Həm kənddə qalacaqlar, həm də iqtisadi güc qazanacaqlar
Türkiyədə gənclərin kənd yerlərində istehsalda iştirakını artırmağı hədəfləyən “Kənddə Bərəkət - Xırdabuynuzlu Heyvandarlığa Dəstək Layihəsi” üçün müraciətlər başlayıb. Sherg.az xəbər verir ki, layihə xüsusilə Muşda heyvandarlıqla məşğul olan gənc maldarlar üçün mühüm fürsət kimi önə çıxır.
Gənc istehsalçıların kənddə qalmasını təşviq edən layihə çərçivəsində xırdabuynuzlu heyvandarlıqla məşğul olan təsərrüfatların sayının və ana heyvan fondunun artırılması nəzərdə tutulur. Layihə üzrə dəstək almağa haqq qazanan gənc maldarlara Kənd Təsərrüfatı Müəssisələri Baş İdarəsi tərəfindən 95 baş dişi və 5 baş erkək olmaqla ümumilikdə 100 baş xırdabuynuzlu heyvan veriləcək.
Muşda otlaqlarda heyvan saxlayan gənc maldarlar bu layihə sayəsində sürülərini böyüdərək öz bizneslərini qurmağı hədəfləyirlər. Verilən dəstəklər nəticəsində gənclər həm iqtisadi güc qazanacaq, həm də böyük şəhərlərə köç etmədən öz torpaqlarında istehsal imkanı əldə edəcəklər.
“Kənddə Bərəkət – Xırdabuynuzlu Heyvandarlığa Dəstək Layihəsi” ilə gənc maldarların istehsalda daha aktiv rol alması, kənd təsərrüfatının inkişafı və ümumilikdə ölkə üzrə heyvandarlıq potensialının artırılması məqsəd qoyulub.
Xərclər fonunda dövlət dəstəyinin əhəmiyyətinə diqqət çəkən maldarlardan Məhəmməd Zəkəriyyə Arslan bildirib ki, bu cür layihələr gəncləri istehsala yönləndirir və heyvandarlığı daha cəlbedici edir:
“Muşta yaşayıram, heyvandarlıqla məşğulam. Bu ovalarda bu gün istehsal edirik. Dövlətimizin bizə təqdim etdiyi bu gözəl layihə üçün müraciət etdik. İnşallah bizə də düşər. Gənclər üçün belə bir layihənin hazırlanması çox önəmlidir. Qürbətə gedib işləmək istəmirik. Öz vətənimizdə, öz işimizi qurmaq istəyirik. Dövlətimizə bu dəstəyə görə təşəkkür edirik.”
Gənc maldarlardan Burhan Arslan da layihəyə müraciət etdiyini bildirərək deyib:
“Heyvandarlıqla məşğuluq. "Kəndə Bərəkət - Heyvandarlığa Dəstək" layihəsinə müraciət etmişik. Qürbətə gedib işləmək istəmirik. Heyvanlarla bağlılığımız var, yaylaqlarımız var. Burada qalıb heyvandarlıqla məşğul olmaq istəyirik. İşimizi sevirik.”