əsərlərin 61 ədədi Azərbaycana gətiriləndən sonra bərpa olunub. Biz bu əsərləri Azərbaycana gətirmək üçün alanda hiss elədik ki, divarlar boş qalır. Bu mənzərə isə Feyzavər xanım üçün heç də xoş olmayacaqdı. Əli bəyin çəkdiyi əsərlər illərdir divarda asılıb və illərdir Feyzavər xanım hər sabah qalxdığında bunları görür. Ona görə rəssam Teymur Rzayev belə bir fikir irəli sürdü ki, bunların eynisini kopyalayıb, çərçivələdib eyni yerində asaq, Feyzavər xanım ruhən eyni duyğunu yaşasın. Budəfəki gəlişimdə isə Azərbaycana 3 vizit kartı və 3 möhürünü gətirdim. Əli bəy Hüseynzadənin rəssam oğlu Səlim Turanın bütün əsərləri İstanbul Universitetinə bağışlanıb, ancaq həyat yoldaşı Şaiqə xanımda qalan dəyərli əsərlər var. O, Əli bəyin irsinin Azərbaycana göndəriləcəyini eşidəndə Səlim bəyin də əsərlərini göndərmək istədiyini dedi. Sadəcə indi Şaiqə xanım reanimasiyada olduğu üçün bu mümkün olmadı. Ancaq mütləq o şəkillər Azərbaycana gətiriləcək. Bir də biz hansısa bir qiymətli əsəri hədiyyə etdiyimiz məkanların şəraitinə diqqət ayırırıq ki, sonradan rütubət, qeyri-düzgün işıqlandırma qiymətli sənədləri, orijinal fotoları korlamasın.
- Əli bəy Hüseynzadənin Türkiyə üçün böyük xidmətləri olub, İstanbul Universitetinin tibb professoru olub, ancaq Universitetin digər professorlarından fərqli olaraq ona büst qoyulmayıb...
- Siz istəyirsiniz hamının büstü olsun? Bu çox yanlış yanaşmadır. Böyük Osmanlıda heykəl qoyulacaq milyonlarla adam tapmaq olar. Ancaq çox az sayda insanlara büst qoyulub. Fatih Sultan Mehmetin belə heykəli yoxdur. İstanbul Universitetində ancaq məşhur professorların, xüsusən də rektor olan insanların büstü qoyulub. Eyni ilə də Cərrahpaşa Universitetində. Sözsüz ki, Əli bəy Hüseynzadənin varlığı Türkiyə üçün çox önəmlidir. Ancaq sovet təfəkkürünün bir parçasıdır ki, kiminsə dəyərli olduğunu göstərmək üçün ona büst qoyulmalı, heykəli ucalmalıdır. Normal məntiqlə düşünəndə verilən qiymət əməldə özünü göstərməlidir. Əli bəy Hüseynzadəyə təkcə Azərbaycan yox, bütün türk dünyası çox şey borcludur. Mən ona Türkiyənin səssiz işığı deyirəm. Gerçəkdən səssiz, amma böyük işlər görüb. Türk Dil Qurumunun, Türk Tarix Qurumunun quruluşunda Əli bəyin ayrı bir əməyi var. Bu mənada ona verilən dəyərin bir büstlə ölçülməsinin tərəfdarı deyiləm.
- Azərbaycanla bağlı sizi daha hansı məsələ narahat edir?
- Mənim üçün ən xoş olmayan məqam "Azərbaycan dili” ifadəsinin işlədilməsidir.
Çox təəssüf ki, Azərbaycanın elm adamları da bu məsələdə yetəri qədər həssaslıq göstərmir. Azərbaycan coğrafi addır, coğrafiyanın isə dili olmur. "Bir millət, iki dövlət” deyimini qəbul edirik, amma dilimizi ayırırıq. Bir neçə xalq ingilis dilində danışır, heç biri də bundan narahat olmur. Azərbaycanla Türkiyənin danışığı arasında ləhcə və ya şivə fərqi yoxdur. Bu iki dövlət ağız fərqi ilə danışır.
Əli bəy Hüseynzadənin şəxsi əşyalarının Türkiyədən Azərbaycana gətirilməsi keçmişimizə sahib çıxmağımız baxımından böyük hadisədir. Bu hadisənin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə hazırlaşdığımız bir vaxtda baş verməsi isə həm simvolik, həm də çox sevindiricidir. Məhz bu nöqteyi-nəzərdən İ.İldırımın AXC-nin 100 illiyi ilə bağlı verilən sərəncamına münasibətini öyrəndik.
Prezident İlham Əliyevin sözügedən sərəncamının alqışalayiq olduğunu vurğulayan İ.İldırım bu sərəncam üçün dövlət başçısına öz təşəkkürlərini bildirib: "Ancaq bəzi təkliflərim var. Hesab edirəm ki, Cümhuriyyət qurucuları, o dövrün nazirləri ilə bağlı ciddi araşdırma aparılmalıdır. Bu dövlətin qurulmasında əməyi olan insanlar ortaya çıxarılıb, cəmiyyətə təqdim edilməlidir. Sadəcə tədbir keçirmək, qalın-qalın kitablar çap etməklə məsələ bitmir. Hətta Türkiyə ilə birlikdə ortaq layihələr həyata keçirilməlidir. Filmlər, videolar Türkiyə kanallarında yayımlanmalıdır.
- Böyük siyasi xadim, milli hökumətdə daxili işlər naziri olmuş Mustafa Vəkilovun həyatı ilə bağlı zəngin bilgi sahibisiniz. Bəs digər mühacirlərimiz haqqında nələri bilirsiniz, kimləri görmüsünüz?
- Uşaqlığım Azərbaycan istiqlaliyyəti üçün daima mübarizə aparan insanların konfranslarını dinləməklə keçib. Mustafa Vəkilli ailəmizin üzvü olub. Nağı bəy Şeyxzamanlını görmüşəm. Məmməd Sadiq Aranın, Əhməd Cəfəroğlunun, Nigar Rəfibəylinin mühacir qardaşı Kamil bəyin konfranslarında iştirak etmişəm. Onun oğlu Aydın mənim çox yaxın dostum idi. Azərbaycan Kültür Dərnəyinin başqanı olmuş Həmid Atamanı, Kərim Odəri, Əlirza Turanı da dinləmişəm. Onların hamısı da öz çıxışlarında inamla qeyd edirdilər ki, bir gün mütləq Azərbaycana qayıdıb, öz vəzifələrini davam etdirəcəklər. Hətta mənim nənəmin də belə bir deyimi vardı: "Ay oğul, bu sovetlər mütləq dığırlanacaq, bəlkə də mən görməyəcəm, amma sizlər mütləq görəcəksiniz”. Dediyi də oldu. Amma Azərbaycanın müstəqilliyi üçün mübarizə aparan Cümhuriyyət qurucularına geri qayıdıb, qurduqları dövləti idarə etmək qismət olmadı.
- Bəs, hazırda Cümhuriyyət qurucularının övladlarından kimlər qalıb?
Hamısının ailəsindən kimlərsə, qalıb. Mustafa Vəkillinin bir oğlu bir qızı var - Nadir və Sərpil. Hər iki Ankarada yaşayır. Məmməd Sadiq Aranın qardaşı Tağı Aranın oğlu İlhan Aranla şəxsi dostluğum var. Diş həkimidir. Hazırda övladlarından birinin səhhəti ilə bağlı Amerikada yaşayır. Nəsib bəy Yusifbəylinin bütün irsi FETÖ tərəfindən qətlə yetirilən Necip Hablemitoğlunun həyat yoldaşı, millətçi yazar Nəşə xanımda olduğu üçün dəqiq bilgilərim yoxdur. O, Nəsib bəylə bağlı sənədlər heç kəsə vermir ki, özüm yazacam. İsmayıl bəy Qaspralının qızı Şəfiqə xanım ona verib bütün sənədləri. Dediyim kimi, çoxlarının varisləri qalıb, sadəcə hamısını saymaq olmur.
- Bildiyimiz qədəri ilə vaxtı ilə İstanbulda oxuyan azərbaycanlı tələbələri araşdırmısınız. Hansı maraqlı faktları ortaya çıxardınız?
- Çox sevdiyim və hörmət elədiyim araşdırmaçı Ədalət Tahirzadə "Azərbaycanın ali təhsillilər” adı altında bir araşdırma aparıb və 821 nəfərin adı orda yer alıb. Mənsə, "Türk kültüründə azərbaycanlılar: İstanbul və İstanbul Universiteti” adlı kitab çıxarmağa hazırlaşıram. Əsas şərt isə haqqında məlumat verdiyim hər bir şəxsin Azərbaycanda doğulmasıdır. 200-ə yaxın insanın adını qeyd etdim və onları 4 qrupa ayırdım. 1-ci qrupa sosialyönlü ixtisas sahibləri, 2-ci qrup texniki fənn oxuyanlar, 3-cü qrupa tibb oxuyanlar, 4-cü qrupa isə savaşda əsir düşüb, Türkiyəyə gələn və sonradan "denklik” imtahanı verib qalan insanlar daxildir. Əlavə bir qrupda da İstanbul Universitetində professor olaraq qalan insanların adları yer alıb.
Şəymən