"Sosial siyasətimizin əsasında vətəndaşlarımızın sağlamlığı dayanır" - Deputat






"Yeni xəstəxana yalnız Qobustan qəsəbəsi üçün yox, eyni zamanda ətraf qəsəbələr və rayonlar üçün yüksək tibbi xidmət göstərəcək bir müəssisəsidir”.

Bu sözləri "Sherg.az”a millət vəkili Aydın Hüseynov deyib.

Deputat bildirib ki, ölkə başçısının həyata keçirdiyi sosial siyasətin əsasında vətəndaşlarımızın sağlamlığı dayanır:

"Ona görə də ölkəmizdə çox böyük sosial tədbirlər həyata keçirilir. Bu tədbirlər sırasında səhiyyə xüsusi çəkiyə malikdir. Təsadüfi deyil ki, Azərbaycanda son 15 ildə 600-dən çox yeni xəstəxanalar tikilir və müasir avadanlıqlarla təchiz olunur. Hər il 5 milyona yaxın vətəndaşımız pulsuz tibbi müayinələrdən keçir. "Tibbi sığorta haqqında” qanun layihəsi müzakirə edilib və bir çox rayonlarımızda pilot layihə kimi tətbiq olunub.Yaxın gələcəkdə bu layihə bütün ölkəni əhatə edəcək.
Dünən cənab Prezident Qaradağda növbəti müasir səhiyyə müəssisəsinin açılışında iştirak etdi. Bu, Qaradağlılar üçün böyük bir sevincdir. Ölkə başçısı 1995-ci ildən Qaradağlılarla şəxsən ünsiyyətdədir. Prezident həmin dövrdən bu günə qədər Qaradağlıları daim diqqətində saxlayır və rayonun sosial-iqtisadi inkişafı ilə bağlı öz töhfələrini verir. Qaradağ rayonunda fəaliyyət göstərən hər bir insan İlham Əliyevi sevir, ona böyük dəstək göstərir. Biz bir daha Qardağlılarla cənab Prezidentin səmimi münasibətinin, bir-birinə olan hörmət və ehtiramının şahidi olduq”.

Qeyd edək ki, bu gün ölkə başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində Səhiyyə Nazirliyinin yeni inşa olunan 17 saylı birləşmiş şəhər xəstəxanasının açılışında iştirak ediblər.

Yeganə Bayramova