Super-marketlərdə qiymət şoku...

41 manata “qızılı turp”, 82 manatlıq uzun konfet rəfi sosial şəbəkələri də “dilə” gətiribEyyub Hüseynov: “Hazırda satışda sertifikatlaşdırılmamış 800 adda mal var. Bununla bağlı biz konkret sənədlərə malikik”
Şəhərdə şayiələr gəzir ki, hansısa ölkədən "qızıl turp” gətirilib, onu yeyən cavanlaşır. Düzdür, bir az (41 manat!) bahadır, amma varlığa nə darlıq. Cavanlaşmaq, gözəlləşmək istəyənlər pulundan da, malından keçir. Əlbəttə, turpun qiymətindən başqa, qalanları bir zarafatdır.
Bu "möcüzəli” turp barədə həmkarımız Əzizə İsmayılova sosial şəbəkədə məlumat və şəkil paylaşıb. "Gənclik Mall”da çəkilmiş fotoda "qızılı turp - kiloqramı 41,49 qəpik” lövhəsi əksini tapıb.
İndi, külli şəhər camaatı bu suala cavab axtarır ki, bu necə, nə cür turpdur ki, qiyməti 41 manat yarımdır? Hələ bu harasıdır; super-marketlərdə nübar meyvələr də satışa çıxarılıb artıq. Alçanın kiloqramı nə az, nə çox, 40 manatdır. Marketlərdə elə meyvə-tərəvəzlər satılır ki, heç nağıl kitablarında da görünməyib. Yəqin, belə də olmalıdır. Həyat nağıl deyil axı. Reallıqdır. Və bu real həyatda nəinki 40 manata turp, ya da alça, hətta kiloqramı 200 manata da alça, 80 manatlıq konfetlər və s. satılır.
Fantastika...
"Gənclik Mall”dakı qiymətlərlə bağlı xəbər saytları maraqlı məlumatlar yerləşdirib. "Qafqazinfo” saytında bu barədə yazılanlar diqqətimizi çəkdi:
"... Super-marketə girən kimi ilk qarşılaşdığımız məşhur qızılı turp oldu. Ancaq turpun qiymətində müəyyən dəyişiklik var: 2-3 gün əvvəl 41 manata olan turpa nə az, nə çox, 30 manat endirim edilib. Hazırda tərəvəzin qiyməti 11 manat 63 qəpikdir.
Ancaq yenə də super-marketdə 25 manata Çili bibəri, 42 manata qırmızı bibər və başqa tərəvəzlərlə qarşılaşmaq mümkündür. Marketdə olduğumuz zaman elə alıcılar da bu turpa almaq üçün yox, şəkil çəkdirmək üçün yaxınlaşırdı (turpun hörmətinə bax - M.R).
Tərəvəzlərin digər marketlərdə görməyə öyrəşmədiyimiz qiymətlərinə baxan zaman mağazada səsləndirilən anonsun "ən sərfəli super-market” hissəsi diqqətimizi çəkdi. Qərara aldıq ki, mağazanı bir az da gəzib digər məhsulların qiymətilə maraqlanaq. Məlumat lövhələrində qeyd olunduğu kimi, həqiqətən də çeşid bol, xidmət yüksəkdir. Ancaq başqa super-marketlərlə müqayisə etdiyimiz zaman qiymətlərin sərfəli olduğunu deyə bilmərik. Mağazada qiymətlərin hamısı 82 manata olan uzun bir konfet rəfi də diqqətimizdən yayınmadı.
Qiymətlər, xüsusilə də tərəvəzlərin dəyəri, onların hansı ölkədən idxal edilməyi ilə bağlı "Azərbaycan Super-market MMC”nin marketoloqundan soruşmaq istəsək də, orada olmadığını bildirərək onun əlaqə nömrəsini verdilər.
Nömrəylə əlaqə saxladığımız zaman isə həmin xanım bizə turpun qiymətilə maraqlanmaqdansa, yeni açılmış mağaza haqqında material hazırlamağı məsləhət gördü.
Qarşılaşdığımız qiymətləri müqayisə etmək üçün əvvəlcə ticarət mərkəzinin 100 metrliyində yerləşən, daha sonra isə paytaxtın digər hissələrində olan mağazalar şəbəkəsində olduq. Düzü, heç birində qızılı turp tapa bilməsək də, ağ və qara turpların qiymətilə maraqlana bildik. Qara turp: 1 manat 5 qəpik, ağ turp 1 manat 50 qəpik...
"Marketlərdə qiymətlər 25 faiz şişirdilir”
Bunu isə "Şərq”ə açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi. AİB sədri İqtisadiyyat Nazirliyini yarıtmaz qiymət siyasəti yürütməkdə ittiham etdi:
- Cənab İlham Əliyev hələ 2011-ci il 10 yanvar tarixli müşavirədə şişirdilmiş qiymətlər, kartel sövdələşmələri, inhisarçılıqla bağlı narahatlığını bildirmişdi və aidiyyətli qurumlara da konkret göstərişlər vermişdi. Lakin təəssüf ki, bazar iqtisadiyyatına nəzarət etməli olan qurumlar bundan nəticə çıxarmadı. Bir çox qurumlar çörəyin qiymətinin sabit saxlanması ilə öyünür, lakin bunu dərk etmək istəmirlər ki, çörək istehlak səbətində 2 faiz yer tutur. Bəs digər istehlak mallarının qiymətindəki artımları nəylə izah edə bilərlər? İstehlak mallarının qiyməti demək olar hər gün artır. Bu gün 2 manata aldığın məhsul, ertəsi gün 2 manat 50 qəpik olur. Misal üçün deyirəm. Hökumət heç bir ciddi tədbir görmür. Ölkədə istər gündəlik tələbat mallarının, istərsə də ərzaq mallarının qiymətləri anormaldır. Hansısa ölkədən gətirilən "qızılı turp”un qiyməti 41 manatdır. Siz 40 manata deyirsiz, kiloqramı 200 manata da alça var. Bu, anormallıqdır. Hazırda satışda sertifikatlaşdırılmamış 800 adda mal var. Bununla bağlı biz konkret sənədlərə malikik. Azərbaycan bazarında həm keyfiyyət, həm də qiymət problemi mövcuddur. Sağlam rəqabət mühiti yaradılsa, belə olmaz. Nə Kənd Təsərrüfatı Nazirliyi, nə də İqtisadiyyat Nazirliyi bazar iqtisadiyyatını qura bilir.
E.Hüseynov meyvə-tərəvəzlərdəki "qiymət fantastikası”na bir neçə amilin təsir etdiyini dedi:
- Əvvəla, bu meyvə-tərəvəzlər xarici ölkələrdən gətirilir. İkinci səbəb budur ki, gətirilən malın hansısa satış obyektinə, istər market olsun, istərsə də bazar, yerləşdirilməsi üçün sahibkardan əlavə xərc tələb olunur. Hətta bir malın super-marketdə satışını təşkil etmək üçün, təsəvvür edin ki, nazirlər səviyyəsində tapşırılmaq lazım gəlir. Malın marketə yerləşdirilməsinə pul alınır, rəfdə yer üçün pul alınır, aylıq satış üçün yenə pul alınır, malın dövriyyəsindən asılı olaraq yenə pul alınır. Market rəhbərliyi sahibkarın qarşısına şərt qoyur ki, satıcı sənlikdir. Satıcı tap, əmək haqqını da özün ödə. Yəqin, fikir vermisiniz, bəzi marketlərdə ümumidən kənar, yalnız bir rəfə
cavabdehlik daşıyan satıcı xanımlar olur. Bir söz soruşanda deyirlər, biz ancaq bura baxırıq. Bax bu satıcıları sahibkar özü maliyyələşdirir. Malını satdırmaq üçün satıcı tutmalı olur. Ona görə də marketlərdə qiymətlər çox bahadır. 25 faiz şişirdilmiş qiymətlərdir. Bizdəki kimi anormal qiymətlər bəlkə də dünyanın heç bir ölkəsində yoxdur.
İqtisadiyyat Nazirliyi marketlərdə satış qaydaları təyin etməlidir və qaydalara əməl etməyənlər də ciddi cəzalanmalıdır. Ümumiyyətlə, marketlərin işində böyük fırıldaqlar var. Marketlərdə külli miqdarda pul dövriyyədən gizlədilir. Və təbii ki, vergidən yayınma hallarına yol verilir.
Xarici meyvələr dərmanlanır
E.Hüseynov xarici ölkələrdən gətirilən məhsulları alarkən ehtiyatlı olmağı tövsiyə etdi:
- Çox adamı bu sual düşündürür ki, qış aylarında təzə meyvə-tərəvəz haradan gətirilir, onlar təhlükəlidirmi? Mən ötən ay Yeni Zelandiyadaydım. Orada alça yetişmişdi. Yəni, bu, iqlim şəraitindən asılıdır. Bizim ölkədə may-iyun aylarında yetişən meyvələr, hansısa ölkədə martda-apreldə yetişir. Bizdə qış olanda, dünyanın hansısa ölkəsində yay fəslidir və meyvələr də yetişmiş olur. Ancaq bir məsələ var ki, o meyvələrin ölkəmizə gəlib çıxması üçün müəyyən dərman preparatlarından istifadə olunur ki, məhsul xarab olmasın. Həmin məhsul bəlkə də bir aya gəlib Azərbaycana çıxır. Qapalı halda gəlir, anbarlarda saxlanılır, müəyyən temperatur rejiminə riayət edilir və s. Böyük ehtimalla meyvələrin keyfiyyətinə bunlar hamısı təsir edir. Ona görə də ən yaxşısı, yerli məhsullarımızdır. Aprel ayında alça yeməsələr, nə olacaq? Gözləsinlər, bir azdan çiyələk də yetişəcək, alça da, gilənar da, gilas da. Vacibdir ki, Yeni Zelandiyanın alçasını yesinlər?!
Məlahət Rzayeva