Skaypla danışacaqlar, hamı gözləyir...

Ekspertlər isə ermənilərin Şahbaz və Dilqəmə bu şəraiti yaradacağına inanmırlar



Hazırda erməni girovluğunda olan soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin ailələri skayp vasitəsilə əlaqə yaradacaqları günü hər kəs səbirsizliklə gözləyir. Məlumdur ki, 2 ilə yaxındır, D.Əsgərov və Ş.Quliyev ailələri ilə yalnız məktublaşırlar. Məktubda da qaydalara uyğun şəkildə bəlli cümlələr, bəlli ifadələr; "yaxşıyam, səhhətimdən şikayətim yoxdur” və s...

Bu günlərdə isə Azərbaycanın yüksək vəzifəli məmuru - Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov yaxın zamanda girovların ailələri ilə skayp vasitəsilə əlaqə saxlaya biləcəklərini söyləyib. Komitə sədri bildirib ki, Cenevrədə səfərdə olarkən girovlar məsələsini Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti ilə müzakirə edib və ondan girovlara skaypla danışmaq imkanının yaradılmasını xahiş edib. BQXK prezidenti də girovlar məsələsi ilə ciddi məşğul olacağını deyib, həmçinin onlara ailələri ilə skaypla danışmaq imkanının yaradılacağına da söz verib. Ə.Həsənov yaxın zamanda bu işin reallaşdırılacağını deyib.

Məsələ ilə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyi ilə də əlaqə saxladıq.

Nümayəndəliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova "Şərq”ə açıqlamasında girovların ailələriylə hansısa digər vasitələrlə əlaqə saxlamasının qarşı tərəfdən asılı olduğunu dedi:

- BQXK saxlanılan şəxslərə mandatına uyğun olaraq baş çəkir. Onların ailələri ilə əlaqələri məktub vasitəsilə təmin edilir. Başqa vasitələrlə əlaqə saxlanılmasına gəlincə, bu məsələ qarşı tərəflə razılaşdırılmalıdır.

Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsinin üzvü, millət vəkili Elman Məmmədov da girov saxlanılan soydaşlarımıza ailələriylə skaypla danışmaq imkanının yaradılması təklifindən xəbərdar olduğunu dedi:

- Həmin müşavirədə mən də işitrak edirdim və Əli müəllim jurnalistlərə açıqlamasında bu barədə məlumat verdi. Əlbəttə, erməni girovluğunda saxlanılan soydaşlarımızın skaypla əlaqə yaratmaları çox yaxşı olardı. Ən azından, biz onların səhhəti barədə oyektiv məlumat əldə edə bilərdik. Bu, onların ailələrinə də, hamımıza da bir təskinlik olardı. Amma düşmən çətin ki, bu təkliflə razılaşsın. Çünki girovlar skayp vasitəsilə əlaqə yaratsalar, onların hansı vəziyyətdə, hansı durumda olduğu bilinəcək. Məktublaşma yolu ilə girovların real vəziyyəti gizli qalır. Skaypla danışdıqda isə hər şey məlum olacaq. Ona görə də erməni tərəfi çətin bu addımı atsın və buna razılıq versin. Ancaq BQXK təkid etsə və bu təklif üzərində ciddi dayansa, ATƏT də öz tərəfindən təkid etsə, erməni tərəfi buna gedər. Hətta nəinki skaypla danışmaq imkanı yaradarlar, əslində, heç bir günahı olmayan və cinayətkar bir rejim tərəfindən qurulmuş qondarma məhkəmənin qərarını ləğv edib, girovları azad da edərlər.

Qeyd edək ki, Dilqəm Əsgərovun qardaşı bu günlərdə açıqlama verib. Az.Vision.az-a açıqlamasında Sahib Musayev qardaşının tanınmaz hala düşdüyünü deyib:

- Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları Dilqəmin şəklini mənə göstərdilər. Hələ də özümə gələ bilmirəm. Qardaşım tanınmaz hala düşüb. Bir ay 20 gündən sonra Dilqəmdən məktub aldıq. Dilqəm məktubda uşaqlarını görmək istədiyini yazıb. Qardaşım məktubda ailəsi ilə "skayp” vasitəsilə danışmaq, onlarla söhbət etmək istədiyini qeyd edib. Dilqəm bütün məktublarında olduğu kimi, hamıya salamlarını çatdırıb.

Qardaşının sözlərinə görə, D.Əsgərov məktubda səhhətində ciddi problemin olmadığını bildirib.

"Dilqəm səhhətinin yaxşı olduğunu desə də, onun vəziyyəti heç də yaxşı deyil. Şəklini görəndə dəhşətə gəldim, qardaşımı tanıya bilmədim. Düşmən əlində olmaq ağır dərddir”, - deyə S.Musayev vurğulayıb.

Xatırladaq ki, Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev 2014-cü ilin iyul ayında Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.

H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində qanunsuz "məhkəmə” qurulub. Və "məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrumedilmə cəzasına məhkum olunub.

Məlahət Rzayeva