Siqaretin zərərləri dərsliyə salınsın-TƏKLİF




Şagirdlərin siqaret aludəçiliyinin qarşısını məktəbdəki tədbirlərlə almaq tam həll deyil.

Bu barədəSherg.az-a orta məktəb dərsliklərinə siqaretin zərərləri barədə məlumat daxil edilməsinə münasibət bildirərkən təhsil eksperti Məlahət Mürşüdlü bildirib.  

Onun sözlərinə görə, şagirdlərdə siqaret aludəçiliyinin qarşısını almaq üçün maarifləndirilmə işinin gücləndirilməsi vacibdir: 

"Bu proses məktəblərin özündən başlamalıdır. Siqaretin zərərlərini anladan dərs saatları təşkil edilməli, uşaqlara uyğun məlumatlar verilməlidir. Məsələn, biologiya dərsliklərinə bu haqda maarifləndirmələr əlavə edilsə, davamlı və kütləvi şəkildə bu işi tənzimləyə bilərik.

Ümumiyyətlə, bu mövzuda 3 istiqamətdə tədbirlər görülməlidir. Əvvəla qeyd etdiyimiz kimi dərsliklərdə siqaretin zərərləri bağlı məlumatların çatdırılması vacibdir. İkincisi, dərsdən kənar maarifləndirmə işləri, mütəxəssislərin iştirakı ilə seminarların təşkil edilməsi, bunun ağır nəticələrini əyani göstərmək üçün zərərçəkən insanlarla görüşlərin keçirilməsi, filmlərin nümayiş etdirilməsi kimi işlər həyata keçirilməlidir. Üçüncü addım isə valideynlərlə tədbirlərin həyata keçirilməsidir. Bunun sayəsində məktəbdə verilən məlumatlandırmalar evdə davam etdiriləcək. Artıq bundan sonra nəticə əldə oluna bilər”.

M. Mürşüdlü ümumi olaraq diqqətə çatdırıb ki, mühitin təsiri ilə övladlarımızda yaranmış pis vərdişləri tərgitməyə davamlı söhbətlər aparmaqla, maarifləndirmələr həyata keçirməklə nail ola bilərik.

Qeyd edək ki, bu günlərdə Məktəb dərsliklərinə siqaretin zərərləri barədə mövzuların salınması məsələsi təklif olunub. 

Ayyət Əhməd