Natiq Cəfərli:"Əsasən gənc ailələrin buna ehtiyacı var. Onların bu şərtlər çərçivəsində sosial mənzillərə çıxış imkanları kifayət qədər azalır"
"Sosial mənzil layihəsinin mahiyyəti odur ki, mənzil almağa çıxış imkanı olmayan aztəminatlı ailələrə çıxış yolu təqdim olunsun, ev almaq üçün şərait yaradılsın”.
Bunu Sherg.az-a sosial mənzillərin şərtləri barədə danışarkən iqtisadçı-ekspert natiq Cəfərli deyib. O bildirib ki, sosial mənzilin layihədə həyata keçirmək üçün banklarda ilkin olaraq şərtlər daxilində kredit rəsmiləşdiriləcək:
"Sonradan insanlar birbaşa banklara aylıq ödənişlər edəcək. Banklarda vəziyyət gərgin olduğu üçün onlar da şərtləri sərtləşdiriblər, Və qanunvericilik daxilində ilkin olaraq sərt şərtlər və yüksək maaş, iş yeri ilə bağlı arayışın təqdim olunması, gəlirlilik haqqında zəmanətlərin olması kimi bir çox şərtlər qoyulub. Bu da təbii ki. bir çox insanların sosial mənzillərə çıxış imkanlarını məhdudlaşdıracaq. Əsasən gənc ailələrin buna ehtiyacı var. Onların bu şərtlər çərçivəsində sosial mənzillərə çıxış imkanları kifayət qədər azalır. Ona görə, iki yöndən bu məsələni həll etmək mümkündür. Sosial layihələr, evlər üçün götürülən vəsaitə dövlət zəmanətin verilə bilər. Bu zaman banklar və sosial mənzillərlə məşğul olan dövlət qurumları daha rahat şərtlərlə verə bilər. Ya da öncədən kredit kimi deyil, Sosial mənzillərin verilməsi ilə məşğul olan agentliyin birbaşa müqavilələri əsasında müştəri bankı tanımadan bu işi həyata keçirmək mümkündür. Bu zaman dövlət agentliyi özü qarant rolunu oynayacaq. Hazırda isə əlavə qarantlar, zəmanətlər, yüksək maaşlar tələb olunur”.
Sosial mənzilləri almaq istəyənlərin 5 il dövlət qulluğunda işləməsi tələbinə gəldikdə isə N.Cəfərli bu şərtin ciddi problem olduğunu söyləyib:
"Çünki müxtəlif dövlət və hökumət rəsmiləri dəfələrlə bildiriblər ki, Azərbaycanda şişirdilmiş bir idarəetmə aparatı var. Güman ki, yaxın 2 ildə dövlət qulluğunda, büdcədən maliyyələşən təşkilatlarda işçilərin sayında ciddi azalmalar müşahidə olacaq. O zaman bu gün dövlət qulluğunda işləyib, mənzil alan, sabah ixtisara düşəcəksə, işini dəyişəcəksə, sosial mənzilin aqibəti necə olacaq? Bu suala belə indiki qanunvericilik və qaydalar aydın cavab vermir. Ona görə də vətəndaşın birbaşa özünün zəmanət olduğu. Dövlət agentliyi ilə müqavilə bağlayaraq daha asan şərtlərlə sosial mənzillərə çıxış imkanı yaradılsa, daha çox insanlar, gənc ailələr bu üstünlüklərdən yararlana bilər.
Sosial mənzillərin verilməsi vacib layihədir. Bu həm də iqtisadi aktivliyə ciddi təsir göstərəcək amillərdən biridir. Sosial evlər artdıqca yeni iş yerlərinin və tikinti sektorunun canlanması müşahidə olunacaq. Düşünürəm ki, qaydalardakı boşluqlarla əlaqədar müəyyən qərarlar verilməlidir. Bu Nazirlər Kabinetinin və sosial mənzillərlə bağlı agentliyin daxili qərarları ola bilər. Bununla zamin rolunu agentliyin özü oynayar və müqavilələr birbaşa qurumla bağlana bilər. Bu dəyişikliklər olsa dövlət qulluğu məsələsi önə çıxmamaq şərti ilə insanın birbaşa gəlirinə bağlı olan, aşağı faizlə və aylıq aşağı ödənişlə, təqribən 200-250 manat civarında ödənişlərə gənc ailələr çatdıra bilər. Bu şərtlər daxilində qaydalara yenidən baxmaqda yarar var”.
Aysel Aslan