Siqaretdən istifadə məhdudlaşdırılacaq

Artıq bununla bağlı Milli Məclisdə qanun hazırlanır“Əksər gənclərimiz, azyaşlılar və qadınların siqaretə meyli artıb. Bu da bilavasitə sağlamlığa ciddi ziyan vurur”
"Siqareti tərgitməyin yüzlərlə qaydası var: "Çoxlu su içmək, meyvə yemək, siqaretə həvəsləndirən əşyaları evdən uzaq eləmək və başqa məsələlər mövcuddur. Bunların başında da iradə dayanır”
Azərbaycanda tütün məmulatlarından istifadənin məhdudlaşdırılması ilə bağlı qanun layihəsinin hazırlanması nəzərdə tutulur. Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin (ƏSSK)
sədri Hadi Rəcəbli Ümumdünya Səhiyyə Təşkilatının son statistikasında siqaretdən istifadəyə görə Azərbaycanın ön yerlərdə (13-cü yer) olmasına münasibət bildirərkən deyib. Komitə sədrinin sözlərinə görə, 10 il ərzində bu məsələ zaman-zaman komitənin planına daxil edilib, hazırda isə yenidən gündəmə gəlib:
"Artıq planlaşdırılıb və yaxın zamanda bununla bağlı ayrıca qanun layihəsinin hazırlanıb müzakirəyə çıxarılması nəzərdə tutulur. Bu məsələ sağlamlıqla bağlı olduğu üçün MM-in Səhiyyə Komitəsindən də keçəcək. Amma nəticədə siqaretin yaratdığı fəsad sosial problem, gələcəkdə əlilliyə səbəb olduğu üçün qanun layihəsinin hazırlanması ilə bizim komitə məşğul olacaq. Siqaretdən istifadə ilə bağlı cəmiyyətimizdə anormal vəziyyət müşahidə edirik. Məsələn, yeniyetmədən niyə siqaret çəkdiyini soruşursan, deyir bilmirəm. Yaxud deyir, filankəs çəkir, mən də çəkirəm. Ən dəhşətlisi isə odur ki, qadınlar arasında da siqaretdən istifadə halları artıb. Sonuncu statistika çox ciddi narahatlıq doğurur, ona görə də "Tütün və tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında” sənədin hazırlanması gündəmdədir. Komitə üzvü Musa Quliyevlə fikrimiz var ki, qanun layihəsini hazırlayaq”.
Təşəbbüsü müsbət dəyərləndirən "Siqaretsiz həyat” İctimai Birliyinin sədri Rasim Mədəd "Şərq”ə söyləyib ki, indiyə qədər müxtəlif məzmunlu qanun layihəsi işlənilib hazırlanıb, amma heç biri MM-də qəbul olunmayıb: "Səbəbini isə bilmirəm. Ancaq indiki halda parlamentdə belə bir qanun layihəsinin hazırlanması çox alqışlanmalıdır. Amma buna illər öncə başlamaq lazım idi. Bu günə kimi qəbul olunmayıb. Kaş, indi qəbul olunsun və digər qanunlar kimi kağız üzərində qalmasın. Çünki hazırkı dönəmdə əksər gənclərimiz, azyaşlılar və qadınların siqaretə meyli artıb. Bu da bilavasitə sağlamlığa ciddi ziyan vurur. Bu məsələnin reallaşması yalnız ƏSSK-nin işi deyil. Səhiyyə Nazirliyi də bu məsələyə ciddi yanaşmalıdır. Qanunla bağlı səhiyyə təşkilatları öz fikirlərini bildirməlidirlər. Güman edirəm ki, qanun qəbul olunar və icra olunar. Gərək məsələnin üzərində ciddi dayanılsın. Yəqin ki, qanun layihəsi öz müsbət təsirini göstərəcək”.
Təşkilat sədri vurğulayıb ki, siqaretdən istifadənin məhdudlaşdırılması insan iradəsi ilə bağlıdır: "Bu, məişət narkomaniyasıdır. Narkomaniya mexanizmlə idarə olunmur. Siqaret də o cümlədən. Siqaretin mexanizmlə idarə olunması keçən əsrin əvvəllərində olub. ABŞ siqaret istehsalçıları qutunun üzərinə yazıb ki, siqaret sağlamlığınız üçün çox zərərlidir. Bu təşəbbüsdən sonra 1 milyondan çox insan siqaretin zərərini dərk edərək siqareti atıb. İndi demək olar ki, uşaqdan tutmuş böyüyə qədər hamı onun ziyanını bilir. Xərçəng xəstəliyindən tutmuş digər öldürücü xəstəliklərə qədər törədir. İnsanın şüurlu şəkildə dərk etdiyi bir məsələyə mexanizm lazım deyil. Hansısa təşkilat layihələrində siqaret qutusunun üstünə siqaretin səbəb olduğu xəstəliklərin adını yazmışdı ki, alıcı bunu görsün. Bunu hamımız bilirik, amma çəkirik. Bunu atmaq üçün iradə lazımdır. Güman etmirəm ki, siqaretin tərgidilməsi üçün hansısa mexanizmlər tətbiq etmək mümkün olsun. Sadəcə, iradə lazımdır”.
Ekspert söyləyib ki, siqareti tərgitməyin yüzlərlə qaydası var: "Çoxlu su içmək, meyvə yemək, siqaretə həvəsləndirən əşyaları evdən uzaq eləmək və başqa məsələlər mövcuddur. Bunların başında da iradə dayanır. İradəli insan siqareti tez atır”.
"Siqaretin qiymətinin bahalaşması bu tendensiyanı azalda bilərmi” sualına gəlincə, R.Mədəd qeyd edib ki, siqaret insan üçün gündəlik tələbatdır: "İnsanın çörəyə, qidaya olduğu kimi siqaretə də tələbatı yaranır. Çörəyin qiyməti 10 manat da olsa, çəkənlər alıb çəkəcək. Ola bilər ki, bahalaşma cüzi təsir göstərə bilər. Bu pis vərdişdən uzaqlaşmaq çox çətindir. Məncə, ictimai yerlərdə reklam çarxları nümayiş etdirilsə, nəticə əldə etmək olar. Bundan başqa, məktəblərdə də, dərsdən kənar bir iş kimi tədris olunmalıdır. Əlbəttə, birlik olaraq biz belə tədbirlər keçirik. Amma bu, azlıq təşkil edir”.
Həmsöhbətimiz vurğulayıb ki, cəmiyyətin özü də maarifləndirmə işində maraqlı olmalıdır: "Baxırsan ki, yaşlı adamdı, götürüb azyaşlı uşağa siqaret verir. Azyaşlı uşaq mağazadan siqaret alır, satıcı isə pul qazanmaq xatirinə onu satır. Bütün bunları nəzərə alaraq ali orqan olaraq Milli Məclis bunları bircə-bircə işləyib ortaya qoymalıdır. İndiki dövrdə mexanizm bundan ibarət olmalıdır”.
Ayyət Əhməd