Ekspertlər bu dəyişikliyi daha çox saxta profillərin silinməsi ilə əlaqələndirir
Sevinək, sevinməyək?
Azərbaycanda “facebook” istifadəçilərinin sayı azalıb
Ekspertlər bu dəyişikliyi daha çox saxta profillərin silinməsi ilə əlaqələndirir
Ekspertlər bu dəyişikliyi daha çox saxta profillərin silinməsi ilə əlaqələndirir
Osman Gündüz: "Bir adamın 40 profili var idi. Belə olan halda sosial
şəbəkə istifadəçilərinin sayı süni surətdə artırdı”
Tural İsmayılov: "”Tvitter” və "instaqram”la tanışlıq ola bilsin
"facebook”a marağı azaltdı”
Aqşin Yenisey: "Bu şəbəkələr beynəlxalq güclər tərəfindən dünyada idarə olunan kommunikativ xaos yaratmaq və imperativ maraqları həyata keçirmək məqsədi ilə yaradılıb”
Azərbaycanda "facebook” sosial şəbəkəsinin istifadəçilərinin fəallığı 2015-ci ilin yanvar-iyun aylarında 5,3 faiz aşağı düşüb. Bu barədə "Global Stats” statistika mərkəzinə istinadən məlumat verilib. "Facebook”un Azərbaycan bazarında iyunun sonuna olan payı 83 faiz təşkil edib ki, bu da ötən ilin analoji dövr göstəricisindən 77,1 faiz çoxdur.
Məsələ ilə bağlı Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz "azvision.az”-a bildirib ki, "facebook” sosial şəbəkəsindən istifadə edənlərin sayının azalması yalnız saxta profillərin, aktiv olmayan istifadəçilərin səhifədən təmizlənməsi ilə əlaqədar ola bilər: "Lakin bu, "facebook” istifadəçilərinin sayının azalması anlamına gəlmir. Sosial şəbəkələrdə saxta profillər var idi. Bir adamın 40 profili var idi. Belə olan halda sosial şəbəkə istifadəçilərinin sayı süni surətdə artırdı. Bir müddət əvvəl "facebook” özünün səhifəsində qeyd etmişdi ki, aktiv olmayan
istifadəçilərin, səhifələrin profilləri silinəcək. Yəni 150 min izləyicisi olan bir səhifə var. Halbuki, bu səhifənin heç də 150 min izləyicisi də yoxdur. Realda isə "facebook” istifadəçilərinin sayının azalması müşahidə olunmur”.
Məsələyə münasibət bildirən Gənc fəal Tural İsmayılov deyib ki, sosial şəbəkələr arasında rəqabət müəyyən sayda istifadəçi itirilməsi ilə nəticələnə bilir: "Bəzən digər sosial şəbəkənin istifadəçi kontingenti başqa sosial şəbəkəyə üzv olur. Məsələn, Türkiyədə əvvəllər "tvitter” istifadəçilərinin sayı "facebook”a nəzərən daha az idi. Son illərdə isə bu tendensiyada bir qədər fərqlilik oldu, 6 ildir "tvitter” Türkiyədə liderdir... Amerika əhalisindən sonra ən çox "tvitter” hesabı olan əhali Türkiyə əhalisidir. Azərbaycanda da "facebook” ilk dəfə sosial şəbəkə meydanında şəriksiz idi. Sonralar "tvitter” və "instaqram”la tanışlıq ola bilsin "facebook”a marağı azaltdı. Məncə necə ki, Türkiyədə atılan hər Tvit ictimai yük qazana bilir, bizdə də bəzən bir "facebook” statusu medianın və ictimaiyyətin diqqətinə səbəb olur. "Facebook”un həm vətəndaş jurnalistikası, həm də ictimai ünsiyyət baxımdan əvəzolunmaz olduğunu düşündüyüm üçün, facebook istifadəçilərinin sayındakı azalmanı ciddi bir itki hesab etmirəm. Onsuz da, facebookda təsadüfi qeydiyyatdan keçən, fake profillər açan, buranı çat mexanizmində görən adamların ələnməsi və profillərini bağlaması, əksinə bir qədər xeyirlidir. Çünki "facebook”un internet dünyasında öz ciddi çəkisinin qorunmasını hər zaman önəmli hesab edirəm. İnstaqram da məşhurdur bizim ölkədə, ancaq "facebook” qədər təsiri olduğunu zənn etmirəm. Gələcəkdə facebookun Azərbaycanda nümayəndəliyinin açılmasını istərdim və facebookdakı üzv sayının azalmasını ciddiləşdirmirəm”.
Gənc yazar Aqşin Yenisey isə bildirib ki, ümumiyyətlə, sosial şəbəkələr heç də sosial-mədəni inqilabın nəticəsi kimi yox, hərbi-siyasi proyekt kimi düşünülüb: "Bu şəbəkələr beynəlxalq güclər tərəfindən dünyada idarə olunan kommunikativ xaos yaratmaq və imperativ maraqları həyata keçirmək məqsədi ilə yaradılıb. Bu gün bizim hamımızı sosial atmosferin infogen qatında yaşayan yeni növ varlıqlara "homoinformatikus”lara çeviriblər. Biz öz fərdi şüurumuzu, yanaşmalarımızı, nəticələrimizi real dünyada qoyub, bizim üçün yaradılmış daha asan dünyaya köçmüşük. Bu gün bütün dünyada intellektuallar sosial şəbəkələrin insanların düşünmək bacarığı üçün törətdiyi təhlükələrdən danışırlar. Azərbaycanda sosial şəbəkələrdən imtina edənlərin əksəriyyəti müstəqil düşünə bilən adamlardır. Kütləvi şəbəkələşməyə nifrət Avropada II Dünya müharibəsindən sonra vüsət alıb. Məsələn, bu gün heç bir Avropa yazıçısı XIX əsrdə olduğu kimi ictimai roman yazmır. Hətta bu günkü romanlar belə bir-iki obrazın həndəvərində cərəyan edir. Bu gün sosial şəbəkələr daha çox terror təşkilatlarının, muzdlu inqilabların, milli şüurların məhv olunma mexanizmlərini həyata keçirmək üçün istifadə olunur.
İnsanların bu şəbəkələrdən imtina edib real dünyaya qayıtması, ən azı, dezinformasiya yaradıcılarının, daşıyıcı və ötürücülərinin azalmasına səbəb olacaq ki, bu da cəmiyyətin kütləvi nevroz halının mülayimləşməsinə gətirib çıxaracaq”.
Vüqar Şahinoğlu