“Stratfor”un verdiyi proqnozlar xəyaldır

“NATO-ya paralel hansısa bir qüvvənin yaradılması üçün böyük maliyyə vəsaitləri lazımdır”



ABŞ-ın "Stratfor” özəl kəşfiyyat-analitik mərkəzinin təhlilçiləri 2015-2025-ci illərin geosiyasi proqnozunu dərc edib. Məlumata görə, analitiklər qlobal siyasətə geniş aspektdə yanaşaraq müxtəlif regionlarda baş verə biləcək dəyişiklikləri ayrı-ayrı təqdim ediblər.

Həmin proqnozlarda Azərbaycanın da adı yer alır. Analitiklər qeyd edirlər ki, rəsmi Vaşinqton NATO-ya paralel ittifaq yaratmağa çalışacaq. Bura Baltikyanı ölkələrdən Bolqarıstana qədər və daha çox ölkə cəlb etmək nəzərdə tutulub. İttifaqa Türkiyə və Azərbaycanı da cəlb etməyə çalışacaqlar. ABŞ lazım olacağı halda, bu ölkələrə təhdidlərlə bağlı qoşunlar göndərəcək.

Mərkəzin proqnozunu şərh edən tanınmış analitik Arzu Nağıyev "Şərq”ə söyləyib ki, "Stratfor” keçmiş kəşfiyyatçılardan təşkil olunan bir qurumdur. Onların proqnozları heç də təmsil olunduqları dövlətin mövqeyi deyil: "NATO-ya paralel hansısa bir qüvvənin yaradılamsı üçün böyük maliyyə vəsaitləri lazımdır. İndiki dövrdə isə həmin maliyyə vəsaitinin yatırılması inandırıcı deyil. ABŞ və NATO Rusiyaya qarşı hansısa addım atmaq fikirlərini həmişə büruzə verir”.

Ekspert diqqətə çatdırıb ki, Azərbaycanı gələcəkdə yaradılacaq "ittifaqda” görmək yalnız bir xəyal ola bilər: "Ona görə ki, indiki məqamda Azərbaycanın əsas məqsədi Dağlıq Qarabağ münaqişəsini ölkəmizin ərazi bütövlüyü və "Madrid prinsipləri” çərçivəsində həll etməkdir. Bu istiqamətdə hamı ilə tərəfdaş olmağa hazırıq. Düşünürəm ki, bu bizim prioritet məqsədimiz olmalıdır. Lakin "Stratfor”un verdiyi proqnozlar hələ ki, xəyaldır. Onu reallaşdırmaq üçün vaxt və böyük maliyyə vəsaiti lazımdır”.

Ayyət Əhməd