Nəriman Əbdülrəhmanlı: “İsa İsmayılzadənin ailəsi tədbir keçirməyə, kitabını nəşr etməyə imkanı olmadı”
Səssiz-səmirsiz ad günü...
“Demirəm ki, 76 yaşını qeyd eləsinlər, amma heç olmasa, kiçik bir xatırlatma ola bilərdi”
Nəriman Əbdülrəhmanlı: “İsa İsmayılzadənin ailəsi tədbir keçirməyə, kitabını nəşr etməyə imkanı olmadı”
Nəriman Əbdülrəhmanlı: “İsa İsmayılzadənin ailəsi tədbir keçirməyə, kitabını nəşr etməyə imkanı olmadı”
Poeziyamızın görkəmli nümayəndələrindən biri, mərhum şair İsa İsmayılzadənin 76 illiyi tamam oldu. Zəngin yaradıcılığı olan görkəmli şair yazdığı şeirləri ilə insanı sanki fərqli bir dünyaya aparır. Poeziyamıza orijinal məzmunlu şeirləri ilə rəng qatan şairin yaradıcılıq yoluna nəzər salaraq, bir zamanlar onunla yaxın münasibətdə olan Azərbaycan nasiri və publisisti Nəriman Əbdülrəhmanlı ilə keçmişə qayıdıb xatirələrə daldıq. Şairin qeyri-adi istedadından söz açan publisist onun həm də yüksək insani xüsusiyyətlərə sahib olduğunu vurğuladı.
- İ.İsmayılzadə ilə bağlı danışsam, uzun çəkər. Çünki onu 80-ci illərin əvvəllərindən tanıyırdım. Orta məktəbdə oxuyarkən isə ilk kitablarından onun yaradıcılığına bələd idim. 70-ci illərin sonlarında tələbə vaxtı tanış olduq. İsa müəllim "Ədəbiyyat” qəzetində, "Ulduz” və "Azərbaycan” jurnalında işləyirdi və daim gedib-gəlirdik, ədəbi müzakirələr aparıb söhbətləşirdik. Həm şair kimi münasibətimiz var idi, həm də ki, bir regiondan olduğumuza görə həmişə münasibətimiz olurdu. Sonra mən universiteti bitirdikdən sonra 5 il Gürcüstanda yaşadım.
Hər dəfə gələndə İsa müəllimə baş çəkirdim. Onun könlünə yatan söhbətlər edirdik, dərdləşirdik, ədəbiyyatla bağlı, regionun problemləri ilə bağlı aramızda çox səmimi, yaxın münasibət var idi. Müstəqillik əldə olunandan sonra bir qədər maliyyə sıxıntıları yarandı. Və "Azərbaycan” jurnalı uzun müddət çıxmadı. İsa müəllim də məcbur qalaraq radioda işləməli oldu. Radioda publisistik verilişlər hazırlayırdı və bu verilişlər daha çox vətənpərvərlik mövzusunda olurdu. Baş verən hadisələrə, ermənilərin torpaq iddialarına qarşı çox həssas münasibət göstərirdi. Onun hər verilişində ağrılı-acılı münasibət olurdu.
İsa müəllimin oğlu Arazla da çox yaxın münasibətim var. Şairimizin kitabını da nəşr elətdirdim. "Mənim bu dünyaya qayıtmağım var” adlı kitabda şeirləri, onun haqqında olan yazılar və xatirələr əks olunub.
Gözlənilmədən cavan yaşında dünyadan köçdü. Mən Bakıda deyildim onda. Görkəmli şairimiz Abbas Abdullayla bir yerdə yasına getdik. Gürcüstanda Qarayazı rayonunun mərkəzində dəfn olunub. Gözəl qəbirüstü abidəsi var.
Şairin Bakıda və Gürcüstanda 75 illiyini keçirdik. Çox gözəl yubiley səfərimiz oldu. Tiflisdə Qriboyedov adına dövlət dram teatrının zalında çox gözəl tədbir oldu. Qarayazıda ailəsi ilə birgə qəbrində xatirəsini yad elədik. Amma təəssüf ki, İ.İsmayılzadənin 75 illiyi ötən il idi. Ailəsinin tədbir keçirməyə və kitabını nəşr etdirməyə imkanı olmadı və bununla bağlı Yazıçılar İttifaqında da maraqlananlar yox idi. Əgər sağ qalsaydı, bu gün 76 yaşı tamam olacaqdı. İndi də səssiz-səmirsiz olaraq yaşı üstünə yaş gəldi. Heç olmasa, şeirləri qalır. Şeirlərini elektron kitab halında internetdə yerləşdirdim. Ədəbi məclislərdə xatırlayırlar, arabir yazıları çap olunur. İsa müəllim Azərbaycan poeziyasının çox qüdrətli nümayəndələrindən biri idi. Bizim diri sözümüzü yaşadanlardan olmuşdu. Rəsmi şəkildə xatırlanmasa da, onun poeziyası, sözü və xatirələri qalacaq.
- İsa İsmayılzadə bir insan olaraq necə xarakterə malik idi?
- İnsanlara qarşı həddindən artıq həssaslığı və nəzakətli olması ilə seçilirdi. Özündən sonra gələn nəslin nümayəndələrindən soruşa bilərsiz. Nə qədər adamlara əl tutub, şeirlərini, hekayələrini çap elətdirib, kitablarının nəşrinə köməklik göstərib. O, əlindən gələn köməkliyi hamıya göstərirdi. Onun üçün regionçuluq, qohumluq əlaqələri arxa planda idi. Əsas insanların istedadına, səviyyəsinə diqqət yetirirdi. Həm də İ.İsmayılzadə mənim tanıdığım ən yaxşı redaktorlardan biri idi. Azərbaycan məkanında onun redaktorluğu ideal səviyyədə idi. "Azərbaycan” jurnalı uzun müddət, Əkrəm Əylislinin və Yusif Səmədoğlunun dövründə də İ.İsmayılzadənin redaktəsi ilə çıxırdı. Çalışırdı ki, həmişə yüksək səviyyəli əsərlər çap olunsun. Yəni, sözə qarşı, insana və insanın əxlaqına qarşı həddindən artıq həssas adam idi.
- Şairin ən çox sevdiyiniz şeiri hansıdır?
Şairin poeziyası o qədər saf, təmiz və yüksək səviyyəlidir ki... Onun əksər şeirləri dillərdə dolaşır. Ən çox sevdiyim "Yağış gölməçəsi” və "Güllələr demədi” şeirləridi.
Getdilər, getdilər Berlinə sarı,
getdilər, getdilər ölümə sarı.
Güllələr demədi: geri qayıdın.
Lülələr demədi: geri qayıdın,
qəlpələr demədi: geri qayıdın,
hələ uşaqsınız, nə yaşınız var...
Bu şeirini ovaxtkı nəslin az qala hamısı əzbər bilirdi. Həmişə fikrimdə "Yenidən dünyaya qayıtmağım var” adlı şeiri keçir. Bu şeirin onun çox böyük uzaqgörənliyi ilə yazdığı şeirdir və həmişə elə bir gün olmur ki, bu misra mənim beynimdən keçməsin.
- Şair yaradıcılığında daha çox nə ilə seçilirdi. Poeziyasının spesifik xüsusiyyətləri nə idi?
- Birincisi, İ.İsmayılzadə çox orijinal idi. Öz nəfəsi, ifadə tərzi var idi. Şeirləri orijinal deyimlər və orijinal təffəkürdən doğulmuşdu. Vaxtilə 60-cı illərdə böyük klassikimiz Süleyman Rüstəm şairi "Yağış gölməçəsi” şeirinə görə tənqid edirdi. Mərhumun üstünə düşmüşdü ki, "Sərçələrin hamamı nədir? Sərçənin hamamı olarmı? Bu necə müşahidədir?”. Buna baxmayaraq o, son dərəcə gözəl şair idi. Hətta onu Tofiq Abdinlə birgə Azərbaycan ədəbiyyatına yad olan ifadə tərzi gətirən
adlandırırdılar. Tarix və zaman sübut elədi ki, İsanın poeziyası diridi və diri olacaq. Baxmayaraq ki, son kitabı 20 il əvvəl çap olunub. Hətta kiril qrafikasından latın qrafikasına keçid vaxtı dövlətin hesabına 250 cildlik kitablar buraxılırdı. İ.İsmayılzadənin kitabı o siyahıya belə salınmadı. Şairin xatırlanması ancaq kitabı ilə, sözünü yaşatmaqla olar. Kitabından da son olaraq cəmi 1-2 nüsxə qalıb, biri məndədir. Az tirajla - cəmi 200 tirajla çap olunmuşdu. Bu qədər müddət ərzində şairin kitabının çıxmaması və xatirəsinin yad edilməməsi xoşagələn deyil”.
- Feysbukdakı statusunuzda şairin şəkli altında "səssiz-səmirsiz” yazmısız. Bu ifadə diqqətimizi cəlb elədi. Sizcə, şairimizin yad edilməməsi ilə bağlı biganəlik nədən qaynaqlana bilər?
- Demirəm ki, 76 yaşını qeyd eləsinlər, amma heç olmasa, kiçik bir xatırlatma ola bilərdi. Yazıçılar İttifaqında hələ 90-cı illərin əvvəllərindən "İsa İsmayılzadə adına mükafat” təsis olunmuşdu. Yazıçılar İttifaqının mərhum katibi Arif Əmrahoğlu ilə bir yerdə həmin mükafatı təklif eləmişdik və qəbul edilmişdi. O mükafat cəmi bir dəfə verildi. Ondan sonra mükafatdan heç bir səs çıxmadı. Maddi mükafat olmasa da, mənəvi mükafat kimi hər il İsa müəllimin anım və ya doğum günündə təqdim olunması onun xatirəsinə hörmət olardı. Ancaq təəssüf ki, olmadı. Daha sonra Yazıçılar İttifaqında İ.İsmayılzadənin yaradıcılığı ilə bağlı komissiya yaradılmışdı və mən də bu komissiyanın katibi idim. Kitabını hazırladıq, lakin çap edilmədi. Həmin komissiya öz işini yerinə yetirə bilmədi. Bütün bunlar da yəqin onun Yazıçılar İttifaqının rəsmi siyahısında olmayan söz adamı olduğu üçündür.
Yeganə Bayramova