Elşad Miri: “İdarəni hansısa məzhəbin təşkilatına deyil, bütün insanları qucaqlaya bilən, elmi tədbirlər keçirən bir quruma çevirmək lazımdır”
Şeyxülislamlıq institutu kökündən dəyişilməlidir
Fazil Mustafa: “Daha keyfiyyətli kadrlarla dini sferada baş verən neqativ prosesləri ortadan qaldırmaq mümkündür”
Elşad Miri: “İdarəni hansısa məzhəbin təşkilatına deyil, bütün insanları qucaqlaya bilən, elmi tədbirlər keçirən bir quruma çevirmək lazımdır”
Elşad Miri: “İdarəni hansısa məzhəbin təşkilatına deyil, bütün insanları qucaqlaya bilən, elmi tədbirlər keçirən bir quruma çevirmək lazımdır”
"Qafqaz Müsəlmanları İdarəsində səviyyəli kadrların yer almasına şərait yaradılmalıdır”. Bunu Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafa mətbuata açıqlamasında deyib. Deputat bəyan edib ki, Şeyxülislam Allahşükür Paşazadənin kifayət qədər nüfuzu, dini proseslərə təsir etmək imkanları var.
Amma Şeyxdən sonra çevrəsində olanların içində savadlı, qabiliyyətli adamlar azdır. Məsələnin təfərrüatları ilə bağlı "Şərq”ə danışan millət vəkili Fazil Mustafa bildirib ki, peşəkarlıq baxımından dindarların problemlərini bilən və buna cavab verən hazırlıqlı kadrlara ciddi ehtiyac var: "Belə kadrların qıtlığı hiss olunur. Bunun təmin olunması indiki vəziyyətdə Qafqaz Müsəlmanları İdarəsinin ləğv edilməsindən daha aktualdır. Hesab edirəm ki, belə olarsa, daha keyfiyyətli kadrlarla dini sferada baş verən neqativ prosesləri ortadan qaldırmaq mümkündür”.
F.Mustafanın sözlərinə görə, onsuz da Azərbaycanda savadlı dini kadr problemi var. Üstəlik, məhdudlaşdırıcı addımlarla problemi daha da qəlizləşdirirlər: "Xaricdə dini təhsil alan şəxslərin ölkədə fəaliyyətinin məhdudlaşdırılması, ayin mərasimlərinin icrasında rollarının azaldılması ilə bağlı atılan addımlar prosesə neqativ təsir göstərəcək. Əgər özümüz dini kadr yetişdirə bilmiriksə, heç olmasa, xaricdə dini təhsil alanların proseslərdə aktiv rol almasına şərait yaradılmalıdır. Cəmiyyətdə az da olsa, hazırlıqlı, dini problemləri dərindən bilən insanlar var. Amma onlar önə çəkilmir, ictimaiyyətə təqdim olunmur. Çox vaxt qabiliyyətsiz adamlar sədaqət və başqa prinsiplərə görə daha öndə olurlar. Nəticədə dini proseslər zərərli məcrada inkişaf edəndə ona təsir göstərmək mümkün olmur. Savadlı dini kadrların televiziyada və digər mətbu orqanlarda daha aktiv rol oynaması Azərbaycan cəmiyyətində yanlış din anlayışını minimuma endirər. Daha sağlam din anlayışı inkişaf edər”. Deputat bildirib ki, ayrıca dini ocağa ehtiyac yoxdur. Mövcud strukturların içində anlayış dəyişikliyi ilə problemi həll etmək mümkündür: "Din elə bir sahədir ki, burada təkcə ehkamları əzbərləyən ruhanilər yetişdirilmir. Burada həmçinin, fəlsəfi baxışı olan insanlar da formalaşır. Fəlsəfi anlayışı olan şəxslər cəmiyyətdə gedən neqativ prosesləri təhlil etmək qabiliyyətinə sahib olurlar. Ona görə də xaricdə təhsil alanların içərisindən daha keyfiyyətli kadrları seçərək dini proseslərə cəlb etmək vacibdir”.
Məsələni şərh edən ilahiyyatçı-alim Elşad Miri də vurğulayıb ki, QMİ ilə bağlı üç məsələ gündəmdədir. Qurum ya ümumiyyətlə ləğv edilməli, ya idarənin bütün səlahiyyətləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə verilməli, ya da təşkilatda ciddi islahatlar həyata keçirilməlidir: "Dini Komitə dövlətin dini siyasətini həyata keçirməyə çalışır. Amma bir çox məsələlərdə QMİ bu siyasətə əngəllər yaradır. Məsələn, ehsan məsələsində biz bunun şahidi olduq. Təəssüflər olsun ki, insanların xeyrinə ola biləcək bir prosesi QMİ israrla insanların zərərinə davam etdirdi. Axı QMİ-də necə islahat aparmaq olar? Həmin qurum konkret olaraq müəyyən bir məzhəbin davamçısı kimi çıxış edir. Şəxsən idarənin başında duran şəxs dəfələrlə bəyan edib ki, o, İranın ali dini liderini özünə rəhbər bilir. Etirafı sübut edən video-görüntülər də var. Bunu görən ölkə dindarları Şeyxi özlərinə necə lider bilsinlər? Bu günə kimi Şeyxin hər hansı məsələ ilə bağlı xütbəsinə, moizəsinə rast gəlməmişik. O, ancaq siyasi açıqlamalar verməklə məşğuldur”. İlahiyyatçı deyib ki, Dini Komitə məscidlərə imam təyin edə bilmir. Bu qurum sadəcə dini icmalarla məşğul olur: "Sanki bu məsələdə fərqli mövqeyə sahib olan iki cəbhə mövcuddur. Fikrimcə, Türkiyədəki format bizdə də həyata keçirilsə, yaxşı olar. Türkiyədə Diyanət İşləri Başqanlığı baş nazirliyə bağlıdır və orada imamlar dövlət məmuru kimi büdcədən maaş alırlar. Ona görə də din xadimlərinin fəaliyyətinə bir nöqtədən ciddi nəzarət etmək mümkün olur. Lakin əfsuslar olsun ki, Azərbaycanda vəziyyət başqa cürdür. 30 ildir QMİ-nin rəhbərliyində çalışan şəxslər elə otuz il əvvəlki dünya görüşlərini, həyat tərzlərini eyniylə idarəyə sirayət etdiriblər. Yəni QMİ öz rəhbərləri ilə bərabər qocalıb. Hesab edirəm ki, bu idarədə çox ciddi dəyişikliyə ehtiyac var. İdarəni hansısa məzhəbin təşkilatına deyil, bütün insanları qucaqlaya bilən, elmi tədbirlər keçirən bir quruma çevirmək lazımdır”. E.Miri dini təhsil məsələsinə də münasibət bildirib: "Bu sahədə iki qurum fəaliyyət göstərir. Biri BDU-nun ilahiyyat fakültəsi, digəri isə İslam Universitetidir. İslam Universiteti faktiki olaraq Azərbaycandakı din xadimi anlayışına uyğun olan kadrlar yetişdirir. Yəni mollanın bir üst səviyyəsi olan axund hazırlayır. Onlar yas məclislərini yola verirlər. Sadəcə olaraq universitet bitirdiklərinə görə daha çox "pula gedirlər”. BDU-dakı ilahiyyat fakültəsində isə din elmi şəkildə öyrədilir. Ən azından buna cəhd edilir. Amma problemi kökündən həll etmək üçün orta məktəblərdə fakültativ də olsa, dini biliklərin öyrədilməsi daha məqsədəuyğun olardı”.
İsmayıl