"Onun təklifi işsizliyin artmasına səbəb olacaq"
Millət vəkillərinin təklif etdikləri islahatlar Azərbaycanı böhrandan çıxarmağa kifayət etməyəcək.
Bunu Sherg.az-a millət vəkili Siyavuş Novruzovun bəzi səmərəsiz strukturların və xarici ölkələrdəki diplomatik nümayəndəliklərin ləğvi haqqındakı təklifinə münasibət bildirərkən Azəbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.
Təşkilat sədri bildirib ki, bu ixtisarlar dövlətin iqtisadi çətinliklərini, əhalinin problemlərini həll edə bilməz və Azərbaycanın başqa xalqlar arasında rəqabətdə üstün olmasına mənfi təsir göstərər:
"Xarici ölkələrdə paralel strukturların yaradılması, Azərbaycanda lazımsız idarələrin səlahiyyətinin artırılması, şirşirdilmiş kadrlar hesabına dövlət strukturlarının formalaşdırılması, xarici mənfəət üçün lazım olan, nəhəng, mənasız layihələrin həyata keçirilməsi hakimiyyətin siyasəti ilə bağlıdır. Zəngin neft və qaz yataqlarının olmasına baxmayaraq, Azərbaycan bu gün iqtisadi böhran şəraitində yaşayır. Hazırda deputatlar və hakimiyyət öz səhvlərini düzəltmək üçün islahatlar həyata keçirməyə çalışır. İrəli sürülən təklifə görə strukturların ləğv edilməsi işsizliyin artmasına gətirib çıxaracaq. Hansı ki, vaxtilə həmin qurumlar işsizliyin süni sürətdə aradan qaldırılması üçün yaradılmışdı. Neft strategiyasının yanlış olmasI, ölkədə işsizlər ordusunun mövcudluğu barədə iradlar bu addımların atılmasına gətirib çıxardı. Neftdən gələn gəlir süni şəkildə işsizliyin azaldılmasına xərcləndi. İndi neft gəlirləri azaldıldığından hökumət həmin strukturları təmin edə bilmir və ləğv etməyə qərar verir. Lakin Milli Məclisdə verilən təkliflər Azərbaycanı böhrandan çıxarmaq üçün yetərli təkliflər deyil”.
S. Cəlaloğlu diqqətə çatdırıb ki, ləğv olunacaq strukturların minlərlə işçilərinin küçədə qalmaması üçün hər hansı tədbirlər də düşünülməlidir:
"Məsələn, fəaliyyətinə son verilən qurumların təxmini 10 min işçisi küçəyə atılacaqsa, sosial təminata ehtiyacı olan insanların sayı çoxalacaq və onların etirazları baş qaldıracaq. Faktiki olaraq, hökumət əlini nə islahata atsa, onun əleyhinə olacaq. Bunun səbəbi fundamental siyasətin səhv aparılması olub. Kökündən dəyişiklik edərək, radikal addımlar atılıb, prosesə ictimai güclər cəlb olunmayana qədər bir irəliləyiş gözlənilmir. Deputatın əvvəlki təkliflərinin fəsadları da məhz bu günkü iqtisadi böhrandır. Yeni təkliflərlə hara gedəcəyimizi isə Allah bilir. S. Novruzov xarici ölkələrdə səfirlik açılması barədə geniş mülahizələr söyləyib. Bu gün isə yaradılmasına səs verdiyi qurumları ləğv etməyi təklif edir. Bu səbəbdən, Milli Məclisdə deyilənlərə fikir vermək lazım deyil. Onların verdiyi təkliflər ölkədəki vəziyyəti daha da ağırlaşdırmağa xidmət göstərəcək”.
Qeyd edək ki, Milli Məclisdə büdcə müzakirələri zamanı millət vəkili Siyavuş Novruzov dövlət strukturlarının bir çox əlavə qurumlarının ləğv edilməsi haqqında təklif irəli sürüb.
Aysel Aslan