
“Seymur Baycan psixdir, ya da ki, düşmən...”
Ziya Əsədov: “Bəxtiyar Vahabzadə özü bu həyatda yoxdursa, ömrü boyu xidmət etdiyi Azərbaycan xalqı onu müdafiə etməlidir, qohumu, kürəkəni yox”Mirvari Qəhrəmanlı: “Bəxtiyar Vahabzadənin kürəkəni çox haqlı olaraq əlini mundarlamayıb”

Əsəd Cahangir: "Onlar məhz gündəmdə qalmaq, medianın diqqətini cəlb etmək üçün bu yola əl atırlar”

Yazar Seymur Baycanın Xalq şairi Bəxtiyar Vahabzadə haqqında dediyi xoşagəlməz sözlər şairin qohumları və ictimaiyyət arasında etiraz doğurub. B.Vahabzadəni çox məzmunsuz, savadsız, poeziyaya dəxli olmayan adam adlandıran yazara görə, o cür adam ən uzağı "Zəngəzur” şadlıq evində tamada olmalı idi.
S.Baycanın sözlərinə görə, Vahabzadəni sovet hökuməti şişirdib böyük şair, ictimai xadim kimi millətə soxuşdurub. Əslində isə Bəxtiyar Vahabzadə zövqsüzlüyün, mənasızlığın və boşluğun göstəricisidir.
Yazarın bu sözlərinə reaksiya verən Xalq şairi Bəxtiyar Vahabzadənin kürəkəni, 5 saylı xəstəxananın baş həkimi Ziya Əsədov deyib ki, Seymur Baycan yəqin ki, psixdir, ya da Azərbaycan xalqının düşməni. Onun sözlərinə görə, Seymur Baycan bununla gündəmdə qalmaq istəyir: "Elə yazı var ki, onu yazdırırlar, elə yazı da var ki, arxasında başqası durur, başqasının fikrini çatdırır. Amma burdan görünür ki, bu adam psixdir, özü-özünü inkar edən yazı yazıb. Elə adamlar var ki, böyük adamlara sataşmaqla məşhurlaşmağa çalışırlar. Deyərdim ki, bunu ermənilər yazdırıb, inanmıram. Deyərdim ki, MTN tərəfindən yazdırılıb, inanmıram. Deyərdim ki, Bəxtiyar Vahabzadəni düşmən hesab edənlər yazdırıb, buna da inanmıram. Demokratik dövlətik, respublikayıq, Seymur Baycanın öz fikrini bildirib vicdansızlıq etməyinə dəyməz. Bəxtiyar Vahabzadənin hansısa şeirini bəyənməmək olar, hansısa səhvini demək olar. Amma Bəxtiyar Vahabzadənin vətənpərvər ağsaqqal, ədalətli, haqqın tərəfində duran insan olduğunu danmaq olmaz. Seymur bilər, Allahı bilər!”
Daha sonra Ziya Əsədov Seymur Baycanı psixoloji yoxlamadan keçirməyin lazım olduğunu vurğulayıb: "Elə adamlar var ki, məsələn, qırmızı rəngli qələmi göstərirsən və qırmızı olub-olmadığını soruşursan, yox cavabı verir. Boğazından yapışıb boğursan ki, ay kişi bu qırmızıdır, boğulsa da qırmızı deyil deyir. Ayağının altına salıb burnunu, ağzını əzirsən, ölümcül hala düşəndə cavab verir ki, niyə məni öldürürsən, guya mən bunun qırmızı olduğunu bilmirəm?! Mən cavan olsaydım bu saat gedib onun ünvanının tapıb döyərdim. Ancaq əgər Bəxtiyar Vahabzadə özü bu həyatda yoxdursa, ömrü boyu xidmət etdiyi Azərbaycan xalqı onu müdafiə etməlidir, qohumu, kürəkəni yox. Və inanıram ki, Azərbaycan milləti də onu müdafiə edəcək”.
Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı isə hesab edir ki, Bəxtiyar Vahabzadənin kürəkəni çox haqlı olaraq əlini mundarlamayıb. Əslində heç dəyməz də! Bəzən insanlar görkəmli, xalq tərəfindən sevilən şəxsiyyətlərə dil uzadaraq onların vasitəsilə gündəmə gəlmək istəyirlər: "Bəxtiyar Vahabzadə bu torpağın yetişdirdiyi böyük şairlərdən biridir. Bəxtiyar Vahabzadə bizim tariximiz, keçmişimizdir. Biz hər birimiz onun əsərlərini sevə-sevə oxumuşuq. Həmişə fəxr etmişik ki, bizim belə bir şairimiz olub. Çox az adam ola bilər ki, Bəxtiyar yaradıcılığını oxumasın, sevməsin. Seymur Baycan kimilərinin dahi şair haqqında bu cür xoşagəlməz ifadələr işlətməsi heç nə ifadə etmir. Bəxtiyar Vahabzadəni duymaq, onu qavramaq üçün Seymur Baycanın istedadı yoxdursa, bu onun problemidir. Amma o cür şair haqqında tənqidi fikir səsləndirməzdən əvvəl onun yaradıcılığının ən azından onda bir faizinə sahib olmaq lazımdır. İndiki halda Bəxtiyar Vahabzadə adı Seymur Baycanın ağzına yerləşmir. Yaxşı olar ki, öz səviyyələri ilə başqalarının səviyyələrini müqayisə etsinlər”.
Azərbaycan ədəbiyyatında və tarixində iz qoymuş insanlar haqqında təhqiredici fikirlər səsləndirilməsinin əleyhinə olduğunu vurğulayan hüquq müdafiəçisi deyib ki, bu məsələlərdə insanlar bir az ehtiyatlı olsun: "Ən azı gərək Bəxtiyar Vahabzadə səviyyəsində insan olasan ki, onu təhlil edə biləsən. Bəxtiyar Vahabzadə mənim ən çox sevdiyim şairlərdən biridir. O həmişə elinə, millətinə, vətəninə bağlı olub. Onun Azərbaycan haqqında şeirlərini oxuyanda adamın bütün tükləri ayağa qalxır. Hər kəlməsi, hər sözü ilə xalqına bağlı olduğunu sübut edir. Bəxtiyar Vahabzadənin Milli Azadlıq Hərəkatındakı rolu danılmazdır. Xalqın müstəqilliyi üçün min bir əziyyətlərdən keçən insana dil uzatmaq ən böyük ədalətsizlikdir. Amma "yel qayadan heç nə aparmır” və ya "el gözü tərəzidir”. Hamı Bəxtiyar Vahabzadənin də, Seymur Baycanın da kim olduğunu çox gözəl bilir”.
Ədəbi tənqidçi Əsəd Cahangir isə gənc yazarların görkəmli müəlliflər haqqında tənqidi fikirlər yazmasını özlərini reklam məqsədi daşıdığını vurğulayıb. Bir müddət əvvəl də Kəramət Böyükçölün eyni addımı atdığını deyən tənqidçinin sözlərinə görə, ədəbiyyatda istedadı olmayan, uğur qazanmayan və heç bir müvəffəqiyyət əldə edə bilməyəcəyini başa düşən adamlar vaxtı ilə uğur qazanmış və hələ də qazanan adamlara "daş” atmağa başlayırlar ki, mən də varam!. "Hesab edirəm ki, bu cür adamların sözünə əhəmiyyət vermək lazım da deyil. Mən ötən dəfə də demişdim ki, onlar məhz gündəmdə qalmaq, medianın diqqətini cəlb etmək üçün bu yola əl atırlar. Seymur Baycanın nə dediyi mənim üçün maraqlı deyil, çünki niyyətini bilirəm. Guya ki, gündəm yaradır. Görkəmli insanları bəyənməyib onların fəaliyyətini tənqid edən insanlarla bağlı Səməd Vurğunun "Vaqif” pyesində çox gözəl bir ifadə var: "Ağılsız köpəklər ulduza hürər”. Bir də məşhur şeirdə deyildiyi kimi: "Nə ağılsızmış səndə olan baş, Neylər, qartala qarğa atan daş!” Bəxtiyar Vahabzadəyə qiymət verən insanın, heç olmasa, onun dırnağı qədər savadı olmalıdır”.
Şəymən