Sosioloqla, ictimai təşkilatın rəhbərinin fikirləri haçalandı

İnternetdə tanış olub, ailə qurmağın fəsadları var
Lalə Mehralı: “İnternetdə tanış olub evlənmək istəyən cütlüklərin əlaqələrinin 89 faizində bu elə istək olaraq qalır”


Ülkər Abdullayeva: "Qlobal anlamda insanlar arasındakı hansısa münasibətlərə görə, müasir texnologiyaları günahlandırmaq düzgün deyil”


Son zamanlar sosial şəbəkələrdə virtual tanışlıqların törətdiyi xoşagəlməz hallar artmaqdadır.
Feysbukda qadınların şantajlara məruz qalması, onların müxtəlif təhdidlərlə üzləşməsi az qala günün mövzusuna çevrilsin.
Bəzi qadınların ehtiyatsızlığı və düşüncəsizliyi, tərəflərin virtual aləmdə tanışlığı, onların biri￾birlərini yetərincə tanınmaması sonda ya boşanmalarla, ya da çirkin şantajlarla nəticələnir. İnternet
əsri olan bir dövrdə sosial şəbəkələr üzərində qurulan evliliklərə rast gəlmək də mümkündür. Amma
bu ailələrin təməlinin güclü olması sual altında olan bir məsələdir. Bu cür evliliklər nə dərəcədə
düzgün və sağlamdır?

"Təmiz Dünya” Qadınlara Yardım İB-nin sədri Mehriban Zeynalovanın məsələ ilə bağlı maraqlı bir
açıqlaması olub. Onun sözlərinə görə, 2016-cı il ərzində 228 nəfər qadın birliyin sığınacağında
məskunlaşıb. Birlik sədri həmçinin deyib ki, son 3 ay ərzində 3 nəfər qadın sosial şəbəkələrdəki
şantajlarla bağlı İB-yə müraciət edib: 

"Sosial şəbəkə vasitəsilə bir kişi ilə tanış olan qadın 6 il müddətinə təqiblə yanaşı, seksual zorakılığa da məruz qalıb. Qadınlardan biri 30 yaşlarında ailəsindən ayrılmış biri olub. Feysbuk sosial şəbəkə vasitəsilə bir kişi ilə tanış olub. Onlar görüşməyə başlayıb. Kişi qadınla evlənəcəyinə inandırır. Bir müddət görüşdükdən, münasibətdə olduqdan sonra onun dediklərinin yalan olduğunu görən qadın kişidən ayrılmaq istəyib. Amma kişi hər dəfə çəkilmiş şəkillər, videolarla onu şantaj edərək təqib və qorxu altında saxlayıb. Həmin materialları sosial şəbəkələrdə yayacağını bildirib”.

İnsanların zamanında üzbəüz ünsiyyətdən zövq aldığını deyən "Sağlam Toplum” İB-nin sədri,
sosioloq Lalə Mehralı hazırda isə bir çoxları üçün virtual ünsiyyətin cəlbedici olduğunu bildirib:

"Virtual tanışlıq və bu tanışlığın evliliklə nəticələnməsi ilə bağlı son vaxtlar çox eşidirik. Ölkəmizdə
internetin yeni istifadəsi illərində bu kimi tanışlıqlar o qədər də ciddi qəbul edilmirdi. İnsanlar
virtual məkanda hisslərini daha yaxşı ifadə etdiklərini deyirlər. Məncə, internet vasitəsi ilə ünsiyyət
fərdin real şəxsi ünsiyyət qurmasında ən böyük maneədir. Düzdür, yaşlı nəsil gənclərin duyğu və
düşüncələrini virtual deyil, biri-birinin gözünə baxaraq, səslərini dinləyərək etiraf etmələrinin
tərəfdarıdır. Araşdırmalara görə, internetdə tanış olub evlənmək istəyən cütlüklərin əlaqələrinin 89
faizində bu elə istək olaraq qalır. Onların ətrafındakılar bu kimi qərarlara hələ hazır deyillər.
İnternetdə heç tanımadığınız biri ilə tanış olub, evlənmək bir yana, onunla ilk görüşdə belə içinizdə
qorxu və narahatlıq olaraq gedirsiniz. Çünki onu indiyədək yalnız internetdən, virtual olaraq
tanımısınız. Hətta sizə evliliyi belə internetdə yazışanda təklif edib”.

L.Mehralı həmçinin bildirib ki, internetdə tanış olub evlənən, lakin bunu yaxın ətraflarından
gizlədən və başqa tanışlıq hekayəsi uyduran insanlar var:

"Çünki insanlar biri-birini tanımadan belə bir qərar verməklə həm özlərinin, həm də gələcəkdə bu
ailədə doğulacaq uşaqların problemlərinin təməlini qoymuş olurlar. Neçə illər biri-birini tanıyan,
hətta 3-4 il nişanlı qalan cütlüklər belə evlilik zamanı problemlər yaşayırlar. Buna görə də internet
tanışlığının tezliklə evliliklə nəticələnməsini doğru hesab etmirəm. Hər iki tərəf biri-birinə yetəri
qədər zaman ayırmalı, virtual məkanda olduğu kimi, real həyatda da biri-biri ilə söhbətdən
qaçmamalı, biri-birinin haqqında hər şeyi öyrənməlidirlər. Üz-üzə ünsiyyət zamanı qarşındakının
gözlərinə baxmaq, hisslərini duymaq, hərəkətlərindən nəticə çıxarmaq kimi bir üstünlüyü var.
Virtual söhbət yoldaşının isə qadın, yaxud kişi olmasına da bəzən əmin ola bilmirsən. Düzdür,münasibətlər irəlilədikcə, onun kimliyini öyrənirsən, lakin hisslərindən yenə də əmin ola bilmirsən, içində həmişə bir "bəlkə” olur. Qarşılıqlı ünsiyyət zamanı isə səs tonu, söhbət mədəniyyəti, davranış kodeksləri, bədən dili, ünsiyyət tərzi kimi bir çox faktorlar göz önündə olur və onlar doğru qərar verməkdə yardımçı olur. Amma təəssüflə qeyd edim ki, illərlə biri-birini tanıyıb ünsiyyət quran, 2-3 il nişanlı qalan cütlüklər də var ki, evləndikdən sonra əsl üzləri məlum olur. Necə deyərlər,
"buynuz”unu sonradan göstərir”.

"Qadın Liderliyi Uğrunda” İctimai Birliyinin sədri Ülkər Abdullayeva isə son vaxtlar baş verən
boşanma hallarının sosial şəbəkələrdəki tanışlıqlarla o qədər də güclü əlaqəsi olmadığını bildirib:

"Biz qohum-əqrəbanın vasitəsilə tanış olub, yaxud 11 il eyni məktəbdə, eyni parta arxasında oturub,
illərlə eyni iş yerində çalışıb, yaxud da uzun illər qonşu olub sonra ailə quran cütlüklər tanıyırıq ki,
onların evliliyi çox qısa çəkib. Yaxud yaxın qohumlar arasında bağlanan nikahların belə qısa
müddətdə pozulduğunun, bəzən hətta rüsvayçı sonluqla bitdiyinin şahidi olmuşuq. Son vaxtlar baş
verən boşanma hallarının sosial şəbəkələrdəki tanışlıqlarla o qədər də güclü əlaqəsi yoxdur. Bu,
daha çox insanların əvvəlki dövrlərə nisbətən daha az səbrli olması, başqalarını asanlıqla həzm edə
bilməməsi və azadlıqlara, öz hüquqlarını müdafiə etməyə daha çox meyl göstərməsi ilə əlaqədardır.
Bura dövrün gətirdiyi ağır sosial və psixoloji problemləri də əlavə etmək lazımdır. İnsanların
əsəbləri kövrəkdir və çox cüzi şeylərə belə tab gətirmir. Sadəcə sosial şəbəkələr insanların biri￾birləri ilə daha tez və asan əlaqə qurmasına səbəb ola bilər. Amma qlobal anlamda insanlar
arasındakı hansısa münasibətlərə görə, müasir texnologiyaları günahlandırmaq düzgün deyil.
Əlbəttə, tanışlıqlar üçün virtual aləm əlverişlidir. Bizim tanıdığımız xeyli sayda insan var ki,
feysbuk vasitəsilə həm öz ölkəmizdən, həm də Rusiyadan, Türkiyədən, İrandan, Ərəb və başqa
ölkələrdən öz partnyorlarını tapıblar, uğurlu ailələr qurublar. Amma ailə elə ciddi bir institutdur ki,
kompüterdə tanış olandan sonra elə kompüterin arxasından durub dərhal nikah masasına oturmurlar
ki. Evliliyə qədər tanışlıq üçün xeyli vaxt tələb olunur. İnsanlar biri-birləri ilə görüşməli, danışmalı,
müəyyən xasiyyətlərinə bələd olmalıdırlar. Özləri üçün müəyyənləşdirməlidirlər ki, kim nəyi
güzəştə gedə bilər, kimin üçün nə qəbulolunandır, nə qəbulolunan deyil. Yəni cütlüklər həm mənəvi,
həm psixoloji, həm də fiziki anlamda öz gələcək həyat yoldaşlarına bələd olmalıdırlar. Ona görə də
virtual tanışlıq düzgündür, ya səhvdir, ona birmənalı cavab vermək mümkün deyil”.

Virtual aləmdə tanışlıq zamanı yazışmaların, söhbətlərin şantaj edilməyəcək səviyyədə olmasını
vurğulayan birlik sədri bəzən ailələrin yanlış anlaşılma ucbatından da dağıldığını deyib: 

"Bəzən elə olur ki, təzə tanış olduğun adam səndən telefonunu, şəkillərini və s. istəyir. Şübhələnirsən ki, axı bunlar onun nəyinə lazımdır? Yaxud da psixoloji təzyiqlərə başlayırlar ki, əgər sən səmimisənsə,
düzgünsənsə, telefonunu yaz danışaq, şəkillərini çək göndər, skaypda danışaq və s. Onda qarşı tərəfə
demək lazımdır ki, əgər sən də səmimisənsə, bunları məndən istəmə. Gələcək sürprizlərlə
qarşılaşmamaq üçün, bu tip əlaqələrdən yaxın ətrafını xəbərdar edə bilərsən ki, filankəs məndən
şəklimi istədi, mən də göndərdim . Onda o adamın şantajının da heç bir effekti olmur. Yəni bilməsi
lazım gələn insanların bildiyi şeyi onlara deməklə nə əldə edəcəksən ki? İndi texnologiya əsridir və
bizim haqqımızda küçədəki təhlükəsizlik kameraları, kompüterlər, telefonlar, evdəki televizorlar
belə ətrafa hər cür informasiyanı ötürə bilərlər. Ona görə də, imkan daxilində ehtiyatlı olmaq
lazımdır. İnsanlarımızı ayıltmaq lazımdır ki, hansısa şəkilə, mesaja, tanışlığa görə ailələrini
dağıtmağa tələsməsinlər. Bəzən çox yaxşı ailələr yanlış anlaşma ucbatından məhv edilir, uşaqlar
ortalıqda qalır. İnsanları tərbiyələndirmək, bizim istədiyimiz kimi olmalarına nail olmaq çox
çətindir. Ona görə də, hər kəs çalışıb münasibətlərini özü tənzimləməlidir. İnsanlara inanmaq və
eyni zamanda ehtiyatı da əldən verməmək lazımdır. Necə deyərlər, itlə dostluq elə, amma çomağı da
əlindən qoyma”.

Yeganə Bayramova