“Spirtli içkilərin reklamı qadağan olunsun”

Musa Quliyev: “Məktəbli “Pepsi”ni görür, həvəslənir və gedib onu alır”
Vahid Əhmədov: “Tütün, tütün məmulatları ləvazimatlarının, o cümlədən elektron siqaretlərin, siqaret kağızlarının, alışqanların reklamı qadağandır”



Dünən parlamentin iclasında "Reklam haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi keçirilib. Qanun layihəsi 4 fəsil, 39 maddədən ibarətdir. Layihənin müəllifləri İqtisadi siyasət komitəsinin üzvləri Vahid Əhmədov və Əli Məsimlidir.
Layihənin həmmüəllifi, deputat Vahid Əhmədov bildirib ki, layihədə sosial və kommersiya reklamlarının fərqi açıq şəkildə göstərilib.
Deputat Sevinc Fətəliyeva isə qeyd edib ki, layihədə sosial reklamların verilməsi ilə bağlı məsələlərin öz əksini tapması təqdirəlayiqdir.
Zahid Orucun fikrincə, "Televiziya və radio yayımı haqqında” qanunda da dəyişikliklər edilməlidir. O, şou verilişlərinin Azərbaycan televiziyalarında çox olmasını tənqid edib.

"Messinin ayağında top yoxdur, əlində "Pepsi” var”

Müzakirələrə qoşulan millət vəkili Musa Quliyev deyib ki, sosial reklam mülkiyyət formasından asılı olmayaraq bütün KİV-lərdə ödənişsiz olsa, müsbət olardı: "Qanun layihəsində deyilir ki, sosial reklam dövlət və ictimai yayımçılar tərəfindən ödənişsiz, özəl yayımçılar tərəfindən ödənişli əsaslarla yayımlanmalıdır. Bu, sosial reklamın mahiyyəti etibarı ilə düzgün deyil. Həmçinin bu qanun layihəsinin digər maddəsinə də əksdir”.

Deputat qeyd edib ki, məktəb ləvazimatlarının, dəftərlərin üstündə Messinin reklamı gedir: "Messi futbolçudur, ayağında top olmalıdır. Amma dəftərdəki şəklində ayağında top yoxdur, əlində "Pepsi” var”. Bu cür reklamlardan sonra məktəblilərin sərinləşdirici içkilərə marağı artır. Məktəbli "Pepsi”ni görür, həvəslənir və gedib onu alır. Halbuki, bu içkilər insan orqanizminə ziyandır”.
M.Quliyev alkoqollu içkilərin reklamına da münasibət bildirib. O qeyd edib ki, rəsmi idman yarışları zamanı alkoqollu içkilərin reklamına qadağa qoyulmalıdır. Deputat, ümumiyyətlə, spirtli içkilərin reklam edilməsinin əleyhinədir: "İctimai yerlərdə alkoqollu içkilərin reklam edilməsi üçün ayrılan yerlərə diqqət yetirilməlidir”.

"Yerli içkilər reklam edilsin”

Deputat Elton Məmmədov bildirib ki, 1997-ci ildə qəbul edilən reklamın yenilənməsinə ciddi ehtiyac var: "Birinci oxunuşdan sonra layihəyə qiymətlərin tənzimlənməsi maddəsinin əlavə edilməsi layihəyə edilən mühüm əlavələrdəndir. 35-ci maddədə deyilir ki, reklam sahəsində qiymətlər bazar münasibətlərinə uyğun olaraq müqavilə ilə tənzimlənir”. Həmçinin deputat dərsliklərin üzərində reklamların verilməsinin qadağan olunmasını təklif edib: "Açıq reklamların təhsil müəssisələrindən hansı məsafədə olması qanunla müəyyənləşməlidir. Bunun 100-200 metr olmasını qanunla müəyyən etməliyik”. Deputat yerli içkilərin reklamı təklifi ilə çıxış edib: "Dünyanın o başından kimsə pul qazanacaqsa, niyə reklam edək. Yerli bazarı stimullaşdıracaq yerli məhsulları reklam edək”. O həmçinin açıq məkanda reklamı yerləşdirmək üçün icazənin bələdiyyəyə verilməsini təklif edib. Bildirək ki, hazırda bu, icra orqanlarındadır.

"Bütün reklamlar sırf Azərbaycan dilində yayımlansın”

Millət vəkili Azər Badamov vurğulayıb ki, sosial reklam mülkiyyət formasından asılı olmayaraq bütün kütləvi informasiya vasitələrində ödənişsiz olmalıdır: "Mobil operatorlar tərəfindən reklam "sms”lərin göndərilməsinin yalnız yazılı müqavilədən sonra olmasını təklif edirəm. Çünki insanlar bilmədən həmin məktuba razılıq verir ki, bu da ailə büdcəsinin azalması deməkdir. Bütün reklamlar sırf Azərbaycan dilində yayımlansın”.

Deputat Vahid Əhmədov bildirib ki, qanun layihəsinə əsasən hər bir reklam yayıcısı TV və radioda reklam üçün ayrılan efir vaxtının, nəşrdəki reklam yerlərinin və reklam qurğularının ümumi sahəsinin ən azı 8 faizini sosial reklam üçün ayırmağa borcludur: "Sosial reklam efirdə məzmununa uyğun olaraq saat 9:00-dan 24:00-a qədər yayımlanmalıdır. Sosial reklamın yayılma müddəti reklam üçün ayrılan ümumi efir vaxtına aid edilmir. Həmçinin qanun layihəsində reklamın insanlar tərəfindən optimal qarşılanması ilə bağlı reklamlararası intervallar müəyyənləşib.

Qanun layihəsinə əsasən teleradio proqramlarında tündlüyü 5 faizdən yuxarı olan alkoqollu içkilərin reklamının saat 7:00-dan 23:00-dək yayımlanması, tündlüyü 5 faizdən yuxarı olan alkoqollu içkilərin dövri mətbu nəşrin üz qabığında, internetdə, informasiya ehtiyatlarının ön səhifəsində, nəqliyyat vasitələrinin üzərində alkoqollu içkilərin reklamının yerləşdirilməsi qadağandır. Layihəyə əsasən tütün, tütün məmulatları ləvazimatlarının, o cümlədən tənbəki çubuqlarının, qəlyanların, elektron siqaretlərin, siqaret kağızlarının, alışqanlarının reklamı qadağandır.
"Reklam haqqında” qanun layihəsi müzakirələrdən sonra ikinci oxunuşda qəbul olunub.

Anar Bayramoğlu