Rusiya seçkilərə qədər Ermənistanda açıq təxribatlara getməyəcək - ŞƏRH

Natiq Miri: “Ermənistan hələ Aİ-yə hazır deyil, Rusiya ilə balans siyasəti davam edəcək”

Ermənistanın Rusiya və Qərb arasında sıxışıb qalması, parlament seçkilərindən öncə təzyiqi artırır. Bu seçim, aprelin 1-də Rusiya prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında baş tutan görüşdən sonra daha qabarıq görünməyə başlayıb.

Görüş zamanı liderlər bir-birlərinə sətiraltı mesajlar ötürüblər. V.Putin İrəvanın eyni vaxtda iki gömrük ittifaqında qala bilməyəcəyini açıqlayıb. Digər tərəfdən isə ölkə gündəmini erməni iş adamlarının Rusiyada problemlərlə üzləşdiyinə dair məlumatlar zəbt edib. N.Paşinyan ölkənin təhlükəsizliyini təmin etmək üçün Putinlə görüşsə də, potensial təhlükələrin mövcudluğu ilə bağlı şübhələr hələ də qalmaqdadır. Bu gün Ermənistan parlamentinin sədri Alen Simonyanla jurnalistlər arasında gərgin anlar yaşanıb. Jurnalistlər erməni iş adamlarının Rusiyada problemlərlə üzləşdiyini bildiriblər. Parlament sədri, Rusiyaya qarşı hər hansı təhlükə yaratmayacaqlarını bildirsə də, Rusiyadan qaynaqlana biləcək risklərə toxunmayıb. Jurnalistlərin etiraz dalğasına qəzəblənən Simonyan brifinqi yarımçıq dayandıraraq zalı tərk edib. 

Mövzu ilə bağlı politoloq Natiq Miri Sherg.az-a bildirib ki, Rusiya, Ermənistanda parlament seçkilərinə qədər təxribat xarakterli addımlar atmayacaq:

“Ancaq bu məsələlərin gündəmə gətirilməsi ilə siyasi hakimiyyət və erməni xalqı qorxudulur. Ermənistanın Avropa İttifaqına üzv olacağı təqdirdə, ölkənin Avrasiya bazarlarından tamamilə kəsiləcəyi təəssüratı yaradılır. Rusiya xəbər portalları seçkilər öncəsi bu cür dezinformasiya xarakterli məlumatlar yaymaqla ictimai rəydə qorxu və çaşqınlıq yaratmağa çalışır. Rusiyada fəaliyyət göstərən erməni biznesmenlərinə qarşı müəyyən təzyiqlərin olduğu görüntüsü də yaradılır. Bu prosesin bilavasitə səbəbkarı kimi Paşinyan hökumətinin Avropa Birliyinə inteqrasiya yönümlü siyasəti göstərilir”.  

Politoloqun sözlərinə görə dezinormasiya xarakterli xəbərlər Rusiyanın əleyhinə işləyir:

“Ermənistan cəmiyyəti Rusiyanın iç üzünü görməklə rusmeyilli qüvvələrin hakimiyyətə gəlməsinə qarşı çıxa bilər. Parlament seçkilərində hakimiyyətin kimə keçəcəyi bəlli olana qədər, Rusiyanın məhdudlaşdırıcı qərarlar verəcəyinə inanmıram. Çünki Paşinyanın növbəti dəfə xalqın səsi ilə qələbə qazanması Rusiyanın tamamilə Ermənistanı itirməsinə səbəb olacaq. İndiki vəziyyətdə Rusiya və Ermənistan müəyyən mənada bir-birinin maraqlarını qəbul etmək məcburiyyətindədirlər”. 

Analitik qeyd edib ki, Ermənistan Avropa İttifaqının sanksiya rejimi altında əzilən Rusiyaya yardımlar göstərir:

“Məhz bunun nəticəsidir ki, son illərdə Rusiya və Ermənistan arasında ticarət dövriyyəsində artım müşahidə olunub. Ticarət əlaqələrinin gətirdiyi qazanc Moskvaya bir çox strateji silahlara çıxış imkanı verir. Ermənistan isə dolayı ticarət yolları ilə həm qazanc əldə edir, həm də Rusiya mənşəli qızıl və almazların ixracında rol oynayır. Hələlik tərəflər bir-birinin iqtisadi maraqlarına xidmət etdikləri üçün radikal qərarlar verməkdən çəkinirlər”. 

N.Mirinin fikrincə, Ermənistan yalnız Avropa İttifaqına inteqrasiyaya tam hazır olduqda, Rusiyadan uzaqlaşma siyasətinə üstünlük verə bilər:

“O vaxta qədər Ermənistan məhsulları üçün bazarlara ehtiyac duyulur. Bu bazarların əsas hissəsini isə Avrasiya İqtisadi Birliyinə daxil olan ölkələr təşkil edir. Hazırda Ermənistan məhsullarının Avropa İttifaqı bazarlarında yeri yoxdur. Bunun üçün konkret standartların yerinə yetirilməsi tələb olunur. Avropa İttifaqına üzv olmaq yaxın illərdə reallaşacaq məsələ deyil. Bu problemlər həllini tapana qədər Ermənistan hökuməti Rusiya ilə münasibətləri pozmamağa çalışır. Ona görə də rəsmi İrəvan ehtiyatı əldən vermədən, “soyuq suyu üfürə-üfürə içmək” siyasətini davam etdirməyə məcburdur”.