Süni mayalanma insanları bir-birinə bənzədəcək

“Qanunun qəbulunun dalana dirənməsinin bir çox səbəbi var”



Sonsuzluq və süni mayalanma problemi parlamentdə yenidən gündəmə gətirilib. Millət vəkili Qənirə Paşayeva "Reproduktiv sağlamlıq haqqında” Qanun layihəsinin Milli Məclisdə müzakirəyə çıxarılması təklifi ilə çıxış edib. Xanım deputat bildirib ki, "Reproduktiv sağlamlıq haqqında” Qanun layihəsinin qısa zamanda parlamentdə müzakirəyə çıxarılmasına və qəbul edilməsinə ciddi ehtiyac var:

"Bütün dünyada olduğu kimi, Azərbaycanda da ailə quran gənclər arasında sonsuzluq getdikcə artır. Ailələr arasında sonsuzluğun təxminən 15 faizə qədər çatması ilə bağlı məlumatlar var. Çoxlu sayda ailələr bizə müraciət edir, statistikalara baxırıq, boşanan ailələrin çoxunda övladsızlıq böyük rol oynayır. Bu cür ailələrə tibbi texnologiyaların nailiyyətlərindən istifadə edərək övlad sahibi olmaları istiqamətində dövlət tərəfindən dəstək göstərilməlidir. Bu baxımdan, "Reproduktiv sağlamlıq haqqında” Qanunun parlament müzakirələrinə yenidən çıxarılması çox vacibdir. Orada ziddiyyətə səbəb olan bəzi maddələri layihədən çıxararaq ilkin müzakirələrə gecikmədən başlamalıyıq. Amma süni mayalanma məsələsi də daxil olmaqla, bir sıra vacib məsələlərin daxil olduğu "Reproduktiv sağlamlıq haqqında” Qanun layihəsini qısa zamanda müzakirəyə çıxarıb qəbul etməliyik. Çünki bu, minlərlə insanın həyatı ilə bağlı olan məsələdir. Bu gün süni mayalanma əməliyyatının qiyməti baha olduğundan maddi imkanları orta və aşağı olan insanlar sonsuzluq problemi ilə üzləşdiyi zaman süni mayalanmadan yararlana bilmirlər. Qanun layihəsində isə qeyd edilib ki, bu cür ailələr 10 ilə yaxın övladı olmadığı təqdirdə bir dəfə dövlət tərəfindən pulsuz olaraq bu əməliyyatdan yararlana biləcəklər, yəni süni mayalanma əməliyyatının pulu dövlət tərəfindən ödəniləcək. Bu isə minlərlə ailəyə dəstək deməkdir. Ona görə də bu ailələr bizə müraciət edərək xahiş edirlər ki, qanun layihəsi müzakirəyə çıxarılsın və qəbul edilsin. Mən də onların müraciətlərini burda səsləndirərək parlamentimizi bu məsələni yaxın günlərdə yenidən müzakirəyə çıxarmağa çağırıram”.

"Yaz sessiyasının gündəliyində yoxdur”

"Şərq”ə açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, millət vəkili Musa Quliyev deyib ki, bu məsələ yaz sessiyasının gündəliyində yoxdur. Millət vəkili qeyd edib
ki, bu məsələ dəfələrlə qaldırılıb və ona münasibət də bildirilib. Lakin qanun layihəsinin yaz sessiyasında müzakirə olunacağını gözləməyə dəyməz:

- "Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin müzakirəsi yaz sessiyasının gündəliyində yoxdur. Payız sessiyasında müzakirəyə çıxarılıb-çıxarılmayacağını indidən söyləmək də çətindir.
"Bəs, qanunun qəbulu niyə dalana dirənib” sualına cavabında isə millət vəkili bu barədə dəfələrlə açıqlama verdiyini, qanun layihəsindəki donorluq məsələsinin mübahisələrə səbəb olduğunu deyib.
Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu məsələdə islam adət-ənənələrinin nəzərə alınmasını istəyir. Buna görə də qanun layihəsinin təsdiqlənməsində konkret nəticəyə gəlinmir.

Həkim təhlükəni anladır

Fəlsəfə elmləri doktoru Şəmsiyyə Namazova isə "Şərq”ə açıqlamasında süni mayalanma məsələsinin həmişə geniş müzakirə və mübahisələrə səbəb olduğunu bildirdi:

- Övladı olmayan ailələrə dövlət dəstəyi veriləcəksə, bu, ancaq alqışlanmalıdır. Amma süni mayalanma elə bir məsələdir ki, burada Azərbaycan cəmiyyəti birmənalı mövqe bildirmir. Məsələnin həm müsbət, həm də mənfi tərəfləri var. Müsbət tərəfi budur ki, övlad həsrəti çəkən ailələr arzularına qovuşacaq. Mənfi tərəfi isə bizim mental xüsusiyyətlərimizlə bağlıdır. Azərbaycan Şərq ənənələrini özündə yaşadan ölkədir və biz Şərq ailəsiyik. Düşünmək ki, istər qadın, istərsə də kişi süni mayalanmaya asanlıqla razılıq verəcək, absurd olardı. Bunun özü də ailələrdə böyük problemlər yarada bilər. Qadın istəyəcək, kişi istəməyəcək, yaxud əksinə. Və ailələrdə narazılıqlar, söz-söhbət başlayacaq. Bu məsələlərdə ailələrə sərbəstlik verilməlidir. Bir nəfərin yalnız bir dəfə donor kimi çıxış etməsi şərti də məncə, düzgündür. Çünki bir nəfərin bir neçə dəfə donor kimi çıxış etməsi genetik qohumluqların sayını artıra bilər, həm də irsi xəstəliklərin yayılmasında da mənfi tendensiya kimi ortaya çıxar. Bu, çoxşaxəli problemdir. Həm ictimai, həm sosial tərəfləri var. Süni mayalanma hansısa ailələr üçün çıxış yoludursa, cəmiyyət üçün təhlükəli məqamları var. Süni mayalanma nəticəsində şəxsiyyətin unikallığı getdikcə aradan qalxacaq. İnsanlar biri-birinə bənzəyəcək. Biri-birinin eyni olan insanlar dünyaya gələcək. İslam dini, müqəddəs "Qurani-Kərim” heyvanlar üzərində hər hansı elmi yeniliklər, elmi tədqiqatlar aparılmasını qadağan edir, o ki olsun, insanlar üzərində. Görürük ki, artıq insan öz elmi nailiyyətləri ilə özünün qəniminə çevrilməkdədir. Bioetika elmi məhz bu zərurətdən yarandı. Və insanlara xəbərdarlıq etdi ki, ehtiyatlı olun.

Ş.Namazova hesab edir ki, sonsuzluq probleminin minimuma endirilməsi üçün gənc ailələrə dövlət dəstəyi gərəkdir:

- Bu gün bir çox gənc ailələr var ki, vaxtlı-vaxtında həkim nəzarətindən keçə bilmir, müayinəyə gedə bilmir, lazımi dərman preparatlarını almağa imkanları çatmır. Məncə, gənc ailələrlə bağlı xüsusi dövlət proqramı işlənməlidir. Bəzən gənc ailələr sadəcə, həkim bilgisizliyinin qurbanına çevrilirlər. İllərlə müalicə alırlar, heç bir nəticəsi olmur, sonunda məlum olur ki, artıq orqanizm zədələnib və artıq valideyn olmaq imkanlarını itiriblər. Ona görə də ailələrə ilkin mərhələdə yardım göstərilməsi vacibdir. Azərbaycan Avropaya, mütərəqqi dünyaya inteqrasiya yolunu tutmuş bir ölkədir. Bir halda ki, dünyanın bir çox ölkələrində süni mayalanma ilə bağlı qanunlar qəbul edilib, biz də bunu edə bilərik. Amma qanunun qəbulu başqadır, onun işləməsi başqadır. Qanunlar qəbul olunduqdan sonra onların işlək mexanizmlərinin tapılması üçün bir qədər müddət lazım gəlir. Ümid edək ki, bizdə qanunun işlək mexanizmləri tez bir zamanda tapılacaq.

Süni mayalanma problemi həll edirmi?

Ş.Namazova qeyd etdi ki, sonsuzluq ikiarvadlılıq, məişət zorakılığı problemlərini yaradır:

- Amma ilk növbədə onu bilmək lazımdır ki, burada söhbət nədən gedir? Qadın sonsuzluğundan, yoxsa kişi sonsuzluğundan. Çox zaman donor həyat yoldaşı olur. Hətta sonsuzluğun aradan qaldırılması üçün 1 faiz şans varsa, istər qadın, istərsə də kişi tərəfindən, belə olan halda ailə cütlüklərinin özləri donor qismində iştirak etməlidir. Çünki biz Azərbaycanda tamam kənar bir şəxsin donorluğunun qəbul edilməsi halına yəqin ki, çox nadir halda rast gələ bilərik. Adətən, donorların kimliyi anonim saxlanır. Ancaq bu, sonradan ailələr üçün problem yaratmayacaq ki? Deyək ki, uşağın atasının həqiqi kimliyini bilmək hüququ tanınacaqmı? Ailələrin sonsuzluq probleminin həllinə dövlət dəstəyi çox yaxşı olar. Ancaq burada artıq problemin son mərhələsindən bəhs edilir. Bəs ilkin mərhələ barədə nə vaxt düşünəcəyik? Problem varsa, onu doğuran səbəblər araşdırılmalıdır. Səbəblər göstərilməlidir ki, problemdən çıxış yolları da ortaya qoyulsun. Süni mayalanma sonsuzluq probleminin tam həlli deyil. Bu, ancaq 1-2 faiz insana kömək edə bilər. Sonsuzluğun daha dərin kökləri var. Qidalanmadan tutmuş, gənclərin sağlamlığı, həkim nəzarətindən keçməmələri, periodik müayinələrə cəlb olunmama, gənc ailələrə sosial yardımlar... Bunlardan danışılmalıdır və problemin aradan qaldırılması üçün ciddi tədbirlər görülməlidir.

Məlahət Rzayeva