"“Siqaret çəkmək qadağandır” işarəsinə heç kim riayət etmir"




"Qanuna görə, restoranlarda, məscidlərdə və digər ictimai iaşə obyektlərində müştərilərin siqaret çəkməsi üçün xüsusi qapalı yerlər olmalıdır”.

Bunu Sherg.az-a "tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsinin icrasına nəzarət mexanizmini izah edərkən millət vəkili Araz Əlizadə deyib. 

O bildirib ki, buna əməl etməyən şəxslər cərimələnə və cinayət məsuliyyətinə cəlb oluna bilərlər:

"Qanunun icrasına artıq parlament məsuliyyət daşımır. Parlament qanunu qəbul edib, icra orqanlarına təhvil verir və icra orqanları qanunun icrasına nəzarəti həyata keçirir. Hazırda bütün müəssisələrdə "Siqaret çəkmək qadağandır” işarəsi və yazıları var. Amma heç kim buna riayət etmir. Bu başqa sahələrdə də belədir. Deyirlər ki, piyada keçidindən başqa ayrı yerdən yolu keçmək olmaz. Amma baxın, kim haradan gəldi, yolu keçir. Bu, ümumi mədəniyyətin aşağı olmasından irəli gəlir. Siqaretin məhdudlaşdırılması haqqında qanunun icrasında da belə hallar baş verəcək. Bunun üçün cinayət və inzibati xətalar məcəlləsinə əlavə maddələr salınacaq”.

Qeyd edək ki, 17 maddə 3 Fəsildən ibarət olan qanun layihəsində Azərbaycanda tütün məmulatlarından (siqaretdən), sulu qəlyandan və elektron siqaretlərdən istifadənin məhdudlaşdırılması, yalnız xüsusi icazə verilmiş yerlərdə istifadəsi əks olunub.

Aysel Aslan