"Sonda Amerika başa düşdü ki, regionda sabitliyin ən böyük adası Azərbaycandır” - Deputat






ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevə Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin keçirilməsinin 26-cı ildönümü ilə əlaqədar ən xoş arzularını çatdırıb. D.Tramp qeyd edib ki, Azərbaycanın iqtisadi uğuru bütün regiona sabitliyin gətirilməsinə yardım edəcək:

"Azərbaycan özünün tarixində bugünkü qədər firavan və qlobal iqtisadiyyata bağlı olmamışdır. Cənub Qaz Dəhlizi daxil olmaqla, Azərbaycanda hasil olunan neft və qaz dünya enerji bazarlarında sabitliyi artırmaqda davam edir.

Türkmənistan və Şərqi Aralıq dənizi hövsəsi ölkələri kimi digər potensial təhcizatçılarla tərəfdaşlıq quraraq Azərbaycan daha böyük liderlik rolu oynaya bilər. Ölkənizin uğurlarını genişləndirməyin əsl vaxtıdır.

Amerika Birləşmiş Ştatları xarici sərmayələrin cəlb edilməsi və innovasiyaların təşviqinə xidmət edəcək iqtisadi islahatların davam etdirilməsində səylərinizi dəstəkləyir”.

Trampın Azərbaycan və Prezident İlham Əliyevin yürütdüyü siyasətlə bağlı fikirlərini yüksək dəyərləndirən millət vəkili Rüfət Quliyev "Sherg.az”a bildirib ki, son il yarım ərzində Amerikanın Azərbaycana münasibəti müsbət mənada dəyişilib.

Deputat diqqətə çatdırıb ki, bu, erməni lobbisinin zəfiləməsi, Azərbaycanın uğurları və Ermənistanın problemləri ilə əlaqəlidir:

"Ermənistanın ən böyük problemi odur ki, onlar bu günə qədər son qərarı verə bilməyiblər. Biz hamı ilə dostuq, yalnız Ermənistandan başqa. Cənab Prezidentin uğurlu siyasətinin əsasında dünyəvi prinsiplərlə davranmaq və başqa ölkələr üçün problem yaratmamaq durur. Hər zaman çalışmışıq ki, hər yerdə milli maraqlarımız üstün olsun”.

R.Quliyevin sözlərinə görə, yalnız Tramp yox, Amerikanı idarə edən qurumlar sonda başa düşüblər ki, regionda ən stabil, sözünün üstündə duran, vəd verib həmin vədi həyata keçirən yeganə ölkə Azərbaycandır:

"Ermənistanı çıxmaq şərti ilə bizim heç kimlə mübahisəmiz yoxdur. Ona görə də Amerikanın bizə marağı bu qədər artır. Biz heç kimdən vəsait xahiş etmirik. Azərbaycanın kifayət qədər investisiyası var. Hətta başqa ölkələrə də kömək edə bilirik. Neft-qaz sektorumuzun inkişafı, verdiyimiz vədlərin həyata keçirilməsi ölkəmizə marağı artırır.

Regionda sakitliyin ən böyük adası Azərbaycandır. Biz elə bir şərait yaratmışıq ki, Azərbaycan ən sakit və problemsiz ölkədir. Xəzər dənizini faktiki olaraq böyük bir magistral nəqliyyat yoluna çevirdik. Əlbəttə, ABŞ nəhəng bir dövlətdir. Amma onlar da baxır ki, kimlə dostluq etmək və kimə inanmaq lazımdır. Onların da özlərinin milli maraqları var. Amma ABŞ və Azərbaycanın milli maraqları üst-üstə gəlirsə, orada biz birinciyik”.

Yeganə Bayramova