“Sifarişçini mütləq tapmaq lazımdır”

Sülhəddin Əkbər: “Ankaradakı terror müharibəyə səbəb ola biləcək hadisədir”



"Ankaradakı partlayış Türkiyəyə assimetrik hücum kimi qiymətləndirilməlidir”. Bunu qardaş ölkədə baş verən terror aktı ilə bağlı "Şərq”ə danışan keçmiş MTN-çi, tanınmış politoloq Sülhəddin Əkbər deyib. Hadisə ilə əlaqədar suallarımızı cavablandıran siyasi ekspert bildirib ki, baş verənləri analiz etmək çox mürəkkəbdir. Çünki hadisənin həddindən artıq çox parametrləri var...

- Dəhşətli terror aktı ilə bağlı müxtəlif versiyalar gündəmə gətirilir. Hadisənin təfərrüatı barədə nə düşünürsüz?

- Məsələyə konkret cavab vermək üçün baş vermiş terror aktı bütün tərəfləri ilə araşdırılmalıdır. Terrorun sifarişçisi kimdir, planlayanı, təşkilatçısı kimdir, dəqiq bilinməlidir. Düzdür, icraçının kimliyi bəllidir. Amma daha üst səviyyələrdə nəticələrə çatmaq üçün istintaq dərinləşdirilməlidir. Düzdür, indiki halda Türkiyənin Suriyaya müdaxiləsində maraqlı olan qüvvələr var. Amma əksər qüvvələr bunda maraqlı deyillər. Yəni hər tərəf öz marağına uyğun Türkiyənin hərəkət etməsini istəyir. Əslində baş verən terror müharibəyə səbəb ola biləcək bir hadisədir. Bu baxımdan hadisənin sifarişçisini müəyyən etmək çox mühümdür.

- Hesab edilir ki, partlayışı törədənlər Türkiyə hökumətinə ciddi mesaj vermək istəyiblər. Bununla bağlı fikriniz nədir?

- Ən ciddi fikir bundan ibarətdir ki, hadisənin Türkiyə Silahlı Qüvvələrinin baş qərargahı yaxınlığında, xüsusən də Hava Qüvvələri Komandanlığının yanında baş verməsi birbaşa türk ordusuna verilmiş bir mesajdır. Əslində, partlayış üzərindən uzaq gedən çoxlu versiyalar ortaya atmaq olar. Amma bu nəticələrin hamısı spekulyasiyadan o tərəfə keçməyəcək. Mən də bir çox variant irəli sürə bilərəm. Lakin ortaya atılan versiyalar oxucuda aydınlıq yox, əksinə, bilgi kirliyi yaradacaq. Hələlik istintaqın mətbuata sızan məlumatı ondan ibarətdir ki, terroru törədən Saleh Nəccar adlı şəxs YPG üzvüdür və Bəşər Əsədin "Əmnül Əskər” deyilən hərbi kəşfiyyat xidmətinə yaxındır. Həmçinin, müəyyən olunub ki, terrorun törədilməsində PKK-YPG iş birliyi var. Bu iş birliyi Suriyanın hərbi kəşfiyyatına qədər uzanır. Amma orada qurtarırmı, yoxsa ordan da harasa uzanır, bunu artıq istintaqın nəticələri müəyyən edəcək.

- Ərdoğan hakimiyyəti də terror hadisəsində ittiham olunur. Hətta iddia edirlər ki, AKP hökuməti özü bu hadisəni törədib. Bu cür versiyanın reallıq payı varmı?

- Bu, spekulyasiyadır. Heç bir hakimiyyət özünü nüfuzdan salacaq, ciddi nəticələrə səbəb olacaq və bu cür ağır töhmət altında buraxacaq hadisəyə getməz. Belə əsassız iddiaların ortaya atılması ya cahillikdən və nadanlıqdan, ya da siyasi qərəzdən irəli gəlir.

- Xəbər yayıldı ki, Türkiyə MİT-i bir müddət əvvəl ölkə rəhbərliyini terror riski ilə bağlı xəbərdar edib, onlara məlumat verib. Hadisəni önləmək nə dərəcədə mümkün idi?

- İnformasiyalar ola bilər. Amma təhlükəsizlik orqanlarında çalışanlar yaxşı bilirlər ki, belə informasiyaların dərhal təhlükəsizlik qurumları tərəfindən önlənməsi elə də asan deyil. Məsələn, sabah məlumat daxil olar ki, Azərbaycana bir qrup gəlib və onlar hansısa obyektə qarşı terror planlaşdırır. Əgər bunun kim tərəfindən, nə vaxt, hansı formada və vasitələrlə ediləcəyi bəlli deyilsə, hadisənin qarşısını almaq mümkün deyil. Məncə, burada MHP başqan yardımçısı Ümid Özdağın məsələni qiymətləndirməsi daha düzgündür. Yəni strateji kəşfiyyatda məlumat olub. Bu sahədə çatışmazlıq yoxdur. Əsas məsələ strateji kəşfiyyatın aktiv şəkildə qiymətləndirilməməsidir. Problem burda ola bilər. Prosesin sonuna çatmadan kimlərisə ittiham etmək düzgün yanaşma deyil.

- ABŞ-ın terrorla suçlanan YPG-ni müdafiə etməsi Ankara-Vaşinqton münasibətlərinə necə təsir edəcək?

- ABŞ tərəfdən verilən son açıqlamaya görə, onlar nə konkret YPG-ni günahlandırır, nə də onu müdafiə edirlər. Əslində bu cür bəyanatın özü Ağ Evin əvvəlki mövqeyindən yarım addım geri çəkilməsi deməkdir. Əgər istintaq sonunda partlayışı törədən qüvvənin YPG olduğu tam təsdiq olunarsa, ABŞ israrlı mövqeyindən vaz keçəcək. Əks halda, Vaşinqton müttəfiqi Türkiyə ilə ciddi problemlər yaşamalı olacaq.

İsmayıl