“Son zəng” 246 saylı məktəb liseydə maraqlı keçib

Aşağı sinif şagirdləri öz flaşmobları ilə tədbirə rəng qatıblar
İnsanın həyatında elə günlər olur ki, ömür boyu unudulmur. Bu yaddaqalan, hər an xatırlana biləcək günlərdən biri də "Son zəng” günüdür.
Uşaqlığımızın ən çılğın, ən qayğısız vaxtları məhz məktəb illərində olur. 1-ci sinif, parta arxası, əziz müəllimlər, xoş günlər, aylar, illər və nəhayət, "Son zəng”. Məzunlar doğma məktəblərindən, qayğısız illərindən ayrılır. Hər il olduğu kimi, bu il də Bakının bütün məktəblərində ayrı bir həyəcan, ayrı bir "Son zəng” təntənəsi yaşandı. Təmtəraqlı tədbirlərdən biri də Bakı şəhərində Binəqədi rayonu 246 saylı məktəb liseydə baş tutub. Liseyin direktoru Almaz Bayramova məzunları təbrik edib, eyni zamanda onlara tələbə adını qazanmağı arzulayıb.
Daha sonra isə 1-ci və 11-ci sinif şagirdləri ilə yanaşı, Usniya Rafikovnanın rəhbərlik etdiyi "2F” sinif şagirdləri öz flaşmobları ilə tədbirə rəng qatıblar. "Yaşa Azərbaycan” mahnısına rəqs edən 2-ci sinif şagirdləri öz çıxışları ilə hər kəsin marağına səbəb olub. İrəliləyən dəqiqələrdə həmin şagirdlərin valideynləri üçrəngli bayrağımızla səhnəyə gələrək rəqsi davam etdiriblər”.
Yeganə Bayramova