Silaha sarılaq: Azərbaycana müharibədən başqa yol qoymadılar
Rusiya tərəfinin Qarabağ açıqlaması Kerrinin mövqeyi ilə üst-üstə düşür
Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədi ilə təsis olunmuş Minsk Qrupunun həmsədrləri problemin nizamlanması prosesindən qaçırlar. Məsələ ilə bağlı ilk məyusedici açıqlama həmsədr, ABŞ-ın dövlət katibi Con Kerridən gəldi. Kerri münaqişənin həllinin hazırda mümkünsüz olduğunu iddia etdi və problemi tərəflərin üzərinə atdı.
İkinci arzuolunmaz açıqlama isə birbaşa işğalçı ölkəyə təsir imkanlarına malik olan, aprel döyüşlərindən sonra diplomatik "drijorluq” edən Rusiyadan, Prezident Putinin köməkçisi Yuri Uşakovdan gəldi. Uşakov da münaqişənin həllini hazırda mümkünsüz hesab edərək, yay aylarında Rusiyanın irəli sürdüyü "Kazan” və "Lavrov” planlarına son nöqtəni qoymuş oldu. Ekspertlərə görə, növbəti açıqlama Fransadan gələ bilər. Çox güman ki, Fransa rəhbərliyi Azərbaycan və Ermənistan prezidentlərini Parisə birgə görüşə dəvət etsin. Amma Fransanın Minsk Qrupunda mövqeyi aydındı, həmçinin, erməni lobbisinin təsiri altında olan bu dövlət ermənilərlə və Qarabağdakı separatçılarla sıx təmasdadır. Ona görə də Fransadan ədalətli mövqe gözləməyə dəyməz. Əksəriyyət hesab edir ki, Qarabağ münaqişəsində, təsir rıçaqlarına malik iki ölkə - Rusiya və ABŞ mühüm rol oynayır. Vurğulayaq ki, ABŞ və Rusiya tərəfinin məlum açıqlamasından sonra həmsədrlərin regiona səfərləri mənasız və müzakirə olunmayacaq qədər uğursuzdur. Azərbaycan artıq, işğal olunmuş ərazilərlə bağlı, siyasətinə yenidən baxmalı, öz müttəfiqləri ilə, xüsusən Türkiyə, Pakistan və İsraillə hərbi əlaqələri möhkəmləndirməlidir.
"Uşakovun açıqlaması təəccüb və təəssüf doğurur”
Xarici İşlər Nazirliyi Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovun münaqişə ilə bağlı açıqlamasına münasibət bildirib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Uşakovun açıqlamasının təəccüb və təəssüf doğurduğunu deyib. Onun sözlərinə görə, Rusiya rəsmisinin sözləri prezidentlərin Vyana və Sankt-Peterburq görüşlərinin ruhuna ziddir: "Həmçinin, bu açıqlama Rusiyanın xarici işlər naziri Lavrovun regiona intensiv səfərləri əsnasında münaqişənin həlli ilə əlaqədar aparılmış detallı müzakirələrə uyğun gəlmir. Azərbaycan dəfələrlə bəyan edib ki, Vyana və Sankt-Peterburq görüşlərinin ruhuna uyğun olaraq, münaqişənin mərhələli həlli üzrə danışıqların tərəfdarıdır. Substantiv danışıqlar status-kvonun dəyişdirilməsi və işğal olunmuş Azərbaycan ərazilərindən Ermənistan qoşunlarının çıxarılmasını təmin etməlidir”. H.Hacıyev vurğulayıb ki, Azərbaycanın suveren ərazilərinin Ermənistanın hərbi işğalı altında qalması qəbuledilməzdir: "Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü və suverenliyini təmin edəcək”.
"Uşakov İrəvanı arxayınlaşdırdı”
Millət vəkili, siyasi elmlər doktoru Elman Nəsirov Putinin köməkçisi Yuri Uşakovun mövqeyinə təəccüblənmədiyini bildirib: "Faktiki olaraq, bu mövqe Con Kerrinin mövqeyi ilə üst-üstə düşür. Əslində buna təəccüblənmədim. Fransa, ABŞ və Rusiyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi həmişə eyni olub. Yəni lazımi addım atılmırdı, pauza verirdilər və nəticədə Ermənistanın maraqları təmin olunurdu. Bu nöqteyi-nəzərdən Uşakovun bəyanatının ABŞ tərəfinin mövqeyi ilə üst-üstə düşməsi kifayət qədər gözlənilən idi”. E.Nəsirovun sözlərinə görə, son açıqlamalar Ermənistanı arxayınlaşdıracaq: "Uşakov Prezidentin köməkçisidir. Əgər o, Prezidentin köməkçisi kimi bəyanat səsləndirirsə, bunu təkcə onun qənaəti kimi qəbul etmək düzgün olmazdı. Uşakov bilməlidir ki, Azərbaycan sülh prosesinə sadiqdir. Bizim ən böyük güzəştimiz torpaqlarımızın işğal altında qalmasına dözməyimizdir. Uşakov açıqlamaları ilə Ermənistanın təcavüzkarlıq siyasətinə dəstək vermiş oldu və İrəvan arxayınlaşdı. İki həmsədr dövlətin belə bir mövqedə olması münaqişənin həlli ilə bağlı sülh prosesini buxovlayan amildir və faktiki olaraq status-kvonun qorunub saxlanılmasına xidmət edir. Bu da Ermənistanın mövqeyinin möhkəmlənməsi deməkdir”. Ekspert müharibə variantına da toxunub: "Azərbaycan münaqişənin həlli ilə bağlı iki yolun olduğunun fərqindədir. Biz birinci yola, yəni sülh prosesinə sadiqik. Lakin bu, nəticə vermədiyi təqdirdə, hərb variantını heç kəs bizim əlimizdən ala bilməz”.
"Erməni lobbisi Rusiya hökumətinə təsir edir”
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu bildirib ki, Rusiyada Ermənistandan daha çox erməni yaşayır. Onun fikrincə, erməni lobbisi Rusiya hökumətinə birbaşa təsir etmək imkanına sahibdir: "Bütün bunlar Rusiya üçün baş ucalığı gətirmir. Rusiyanın siyasəti hər hansı lobbinin təsirindən asılı olmamalıdır. Bütün dünya görəcək ki, Rusiya kənar təsirlərə uyaraq siyasət aparır. İstər-istəməz Qərb çalışacaq ki, hansı lobbi Kremlə təsir edirsə, onunla işləsin. Yəni Qərb erməni lobbisindən istifadə edərək Rusiyanın siyasətinə təsir etməyə cəhd edəcək”. Politoloqun sözlərinə görə, ermənilər Kremli təhdid edib ki, əgər Rusiya Qarabağ məsələsində indiki mövqeyini, yəni azərbaycanpərəst mövqeyini davam etdirərsə, onlar Qərbə tərəf qaçacaqlar.
İsmayıl