Əhmədi Nejatın səhvlərini düzəldirlər
Tehran nüvə proqramına dair nəticənin əldə olunmasında maraqlıdır
İran və Rusiya, ABŞ, Çin, Almaniya, Fransa, Böyük Britaniyadan ibarət olan "Altılıq” nüvə proqramının yekun razılaşmasının əsas mətni üzrə razılığa gəliblər. Məlumata görə, sözügedən ölkələr sənədə olan 5 əlavədən 4-ü ilə razılaşıb. Buna rəğmən son qərar hələ ki, verilməyib. Tərəflər arasındakı danışıqlar bu günlərdə Vyanada davam etdiriləcək.
Məlumat üçün bildirək ki, razılıq əldə olunarsa, rəsmi Tehran uranın müəyyən konsentratdan yuxarı zənginləşdirməsindən əl çəkməli və bu istiqamətdəki öhdəliklərini yerinə yetirməlidir. Əvəzində isə BMT Təhlükəsizlik Şurasının İrana qarşı tətbiq etdiyi sanksiyalar və məhdudlaşdırıcı siyasətini aradan qaldırmalıdır.
Danışıqları şərh edən Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri, politoloq Elxan Mehdiyev "Şərq”ə açıqlamasında qeyd edib ki, məsələnin uzanmasına görə, birmənalı olaraq İranı günahlandırmaq doğru deyil. Çünki Tehran nüvə proqramına dair nəticənin əldə olunmasında maraqlıdır: "İranın ali dini lideri Ayətulla Xomneyi və prezident Həsən Ruhani nüvə silahı yaratmamaq haqqında bəyanat veriblər. Dini lider fətva verib ki, bu haramdır. H.Ruhani də o silahı istəmədiklərini söyləyib. Cənub qonşumuz danışıqların fəlsəfəsini bu iddialar üstündə qurur”.
Ekspert hesab edir ki, Qərb ölkələrinin İrana tətbiq etdiyi sanksiyalara bu ölkənin sabiq prezidenti Mahmud Əhmədi Nejatın siyasi yanlışları səbəb olub: "İndiki iqtidar isə həmin səhvləri təkrarlamadı. Aydın şəkildə bəyan etdilər ki, İran nüvə silahından imtina edir və beynəlxalq müfəttişlərin onu yoxlamasına imkan yaradır. Əvəzində isə Qərb ölkələri sanksiyaları aradan qaldırır. Bu səpkidə ötən il ilkin razılıq əldə olundu. Sonra davam edən danışıqlarda aralıq sazişi əldə olundu. İndi isə son saziş üçün danışıqlar gedir”.
Ekspertin sözlərinə görə, İranla "altılıq” arasında qarışıqlıq yaradan İsraildir: "Bu ölkənin baş naziri Netahyahu başda olmaqla müəyyən qüvvələr mövcuddur ki, onlar Qərb dünyası ilə Tehran arasında müqavilənin imzalanmasını istəmir. Buna rəğmən ABŞ prezidenti Barak Obama və baş katib Con Kerri çox səmimidilər. Onlar da istəyirlər ki, son saziş imzalansın. Nəticə əldə olunsun. Amma İsrail lobbisinin təsiri ilə danışıqlar uzanır. İsrail lobbisi iddia edir ki, İranın hərbi obyektləri yenidən yoxlanılsın. Şübhəsiz ki, bu da danışıqların uzanmasına gətirib çıxarır. Ona görə də, faktiki olaraq hələ də nəticə əldə olunmayıb. İran tərəfi də bunlara etiraz edir. Çünki o mövzu danışıqlardan kənardı. Nüvə silahı ilə heç bir əlaqəsi yoxdur”.
Ayyət Əhməd