Sumqayıta gedən yolda çatlar böyüyüb

“Hazırda ərazidə texnogen proseslər gedir”


Bakı-Sumqayıt şossesinin Beynəlxalq Avtovağzal kompleksinə yaxın hissəsində yolda çatlar genişlənib. Yolun şəhərə gələn hissəsində çatlarda nəzərə çarpan genişlənmə baş verməyib. Amma yolun Sumqayıt şəhəri istiqamətində yaranan çatlar müəyyən qədər böyüyüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev "Şərq”ə açıqlamasında Bakı Beynəlxalq Avtovağzalı yaxınlığında sürüşmə prosesi getmədiyini deyib. "Həmin çatlar geoloji deyil, texnogen proseslər nəticəsində yaranır. Ona görə də, bu məsələni şəhərin infrastrukturuna cavabdeh qurumlarla aydınlaşdırsanız daha yaxşı olar”.

Beynəlxalq Avtovağzal Kompleksinin qarşısındakı yolda baş verən çökmə ilə bağlı son duruma gəldikdə isə baş geoloq hazırda ərazidə olan ekspedisiya əməkdaşlarından Xidmətə heç bir məlumat daxil olmadığı üçün konkret fikir bildirməyin düzgün olmadığını deyib: "Hazırda ərazidə texnogen proseslər gedir, onların isə geoloji proseslərlə heç bir bağlılığı yoxdur”.

Qeyd edək ki, Ə.Piriyev Bakıda və bölgələrdə yağıntıdan sonra sürüşmə zonalarında aktivləşmənin gözlənilən olduğunu istisna etməyib. Çünki yağıntı sürüşmə lay qatlarına çatandan sonra sürüşmədə aktivləşmə yaranır. Onun sözlərinə görə, Bakıda sürüşmə ərazilərində aktivləşmənin olacağı gözlənilir: "Hazırda paytaxt ərazisinə yağış yağır. Bakı və ətraf ərazilərə yağış düşərsə, Abşeron, Zığ, Bayıl, Badamdar, Masazır, Günəşli sürüşmə ərazilərində aktivləşmə müşahidə olunacaq. Bir müddətdən sonra yağıntıların təsiri özünü büruzə verəcək və qismən də olsa, aktivlik hiss olunacaq”. Baş geoloq Ağsu aşırımında, Bakı-Şamaxı yolunda, Lənkəran zonasında yağışlar olacağı və suyun kütləsinin artacağı təqdirdə, bu ərazilərdə müəyyən qədər aktivləşmənin olacağını da deyib. Lakin qar yağarkən sürüşmə ərazilərində aktivləşmə müəyyən qədər az olduğundan, həmin ərazilərdə gözlənilən sürüşmə hadisələri təhlükəsiz hesab olunur.

"Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli də Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında yeni çökmə hadisəsinin baş vermədiyini təsdiqləyib. "Həmin ərazidə əvvəldən də çökmə var idi. Ərazidə yaradılan süni təpələrin üzərindəki ot qatı suvarılan zaman su torpağı yumşaldır. Bu səbəbdən yolun 5-6 metrlik hissəsində asfalt-beton örtüyü deformasiyaya uğrayıb. Həmin ərazidə avtomobillərin hərəkəti üçün heç bir təhlükə yoxdur”.

Onun sözlərinə görə, yolun Avtovağzala tərəf olan hissəsində bərkitmə işləri aparılır: "İşlər yekunlaşdıqdan sonra yolun hər iki hissəsində asfalt-beton örtüyü götürüləcək. Torpaq bərkidildikdən sonra yola yeni asfalt örtüyü vurulacaq. Hazırda bərkitmə işlərinin bitməsini gözləyirik”.

Şəymən