Siyavuş Novruzov: “Düz adamsansa, nədən bu işləri Azərbaycanda həyata keçirmirsən?”





"Hər bir məsələnin mahiyyətində maliyyə məsələsi dayanır. Məncə, siyasi partiyaların və QHT-lərin maliyyələşdirilməsi haqda qanunlara da baxmağın zamanıdır. Ölkənin baş prokuroru bu yaxınlarda qeyd etdi ki, bəzi siyasi partiyalar maliyyələri haqda müvafiq qurumlara məlumat vermir”.

Sherg.az xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar iclasında çıxışı zamanı deputat Siyavuş Novruzov deyib.

Komitə sədri xatırladıb ki, parlament bir müddət əvvəl şəffaflıq naminə Qeyri Hökumət Təşkilatları ilə bağlı məsələ qaldıranda və qanuna dəyişiklik edəndə bəzi Avropa strukturları, yerli media səs-küy qaldırıb: "Ancaq zaman göstərdi ki, biz haqlı olmuşuq. Bu yaxınlarda bir partiya sədrinin müavinin bir ölkəyə il ərzində 41 dəfə səfər etməsi, ayrı-ayrı banklardan müxtəlif valyutalarla pul çıxarması bəlli olub. Əgər düz adamsansa nədən bu işləri Azərbaycanda həyata keçirmirsən? Məncə, Siyasi partiyalar haqqında qanuna yenidən baxmaq lazımdır. 

Əgər hər hansı bir qrum qanunlara əməl etmirsə, ölkədə ictimai-siyasi sabitliyi pozmaq istəyirsə, onun haqqında qərar qəbul etmək lazımdır. Fikrimcə, gələcəkdə bu qanunlara dəyişiklik etmək lazımdır. Hesabatlarını təqdim etməyən və ya hesabatlarda dövriyyəsini göstərməyənlərlə bağlı işlər görülməlidir. Maliyyə dövriyyəsini sıfır altında göstərən partiyaların aparatında kifayət qədər əməkdaş saxlayır, avtomobillər istifadə edirlər”.

Anar