“Milli Teleradio Şurasına müraciət lazım deyil. Çünki qanunvericilik ona bu tip bütün televiziya proqramlarına dair monitorinq aparmaq səlahiyyəti verib”
Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli özəl telekanallarda yayımlanan şou xarakterli verilişlərdən danışıb. Qurum sədri bildirib ki, bu cür verilişlərin hər biri haqqında dosye hazırlanacaq.
O dosyedə verilişlərin tərtibatı və sair məsələlər haqda arayış veriləcək. Arayışda qanunvericiliyə zidd hallar olacağı təqdirdə, bu məsələyə baxılacaq. Şura sədri nəzərə çatdırıb ki, özəl televiziya kanallarında yayımlanan şou xarakterli verilişlərə dair arayış artıq hazırlıq mərhələsindədir: "Bununla bağlı iş mütəmadi olaraq aparılır. Həmin şou verilişlərdə Azərbaycanın qanunvericiliyinə zidd halların olub-olmayacağı ciddi şəkildə araşdırılacaq”.
Şura sədrinin açıqlamasını dəyərləndirən Media Hüququ üzrə ekspert Ələsgər Məmmədli "Şərq”ə deyib ki, MTRŞ lisenziya verən qurum olaraq televiziyaların fəaliyyətinin qanunauyğun olub-olmadığını yoxlaya bilər: "Bunun üçün hansısa məqamı gözləməyə ehtiyac yoxdur. Qanun bu prosesin keyfiyyətli davam etməsini tələb edir. Doğrudur, ABŞ teleməkanlarında monitorinq şikayət ərizəsilə müraciət olunanda aparılır. MTRŞ üçün isə müraciət lazım deyil. Çünki qanunvericilik ona bu tip bütün televiziya proqramlarına dair monitorinq aparmaq səlahiyyəti verib. Bu baxımdan, şurada məlum prosesin aparılması təbii haldır və qurumun səlahiyyəti çərçivəsindədir. Amma onun hansı kriteriyalarla ölçüləcəyi və o verilişlərin mahiyyətinə necə müdaxilə ediləcəyi ikinci məsələdir. Tələblər var və aidiyyəti təşkilat o tələblər çərçivəsində monitorinq aparıb, tövsiyələrini verə bilər”.
Bayağı şou verilişlərə gəlincə, ekspert söyləyib ki, bu cür teleproqramlar cəmiyyətdə birmənalı qarşılanmır və onlara baxmaq sadəcə vaxt itkisidir: "Əlbəttə, bunun aradan qaldırılmasının tək yolu telekanalların öz real funksiyaları ilə məşğul olmasıdır. Televiziyaların maarifləndirmə, xəbərçilik və əyləndirmək kimi funksiyaları var. Bizdə birinci və ikinci kənarda qalıb. Yalnız əyləndirməni seçiblər. O da bayağı formada. Məncə, MTRŞ teleşirkətlərin xəbərləmə və maarifləndirmə funksiyasının təşkilinə yol açmalıdır. Televiziyaların bu imkanları yetir. Sadəcə, onlarda qeyri-rəsmi senzuralar mövcuddur. Hər bir televiziyada kimlərsə oturub, nəzarət edir. Zənnimcə, sadaladığım problemlər aradan qalxsa, telekanallar itirdikləri reytinqi geri qaytaracaqlar”.
Ayyət Əhməd