“Sovetski”dən köçənlərin evini siçovullar “basıb”

100 manata görə, Nərimanov rayon Dezinfeksiya İdarəsi hadisə yerinə gəlməyib
Paytaxtın Nərimanov rayonu, Koroğlu Rəhimov 49, bina 98 a ünvanının sakinləri siçovulların əhatəsində qalıb. Bu barədə sakinlər Modern.az saytına məlumat veriblər. Məlumatda binada siçovulların əlindən yaşayışın mümkün olmadığı bildirilir. Məlumat üçün bildirək ki, əvvəllər məcburi köçkünlərin yaşadığı bu binada "Sovetski”də evləri sökülən, mənzillərinin kvadratı az olan sakinlər yerləşdirilib.
Binanın komendantı Yeganə Cəfərova Modern.az saytına faktı təsdiq edib: "Problemlə bağlı Sanitariya və Epidemiologiya Stansiyasına müraciət etdik. Onlar bizdən 100 manat pul istədilər. Həmçinin müqavilə bağlamaq gərəkdiyini bildirdilər. Mən şəxsən möhürüm olmadığına görə müqavilə bağlaya bilmərəm. Həm də biz "Sovetski”dən köçən adamlarıq. Bu məbləği verməyə imkanımız yoxdur”.
Y.Cəfərova problemi özünün həll etdiyini deyib:
"Ona görə də şəxsən özüm dərman alıb dərmanladım. Hazırda binadakı 104 mənzildən yalnız 2-də yaşayış yoxdur. Hamısı da "Sovetski”dən gələnlərdir”.
Məsələ ilə bağlı Nərimanov rayon Dezinfeksiya İdarəsi ilə əlaqə saxladıq. İdarənin rəisi Şura xanım "Şərq”ə açıqlamasında müqavilə bağlanmasının şərt olduğunu dedi:
- Biz təsərrüfat hesablı idarəyik. Dezinfeksiya işlərinin aparılması üçün idarə ilə müqavilə bağlanmalıdır, bundan sonra biz fəaliyyətə başlayacağıq. İdarə qaçqın və məcburi köçkünlərin məskunlaşdığı yaşayış ərazilərini təmənnasız dərmanlayır. 20-dək yataqxana var ki, biz onları pulsuz, müqaviləsiz dezinfeksiya edirik. Lakin göstərilən ünvandakı binada "Sovetski”dən köçürülən sakinlər məskunlaşıb. Digər binalar kimi bu bina ilə bağlı da rayon Mənzil Kommunal Təsərrüfat Birliyi bizimlə müqavilə bağlamalı, ödəniş həyata keçirməlidir. KTB bir dəfə bizi aldadıb, deyib, pul ödəyəcəyik, biz işimizi icra etmişik, ancaq 1 manat da ödəmə etməyiblər. İşçilərin əmək haqqını verə bilmirik. Dezinfeksiya vasitələri, dərman almaq üçün vəsait lazımdır. K.Rəhimov küçəsi, 98 saylı binanın sakinləri idarəyə müraciət etdilər ki, pul yığaq verək, gəlin dərmanlayın. Biz razılaşmadıq. Pulları varsa, dərman alıb özləri dərmanlasın. Daha bizə niyə pul verirlər?! Bura rəsmi idarədir və işin icrası da rəsmi qaydada, müqavilə əsasında olmalıdır.
Nərimanov rayon Mənzil Kommunal Təsərrüfat Birliyi ilə də əlaqə saxladıq. Birliyin səlahiyyətli nümayəndələrindən problemə dair cavab almaq xeyli çətin oldu. Dəfələrlə əlaqə yaratmağa çalışsaq da, birliyin baş mühasibindən sorğumuza günün sonunadək cavab ala bilmədik.
"Bələdiyyələrin Fəaliyyətinin Təbliği” İctimai Birliyinin rəhbəri Vüqar Tofiqli isə bu fikirdədir ki, "Sovetski”dən köçürülmə prosesinin təşkili üçün hökumət konkret vəsait ayırıb. Rayon MKTB sakinlərin sosial problemləri ilə bağlı ortaya çıxan məsələləri həll etməlidir.
Belə çıxır ki, "Sovetski”nin rütubətli, siçovullu məhlələrindən canı qurtaran sakinlər təkrar eyni bəlaya mübtəla olublar. Dərdlərinə çarə edən də yoxdur.
Məlahət Rzayeva