Ermənilər Türkiyə-Rusiya gərginliyindən yararlanmağa çalışır
Ekspertlər isə hesab edir ki, düşmənlərin arzusu gözlərində qalacaq
Rusiya ilə Türkiyə arasında yaranmış gərginliyə ən çox sevinən və bu qarşıdurmadan yararlanmağa çalışan Ermənistandır. Bu sevinc erməni mətbuatında və ictimai fikrində açıq şəkildə görünür. Rus təyyarəsi vurular-vurulmaz Moskvadakı Rusiya Ermənilər Birliyinin sədri Ara Abrahamyan dərhal Putinlə görüşmək üçün randevu istədi.
Kreml rəhbəri ilə Abrahamyanın dost olduqlarını Ermənistan mətbuatı da dəfələrlə gündəmə gətirib. Hətta son zamanlar Putinin Abrahamyanı Ermənistana yönətici olaraq hazırladığı barədə də məlumatlar yayılır. Maraqlısı budur ki, Putin-Abrahamyan görüşündən dərhal sonra "erməni soyqırımı” məsələsi gündəmə gətirildi. Rusiyada bir qrup deputat Dövlət Dumasına "erməni soyqırımı”nı tanımayanların cəzalandırılması ilə bağlı təklif verdilər. Deputatlar "soyqırım”ı inkar edənləri 5 il müddətinə azadlıqdan məhrum etməyi, yaxud onları 500 min rubl (8 min 50 manat) məbləğində cərimələməyi tələb etdilər. Məlum olduğu kimi, Rusiya qondarma "erməni soyqırımı” qanununu 1996-cı ildə Dumadan keçirib. Amma bu yalanın Fransa və İsveçrə örnəyi hələ durur. Söhbət "erməni soyqırımı olmayıb” deyənlərin qanunla cəzalandırılmasından gedir. Görünən odur ki, ermənilər məsələnin parlamentdə qəbul edilməsi üçün əsl fürsətin yetişdiyini zənn edirlər. Bəllidir ki, Rusiya mətbuatında ermənilər sayca çoxdur. Onlar bu məsələni gündəmdə saxlamaq və Türkiyəyə qarşı aparılan kampaniyaları daha təsirli etmək üçün saysız yazılar dərc edirlər. Rus deputatların təklifi Dağlıq Qarabağ problemi yaşayan ölkəmizdə də narahatlıqla qarşılanıb. Heç şübhəsiz, bu təklif qəbul olunarsa, Azərbaycan-Rusiya münasibətlərinə də ciddi təsir edəcək.
Qaldırılan məsələ ilə bağlı "Şərq”ə danışan millət vəkili Elman Məmmədov deyib ki, ermənilərin və ermənipərəst rusların təşəbbüsləri nəticəsiz qalacaq: "Türkiyə-Rusiya arasındakı münasibətlərin daha da gərginləşəcəyini və ya normallaşacağını zaman göstərəcək. Müşahidə olunan odur ki, Rusiyaya rəhbərlik edən şəxs hay-küy kampaniyası aparır. Fikrimcə, bu kampaniya mənasızdır. Türkiyə öz sərhədlərini müdafiə edib, bəs Rusiya haranı, kimi müdafiə edirdi? Qardaş ölkəni ittiham edən Putin müəllimdən soruşmaq lazımdır ki, sənin hərbi təyyarən Suriya-Türkiyə sərhəddində niyə uçurdu? Türkiyə tam haqlıdır. Təyyarə vurulana qədər dəfələrlə Rusiyaya nota verib, xəbərdarlıq edib. Türkiyə qırıcını öz sərhəddində vurub, Rusiya və ya Suriya ərazisində yox. Əlbəttə, olmasaydı, yaxşı olardı. Ancaq baş verdi. İndi hadisədən nəticə çıxarmaq lazımdır, hay-küy salmaq yox. Heç bir dövlətin ərazi bütövlüyünü pozmaq olmaz. Ağıllı dövlət rəhbərləri məsələnin danışıqlar yolu ilə həllinə getməlidir”.
Deputat qondarma erməni "soyqırım”ının gündəmə gətirilməsinə belə münasibət bildirib: "Tarixi həqiqətlərə diqqət yetirmək lazımdır. Əslində 1915-ci il hadisələrinə görə, ermənilər Türkiyədən yox, Rusiyadan təzminat tələb etməlidir. Ona görə ki, həmin ərəfədə erməniləri təşkilatlandıran, silahlandıran, təlimatlandıran və qırğına verən, məhz çar Rusiyası olub. Olaylar zamanı milyonlarla dinc türklər qırılıb, sadəcə iki yüz min erməni yollarda xəstələnib ölüb. Bunu hamı bilir, tarixçilər də təsdiqləyir. Yenidən məsələni gündəmə gətirmək, türkləri qondarma "soyqırım”la hədələmək boş şeylərdir. Türkiyə tək deyil, güclü dövlətdir, NATO hərbi alyansının üzvüdür. Bu ölkənin yanında, ətrafında dost ölkələr var. Öz təhlükəsizliyini və müdafiəsini qorumağa qadir olan bir ölkəni bu cür hədə-qorxu və iqtisadi sanksiyalarla qorxutmağa çalışmaq gülüncdür. Nəzərə almaq lazımdır ki, tətbiq edilən iqtisadi sanksiyaların iki tərəfi var. Əgər sanksiya bir tərəfə ziyan vurursa, digər tərəfə də zərər yetirir. O ki qaldı ermənilərə, bu millət tarixin bütün dövrlərində xəyanətkar mövqedə durub. Fürsət düşən kimi öz mənafeləri baxımından hərəkətə keçiblər. Bu gün də yaranmış vəziyyətdən istifadə etmək niyyətindədirlər. Bu, ermənilərin xislətindən irəli gəlir. Ancaq onların çirkin təşəbbüsü heç bir nəticə verməyəcək”.
İsmayıl