Fazil Mustafa ilə Ziyafət Əsgərov arasında qalmaqal yaşandı
"Biz Milli Məclisə dinləmək üçün gəlmişiksə, oturaq bütün günü dinləyək. Sonra da sakitcə gedək. Yəni siz bunu istəyirsinizsə, bunu edək”
Ötən gün Milli Məclisin növbəti iclası keçirilib. Parlamentin sədri Oqtay Əsədov millət vəkillərinə təkliflərini səsləndirmək üçün imkan yaradıb.
Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı Azərbaycanın I Avropa Oyunlarına ev sahibliyi edəcəyini xatırladaraq deyib ki, bu ərəfədə ölkəmizə qarşı məkrli planlar həyata keçirmək istəyənlər mövcuddur:
"Danılmaz faktdır ki, bu ərəfədə ölkəyə qarşı anti-azərbaycan koalisiyasında birləşən qüvvələr Azərbaycana qarşı şər-böhtan kampaniyasına başlayacaqlar. Buradan həmin qüvvələrə səslənirəm ki, istəkləri baş tutmayacaq. I Avropa Oyunları ərəfəsində həmin qüvvələr heç cür aktiv ola bilməyəcəklər. 2011-ci ildə ölkədə keçirilən "Eurovision” mahnı müsabiqəsində də onlar təxribat xarakterli işlərə əl atmaq istəyirdilər. O vaxt da buna nail ola bilmədilər. Bütün bu kimi halları nəzərə alaraq, oyunların keçirilməsi ərəfəsində bütün imkanlarımızı səfərbər edəcəyik. Buradan bütün xalqa səslənirəm ki, iradəmizi bir yerə qoyaraq həmin şəxslərə birgə müqavimət göstərə bilək”.
Çanaqqala zəfərinin Bakıda qeyd edilməsi "erməni soyqırımı”na tutarlı cavab olar
Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa isə 24 apreldə Ermənistanda və digər ölkələrdə uydurma erməni soyqırımının ildönümü ilə bağlı tədbirlər keçiriləcəyini diqqətə çatdırıb: "Həmin dövrdə ermənilərə özümüzə məxsus cavab verməliyik. Konkret siyasi plan həyata keçirməliyik. Türklər ağıllı addım atdı və həmin vaxt Çanaqqala zəfərinin 100 illiyini qeyd edəcəklər. Biz də bunu əsas götürərək Çanaqqalanın 100 illiyini Azərbaycanda da qeyd etməliyik. Bununla Bakıda həm atəşfəşanlıq, həm də türklərlə həmrəylik nümayiş etdirə bilərik”.
Xanım millət vəkili Qənirə Paşayeva da Çanaqqala zəfərinin 100-cü ildönümünün Azərbaycanda yüksək səviyyədə qeyd edilməsini təklif edib. O, həmkarı Fazil Mustafanın bu istiqamətdə təkliflərini dəstəkləyərək deyib ki, Çanaqqala zəfəri bütün Türk dünyasının zəfəridir: "Çanaqqala zəfərində mindən artıq, bəzi araşdırmalara görə, bundan daha da çox azərbaycanlı Anadoluda, Türkiyə torpaqlarında oradakı qardaş-bacılarımızla vətən mübarizəsində şəhid olaraq, qəhrəmanlaşıblar”. Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu deyən Q.Paşayeva aprelin 24-də Prezident İlham Əliyevin də Çanaqqala zəfərinin 100-cü ildönümü ilə bağlı Türkiyədə dövlət səviyyəsində keçiriləcək tədbirdə iştirak edəcəyi ilə bağlı məlumatlara toxunub və bunu qardaşlığın ən gözəl nümunəsi adlandırıb. Deputat Çanaqqala zəfərinin 100-cü ildönümü münasibətilə həm qardaş Türkiyədə, həm də ölkəmizdə keçiriləcək tədbirlərin qondarma erməni soyqırımı iddiaları ilə çıxış edən güclərə tutarlı cavab ola biləcəyini deyib.
"Elan çox olsa, qorxuram ki, hamı qaçqın statusu almaq üçün Azərbaycana gələr”
"Könüllü surətdə ölkəmizə gələn hərbi qulluqçu Andranik Araratoviç Qriqoryana Azərbaycan pasportu verilməlidir”. Bu təklifi isə "Ümid” Partiyasının sədri, deputat İqbal Ağazadə verib. O bildirib ki, Andranik Araratoviç Qriqoryan Azərbaycan vətəndaşıdır: "Bunun üçün heç bir problem olmamalıdır. Həmçinin düşünürəm ki, digər erməni əsilli Azərbaycan vətəndaşlarına müraciət edilməlidir ki, ölkəmizə gəlsinlər. Hətta 3-cü ölkədən mümkün olsa belə bu addımı atsınlar. Çünki Azərbaycanda milli ayrı-seçkiliklə bağlı heç bir problem yoxdur. Azərbaycanın dövlət orqanları, o cümlədən XİN və Baş Prokurorluq müraciət etməlidir ki, hətta müharibədə iştirak edənlərə güzəşt edilə bilər. Beləliklə, həmin şəxslərə qaçqın statusu verilməsi mümkündür”.
Millət vəkili Zahid Oruc bildirib ki, erməni hərbçisi Qriqoryanın ağ bayraq qaldıraraq Azərbaycan tərəfə keçməsi və söylədikləri həmkarının dediyi addımı atmağı zəruri edir: "Ermənistan dövləti ilə Dağlıq Qarabağ ermənilərinə qarşı fərqli siyasət yürütməliyik. Düşünürəm ki, bunun böyük effekti ola bilər. Biz ağ bayraq qaldıran erməniləri qəbul etməyə nə qədər hazır olduğumuzu nəzərdən keçirməliyik. Dağlıq Qarabağ ermənilərini Ermənistan dövlətinin avantürist siyasətindən azad etmək lazımdır”.
Spiker Oqtay Əsədov isə deputatların təklifinə qısa münasibət bildirib: "Elan çox olsa, qorxuram ki, hamı qaçqın statusu almaq üçün Azərbaycana gələr. O zaman Ermənistanda adam qalmayacaq”.
"Bakcell”i məhkəməyə verəcəm”
Xanım millət vəkili Elmira Axundova isə çıxışında deyib ki, mobil operator şirkəti olan "Bakcell”i məhkəmək niyyətindədir. Deputat qeyd edib ki, onun şəxsi mobil telefonuna gün ərzində aldadıcı və reklam xarakterli smslər gəlir: "Bunların çoxu aldadıcı xarakterlidir. Belə yolla insanların cibini soymaq məqsədi güdürlər. Biz dəfələrlə bu məsələni Milli Məclisdə qaldırmışıq. Mobil operatorlara bu barədə məlumat vermişik. Amma onlar tərəfindən heç bir tədbir görülmür. Təkcə mən yox, bütün abunəçilər bundan narazılıq edirlər”. E. Axundova ilk öncə "Bakcell”dən xahiş, sonra isə tələb edib ki, bu cür mesajların yayılmasına son verilməlidir: "Həmin abunəçilərin müdafiəçisi kimi, "Bakcell”i məhkəməyə verəcəm”.
"Ziyafət müəllim, xahiş edirəm ki, deputatlara sayğısız yanaşmayın”
İclas zamanı vitse-spiker Ziyafət Əsgərovla millət vəkili Fazil Mustafa arasında söz dueli yaşanıb. Söz "atışma”sı deputatın çıxış reqlamentində müəyyən dəyişikliklərin aparılmasını təklifindən sonra başlayıb.
Fazil Mustafa: "Bizə təqdim olunan qanun layihələrində ayrı-ayrı məsələlərin qabağında bundan sonra yazılsın ki, filan məsələ müzakirəsiz olacaq, digər məsələ isə müzakirəli olacaq. Rəhbərlikdə nə qərar qəbul etmisinizsə, bunu bizə deyin. Biz də əziyyət çəkib adımızı çıxışa yazdırmayaq. Adımız yazıla-yazıla təkid edirik ki, söz deyək, amma söz verilmir. Milli Koordinatorun məlumatı dinlənildi. Bəlkə bizim çıxışa dəyərli təklifimiz var idi?”
Ziyafət Əsgərov: "Müraciət olundu ki, çıxış etmək istəyən varmı? Niyə çıxış eləmədiniz? Mən sizin əlinizi görmədim. Torba atmaq lazım gələndə müraciət edirsiniz, amma bu məsələlərdə təkid etmirsiniz?”.
Fazil Mustafa: "Ziyafət müəllim, xahiş edirəm ki, deputatlara sayğısız yanaşmayın. Millətin vəkillərinə bu qədər sayğısız yanaşmaq olmaz”.
Ziyafət Əsgərov: "Mən sayğısız yanaşmıram. Siz düz danışmırsız”.
Fazil Mustafa: "Xahiş edirəm, sözümüzü kəsməyin. Bizim adımız o tabloya yazılıb. Dediniz ki, reqlamenti beş dəqiqə elan edirsiniz. Biz də razılaşdıq. Beş dəqiqədən sonra bir millət vəkili çıxış etdi ki, müzakirələri dayandıraq. Başa düşürəm, onun da hüququdur bu. Amma biz Milli Məclisə dinləmək üçün gəlmişiksə, oturaq bütün günü dinləyək. Sonra da sakitcə gedək. Yəni siz bunu istəyirsinizsə, bunu edək. Əgər istəyiriksə ki, burada bir neçə təkliflər səslənsin, o zaman belə etməyək”.
"Bu nə deməkdir? İndi mətbuat buradadır deyə, siz populist çıxış etməlisiniz?”
F.Mustafa bildirib ki, insan alveri ilə bağlı çox ciddi təklifləri olub: "Söhbət kimisə tənqid etməkdən, ona söz deməkdən getmir. Xahiş edirəm ki, bu məsələlərə diqqət edin. İnsanlardan soruşun ki, kim siyahıdan çıxsa, o zaman səs verin. Kimin sözü varsa, imkan yaradın ki , danışsın. Bundan sonra gərək biz Ombudsmanın, İnsan haqları üzrə koordinatorun, hökumətin, büdcənin hesabatlarının hamısını birləşdirək. Biz də səs verək, sakitcə çıxıb gedək. Bu məsələdə deputatların da rəyini soruşun”.
F.Mustafanın bu cavabı deputatla birinci vitse-spiker arasında gərginliyi daha da şiddətləndirib.
Ziyafət Əsgərov: "İrad bildirmək sizin hüququnuzdur. Amma çıxışınızda məntiq yoxdur. Hörmətli deputatlar əvvəl dedilər ki, beş dəqiqə olsun reqlament. Deputatların ümumi fikri belə idi və biz onu qəbul etməli idik. Burada başqa söhbət olmaz. Sonra dedilər ki, Milli Koordinator ətraflı məlumat verdi. Həmçinin koordinatorun məlumatı deputatlara paylanıb. Mən də müraciət etdim ki, kim çıxış etmək istəyir? Hamısı dedilər ki, istəmirik. Elmira xanım söz istədi, verdik. Mən sonra yenə müraciət etdim. Heç kim istəmədi. Bu nə deməkdir? İndi mətbuat buradadır deyə, siz populist çıxış etməlisiniz? Dəfələrlə müraciət etdim, Fazil bəy, çıxış edərdiniz də. Özü də dedim ki, kim təkid edir? Bu mənim borcumdur ki, sizə söz verim. Sözün vardısa durub deyərdin. Məsələ müzakirə edilib səsə qoyulub, bundan sonra siz mətbuat üçün əlavə materiallar verirsiz. Sizin çıxışınız yerində deyil. Sizin sözünüzü kim kəsir ki?”.
Bundan sonra gündəlikdə olan qanun layihələrinə əlavə və düzəlişlər müzakirə edilərək qəbul olunub.
Anar Bayramoğlu