Azərbaycanda məzhəblərarası ayrı-seçkiliyi qızışdırmağa çalışanlar var
Bu necə ola bilər ki, eni-uzunu 500 km.olan Azərbaycanda hansısa bölgədə bayram bir gündə qeyd edilsin, başqa bölgədə fərqli gündə
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə dini təqvimlər məsələsinə yenidən və daha sərt şəkildə toxunub. Şeyxülislam bildirib ki, QMİ-nin təqvimindən kənara çıxmaq, ayrı təqvim nəşr edib, ona riayət edənlər məzhəb ayrı-seçkiliyi salmış hesab ediləcək və buna görə cinayət məsuliyyəti daşıyacaq.
QMİ sədri deyib ki, idarənin nəşr etdiyi dini təqvim bu il 1 illik yox, ilyarımlıq buraxılıb. Səbəb isə növbəti dini təqvimi gələn ilin yanvarından etibarən nəşr etməkdir: "İndiyə qədər biz dini təqvimləri Məhərrəm ayından növbəti Məhərrəm ayına qədər olan dövr üçün hazırlayırdıq. Amma bizim dövlət dünyəvidir və rəsmi təqvim yanvar ayından başlayır. Biz də rəsmi təqvimdən fərqlilik yaratmamaq üçün növbəti təqvimləri yanvardan başlamaqla nəşr edəcəyik. Bizim nəşr etdiyimiz dini təqvim bütün məzhəblər üçün nəzərdə tutulub və vahid təqvimdir. Kim bundan kənara çıxacaqsa, məzhəb ayrı-seçkiliyi salmış hesab olunacaq. Bu isə cinayət məsuliyyəti yaradır və dini təxribatdır”.
Politoloq Cümşüd Nuriyev "Şərq”ə açıqlamasında QMİ sədrinin düzgün mövqe nümayiş etdirdiyini bildirdi:
- Bu, çox düzgün fikirdir. Nəzərə alsaq ki, Azərbaycanda ümumxalq səsverməsi - referendum baş tutdu və Referendum Aktında dini ayrı-seçkiliyin salınması, müxtəlif birliklərlə bağlı da maddələr səsverməyə çıxarılmışdı, bu mənada Şeyxin mövqeyi tamamilə düzgündür və günümüzlə səsləşir. Azərbaycanda sünni-şiə problemi heç vaxt olmayıb, yoxdur. Amma məzhəblərarası ayrı-seçkiliyi qızışdırmağa çalışanlar var. Türkiyə təsiri ilə sünnilik təriqətini, İranın təsiri ilə şiəliyi təbliğ etməyə, yaymağa çalışırlar. Ayrı-seçkiliyə bu cəhdlər, qızışdırıcılıq da, nəticədə dini bayramların qeyd edilməsində, hətta namaz vaxtlarında da müxtəlifliyə gətirib çıxarır. Bu necə ola bilər ki, eni-uzunu 500 km.olan Azərbaycanda hansısa bölgədə bayram bir gündə qeyd edilsin, başqa bölgədə fərqli gündə. Yaxud namaz vaxtlarında bu qədər böyük fərqlər olsun. QMİ-nin tərtib etdiyi cədvəldə bölgələr üzrə namaz vaxtlarında dəqiqə fərqləri göstərilir. Amma mümkün deyil ki, Azərbaycanda bölgələr arasında saat fərqi olsun. Hətta məscidlərdə də ayrı-seçkiliyə cəhdlər edilir. Sünni təriqətinə mənsub dindarların getdiyi məscidə şiələr getmir, şiələrin məscidinə sünnilər. Belə hallar dini təxribatlara yol açır. Ümumiyyətlə, ölkə daxilində şəriət qanunları eyni olmalıdır. Məsələn, şimal bölgəsində ölüləri vəhhabi təriqəti üsulu ilə dəfn edirlər. Şirvanda 40 mərasimindən sonra 52 gün keçirirlər. Salyanda "3”, "7” yox, "4” verirlər. Bu nə deməkdir?! "Qurani-Kərim”dən irəli gələn nədirsə, ona əməl edilməlidir. Görün, iş nə yerə çatır ki, bəziləri "Qurani-Kərim”in Məhəmməd peyğəmbər s.ə.s. tərəfindən yazıldığını iddia etməyə başlayır. Bilirsiz, bu artıq, Azərbaycanda Allahsızlıq mühiti yaratmağa yönəlib. Bu, dövlət maraqlarına da, milli maraqlara da ziddir, ümumilikdə dəyərlər sistemimizə bir təhlükədir.
C.Nuriyev qeyd etdi ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsində separatçılıq və dini qarşıdurma yaratmaqla bağlı konkret cinayət məsuliyyəti nəzərdə tutulur:
- Şeyxülislam deyirsə ki, məzhəb ayrı-seçkiliyi cinayət məsuliyyəti yaradır, məhz bu nəzərdə tutulur. Azərbaycan Konstitusiyasının 19-cu maddəsinə görə separatçılıq, dini qarşıdurma yaratmaq qadağandır. Və buna görə konkret cinayət məsuliyyəti var. Dini ayrı-seçkilik birbaşa separatçılığa yol açır, separatizm yaradır. Azərbaycanda din dövlətdən ayrıdır. Amma dövlətə qarşı təhlükə varsa, Azərbaycan hüquq-mühafizə sisteminin müdaxiləsi artıq vacib olur. Belə hesab edirəm ki, bundan sonra dini ayrı-seçkiliyə cəhdlər aşkarlandıqda, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi xətti ilə hüquq-mühafizə orqanlarına müraciət ediləcək və lazımi ölçü götürüləcək. Azərbaycanda istər dini, istərsə də milli separatizm yolverilməzdir və hüquq-mühafizə orqanları da bunun qarşısını almalıdır.
Məlahət Rzayeva