“Sovetski” sakinləri mütləq razı salınmalıdır

Söküntü aparılan ərazilərdə uyğun kompensasiyalar müqabilində binalar alınmalıdır
“Bura Bakının ən qədim məhəllələrindən biridir, çox qədim tarixi olan binalar həqiqətən də var”


Uzun müddətdir söküntü işləri aparılan "Sovetski” ərazisində mübahisələr səngimək bilmir. Söküntü işlərinin pərakəndə və ehtiyatsız şəkildə aparılmasından şikayətlənən "Sovetski” sakinləri onlara dəyən ziyanın qulaq ardına vurulmasına etiraz ediblər. Sakinlər deyir ki, Abbas Mirzə Şərifzadə küçəsi 45 ünvanında yerləşən tarixi əhəmiyyətli arxitektur bina qəzalı vəziyyətə düşüb.

Söküntü işinə cəlb olunmuş ağır texnika həmin tarixi binaya bitişik yerləşən evlərin dağıdılması ilə məşğul olan zaman ətrafdakı tikililərə də ciddi ziyan dəyib. Söküntüdən kənarda qalan bina sakinlərinin sözlərinə görə, bitişik binanın uçurulması zamanı digər binanın su xətləri sıradan çıxıb, mənzillərin içərisinə su dolub. Pəncərələr sınıb, bu isə orada yaşayan azyaşlı uşaqlara təhlükə yaradıb: "Binaların sökülməsinə heç bir təhlükəsizlik tədbiri görülmədən başlayıblar, necə gəldi sökürlər. Əslində söküntü işləri kompensasiya ödədikdən sonra aparıla bilər. Bu ətrafda binalar biri-birinə bitişik olduğundan divarlar zədələnir, uçma təhlükəsi yaranır”.

"Sovetski” sakini Faiq Əliyevin ona məxsus olan tarixi binanın sökülməsi ilə bağlı şikayətinə cavab verən Yasamal rayon icra başçısının müavini Səməd İslamov münasibət bildirib. Səməd İslamov dağılan həmin binanın memarlıqda siyahıdan çıxarıldığına görə söküləcəyini deyib: "Sökülən evlər dövlət tərəfindən alınıb. Söküntü zamanı kompensasiya ödənilməyən evlərə isə heç bir ziyan dəyməyib”.

"Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev isə "Şərq”ə açıqlamasında deyib ki, bütün söküntüyə gedən ərazilərdə olduğu kimi "Sovetski”də də ərazilərin alınması və sökülməsi ilə bağlı Nazirlər Kabinetinin müvafiq qərarı var: "Ərazinin sökülməsinə başlamazdan əvvəl həmin bölgədə yaşayan sakinlərlə razılaşdırmanı mütləq şəkildə düzgün aparmaq lazımdır. Əvvəlcədən mülkiyyət sahibləri ilə razılaşdırılmalı və uyğun kompensasiyalar müqabilində binalar alınmalıdır. Bundan sonra artıq söküntü işlərinə başlanması daha məqsədəuyğun olar. Nazirlər Kabinetinin uyğun qərarından sonra müvafiq İcra Hakimiyyətinin nizamlaması ilə binaların alınması qaydaları müəyyən edilir. Mülkiyyət sahibinə təqdim olunan sənəddə veriləcək kompensasiyanın məbləği və vaxtı mütləq şəkildə qeyd olunmalıdır”.
Ə.Nuriyev onu da qeyd edib ki, sakinlərin kompensasiyanın məbləğindən və ya razılaşmanın digər müddəalarından hər hansı narazılığı olduğu halda məhkəməyə müraciət etmək hüququ var.
Həmçinin ərazidə mülkiyyət hüququ olan şəxslər söküntünün qeyri-qanuni aparıldığını yəqin edirsə, müvafiq məhkəmə orqanlarının sayəsində məsələni həll etmək mümkündür.
"Sovetski”də yerləşən tarixi binaların sökülməsinə gəldikdə isə ekspert əhəmiyyətli binaların dağıdılmasının əleyhinə olduğunu vurğulayıb: "Sovetski”də söküntü işləri başlayandan uzun müddətdir ki, tarixi əhəmiyyətli binaların sökülməsi ilə bağlı etirazlar səngimək bilmir. Sözsüz ki, bura Bakının ən qədim məhəllələrindən biridir, çox qədim tarixi olan binalar həqiqətən də var. Bu binaların qanunsuz sökülməsi təqdirdə müəyyən ölçü götürülməlidir. Binaların sökülməsi və ya tarixi abidə şəklində təmir olunaraq saxlanması barədə ən doğru qərarı isə Mədəniyyət və Turizm Nazirliyi verməlidir”.

Aysel Aslan