“Siyavuş Novruzov doğru deyir, Xətainin heykəli düz yolun ortasındadır”

Firudin Cəlilov: “Amma o biri fikri düzgün deyil, Koroğlu qaçaq olmayıb”




Milli Məclis bu dəfə Koroğluya, Xətaiyə görə "qarışdı”. Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov Məhəmmədhüseyn Şəhriyar və Şah İsmayıl Xətainin adının ölkədə layiqincə əbədiləşdirilməməsindən narazılıq edib. Millət vəkili Azərbaycanın dahi şairi Şəhriyarın adına bir qəsəbənin belə olmamasından şikayətlənib, eyni zamanda Koroğluya da "daş atıb”:

"Şəhriyar Azərbaycanın ən böyük şairlərindən biridir. Bundan başqa, Azərbaycan dövlətinin banisi, 1 milyon kvadrat kilometrdən çox ərazidə dövlət qurmuş Şah İsmayıl Xətaiyə elə yerdə heykəl qoymuşuq ki, orda şəkil çəkdirmək istəyən turist mütləq avtoqəzaya düşəcək. Belə olmaz. Qaçaq Koroğluya parkın ortasında heykəl qoyuruq, amma Şah İsmayılın heykəli yolun ortasındadır”.
Millət vəkilinin etirazı səssiz qarşılanmayıb. Milli Məclisin spikeri Oqtay Əsədov Koroğlunun "müdafiəsinə” qalxıb: "Koroğlu qaçaq deyil. İndi də etnoslarımıza sataşma”.

Millət vəkilinin etirazı nə qədər yerindədirsə, spikerin cavabında da bir o qədər həqiqət var.
Şəhriyarın xatirəsinin layiqincə əbədiləşdirilməməsi (bildiyim qədər Bakıda Şəhriyar adına klub var - red.) tamamilə, yüzə-yüz yerində iraddır. Xətainin heykəlinin uyğunsuz, biçimsiz bir ərazidə olması da düzgün iraddır. Hələ biz heykəlin Xətaiyə yaraşmadığından danışmırıq. Qaldı Koroğlunın qaçaqlığına, burada, bizcə, bir qədər qeyri-dəqiqliyə, səhvə yol verilir. 

Koroğlu heç də bizim sovet dönəmində oxuduğumuz dastandakı qəhrəman deyil. Əsl Koroğludan dastanda nələrsə var, amma tam deyil. Koroğlu sovet dönəmində çap olunmuş dastanda az qala bolşevik təsiri bağışlayır, Nigar da sanki Ayna Sultanovadır. Unutmamalıyıq ki, ümumtürk yazılı və şifahi xalq ədəbiyyatında Koroğlu, təbii ki, ad fərqi ilə (məsələn, özbəklər də Goroğludur - red.), azman bir igid, gücünə güc çatmayacaq el qəhrəmanıdır. Koroğluya heykəl qoyulmalıydı, amma hazırkı formalı heykəl kimi yox.
Məsələyə münasibətini açıqlayan professor, türkoloq Firudin Cəlilov da bu fikirdədir ki, Məhəmmədhüseyn Şəhriyarın xatirəsi Azərbaycanda mütləq bu dahi şəxsiyyətə layiq şəkildə əbədiləşdirilməlidir:

- Şəhriyarla bağlı millət vəkili Siyavuş Novruzovun replikası yerindədir. Şəhriyar Azərbaycan şeirinin, Azərbaycan ədəbiyyatının ən böyük simalarındandır. Onun adının əbədiləşdirilməsi vacibdir. Şəhriyarın adına geniş küçə, prospekt olmalıdır, abidəsi ucaldılmalıdır. Şah İsmayıl Xətainin heykəli, belə deyim, babatdı. Bundan da görkəmli, gözəgəlim ola bilərdi. Heykəl 1993-cü ildə qoyuldu. Bir az tələsik oldu.

 O zaman Prezident Aparatında humanitar sahəyə rəhbərlik edən adamın yarıtmaz işinin nəticəsi oldu ki, Xətainin heykəli ala-babat hazırlandı və indi olduğu yerə qoyuldu. Xətainin heykəlinin hər iki tərəfi də xəstəxanadır. Düz deyir Siyavuş müəllim, yolun ortasıdır. Xətainin heykəlini daha uyğun, gözəgəlim, gəliş-gedişin sıx olduğu əraziyə qoymaq lazım idi. Bu məsələlərlə bağlı mən də Siyavuş Novruzovla həmrəyəm. Amma Koroğluyla bağlı deyilən söz düzgün deyil. Koroğlu qaçaq olmayıb. Orta Asiyadan Anadoluya qədər ucsuz-bucaqsız türk coğrafiyasında Koroğlu mifoloji qəhrəmandır. Koroğlunu bizdə qaçaq-quldur obrazına gətirib çıxarıblar. Onun günahı özümüzdədir, Koroğluda deyil. Digər tərəfdən, tarixdə Koroğlu adında şəxs həqiqətən də yaşayıb və tarixçilər bilir ki, 16-cı əsrdə Cəlalilər hərəkatı olub. 

Yəni, Koroğlu həm tarixdə yaşamış şəxsdir, həm də bütün türk xalqlarının, o cümlədən də Azərbaycan türklərinin mifoloji qəhrəmanıdır. Qırğızlarda "Manas”dı, özbəklərdə, qazaxlarda, qaraqalpaqlarda "Alpamış”dı. Bunlar hamısı türk xalqlarının qəhrəmanlarıdır. Məsələn, Qırğızıstanda Manasa böyük, möhtəşəm abidə ucaldılıb. Bilənlər bilir ki, ermənilər mifoloji qəhrəmanları Sosunlu Davidə hündür bir qayanın üzərində necə möhtəşəm abidə ucaldıblar. Sosunlu Davidin heykəli Qafqazda ən hündür, ən böyük heykəldir. Amma bizimkilər gecdən-gec Koroğlu heykəli yondular, qaş düzəltdikləri yerdə vurub gözü də çıxardılar. Dillərə dastan Qıratı elə düzəldiblər, elə bil Koroğlu ata yox, üzr istəyirəm, uzunqulağa minib. Günah onu düzəldən heykəltəraşda və heykəli o formada bəyənib qəbul edən Prezident Aparatının humanitar siyasət şöbəsinin sabiq rəhbərindədir. Mən Milli Məclisdə səsləndirilən iradlarla razıyam, təkcə Koroğlunun qaçaq olması fikrindən başqa.

Məlahət Rzayeva