Suriya bazarlığı...

Putin istəsə müharibəni bir telefon zənginə də bitirə bilər
52-ci Münhen Təhlükəsizlik Konfransının əsas müzakirə mövzusu Suriyadakı vətəndaş müharibəsi və qaçqın böhranı olub. Konfransa 50 ölkədən təxminən 600 qonaq qatılıb. Suriyada Əsəd rejiminə verdiyi hərbi dəstəyə və hava əməliyyatlarında mülki insanları hədəf aldığına görə, Rusiya hökuməti Avropa dövlətləri tərəfindən sərt tənqidlərə məruz qalıb. Ancaq Rusiyanın Baş naziri Dmitri Medvedyev bombardmanlardan sadə vətəndaşların zərər görmədiyini iddia edib.
Medvedyev deyib ki, Rusiyanın, Suriya əməliyyatlarında gizli bir hədəfi yoxdur: "Suriyada çox sayda ruslar var, onların geri dönüb terroru torpaqlarımıza daşımasına icazə verə bilmərik. Bu insanlar orada qalmalıdır. Bir daha bəyan edirəm ki, rus hərbiçiləri heç bir mülki vətəndaşa zərər vermirlər”.
ABŞ və Rusiya danışıqlara başlayacaq...
ABŞ Prezidenti Barak Obama və Rusiya Prezidenti Vladimir Putin Suriyadakı son vəziyyəti müzakirə ediblər. Telefon danışığında Putin Obamaya terrora qarşı birgə mübarizə aparılmasının vacibliyini bildirib. Həmçinin, prezidentlərin Münhen Təhlükəsizlik Konfransında Suriya ilə bağlı qəbul edilmiş qərarların həyata keçirilməsi ilə bağlı həmfikir olduqları qeyd edilib. İki ölkə rəsmiləri arasında danışıqların həftə sonu keçiriləcəyi güman edilir. Müzakirələrin ABŞ və Rusiya aviasiyası arasında məsafə və rabitə zamanı hansı dildən istifadə edilməsi məsələlərini əhatə edəcəyi gözlənilir. Rusiya tərəfi bildirib ki, onların əsas hədəfi İŞİD adlanan qruplaşmadır. Lakin Rusiya hava zərbələrinin Suriya rəhbəri Əsədə müxalif olan üsyançı qrupları hədəf almasına dair narahatlıq mövcuddur. Həmçinin, ABŞ və onun NATO-dakı müttəfiqləri rus təyyarələrinin Türkiyənin hava məkanını pozmasından da narahatdırlar. Xatırladaq ki, ABŞ və Rusiya arasında hava təhlükəsizliyi ilə bağlı keçən il oktyabrın 1-də videokonfrans olub. Ancaq o gündən sonra Moskva müzakirələrə qatılmayıb.
Lavrov və Kerri də Suriyadakı vəziyyəti müzakirə ediblər...
Rusiya Xarici işlər naziri Sergey Lavrov ABŞ Dövlət katibi Con Kerri ilə Münhendə keçirilən görüş zamanı "iki ölkə hərbiçilərinin Suriya ərazisindəki fəaliyyətinin əlaqələndirilməsi” mövzusunu müzakirə ediblər. Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib. Zaxarova bildirib ki, görüşün keçirilməsi təşəbbüsü ilə ABŞ tərəfi çıxış edib. Xatırladaq ki, Lavrov Münhen Təhlükəsizlik Konfransı çərçivəsində ABŞ-ın Dövlət katibi Con Kerri ilə ikinci dəfə bir araya gəlib.
"Suriya müxalifəti ilə Əsəd arasında atəşkəs əldə olunub”
ABŞ-ın dövlət katibi Con Kerri Bəşər Əsəd hakimiyyətinin müxalifətlə atəşkəs əldə olunması ilə bağlı razılığa gəldiyini bəyan edib. Kerri bəyan edib ki, atəşkəslə bağlı razılığın ilk işi Suriyada müxalifətə humanitar yardımları artırmaq və bu yardımların onlara çatmasını təmin etməkdir. Daha sonra isə ölkədə vətəndaş müharibəsinin bitməsini təmin etməkdir: "Biz bu istiqamətdə
artıq razılıq əldə etmişik. Kiməsə iddialı görünə bilər. Ancaq hər kəs Suriyada sabitliyin bərqərar olmasında maraqlı olmalıdır. Suriyada artıq 5 ildir ki, vətəndaş müharibəsi gedir. İndi isə bu müharibənin dayandırılması üçün fürsət yaranıb. Qarşıdakı bir neçə gün ərzində bu istiqamətdə səmərəli addımlar atılmalıdır”.
Türkiyə-Almaniya arasında Suriya məsələsi müzakirə olunub
Türkiyənin Baş naziri Əhməd Davudoğlu Almaniya kansleri Angela Merkellə Suriya ilə bağlı son vəziyyəti müzakirə edib. Anadolu Agentliyinin məlumatına görə, Davudoğlu Suriyada davam edən proseslərin yüz minlərlə mülki insanın növbəti köç dalğasını yaradacağını, bunun isə sadəcə Türkiyəni deyil, Avropa Birliyini də təhdid etdiyini bildirib. Məlumata görə, Davudoğlu Merkelə PYD-nin hücumlarına imkan verilməyəcəyini, silahlı qüvvələrin terrorçulara qarşı daim amansız olacağını deyib.
Türk ordusu Suriyadakı terrorçu qruplaşmaya qan uddurur...
Türkiyə Silahlı Qüvvələri növbəti dəfə PYD-PKK terror təşkilatlarının Suriyanın Hələb şəhərinin Azez qəsəbəsindəki mövqelərinə artilleriya zərbələri endirib. Baş nazir Əhməd Davudoğlu terrorçulara qarşı bir neçə tələb səsləndirib. Onun sözlərinə görə, PYD dərhal Azez qəsəbəsinin ətrafını tərk etməli və bura bir daha yaxınlaşmamalıdır: "Onlar, "Minnak” aeroportundan Türkiyə və Suriya müxalifətinə qarşı istifadə edirlər. Bu aeroport dərhal azad edilməlidir”. Terror qruplaşmasının siyasi qanadı olan PYD-nin həmsədri Salih Müslim rəsmi Ankaranın tələblərini rədd etdiklərini açıqlayıb. Müslim Türkiyənin müdaxiləsinə qarşı dirənəcəklərini bildirib.
Suriya BMT-yə Türkiyədən "şikayət” edib...
Suriya hökuməti ölkənin şimalında kürd yaraqlılarına qarşı Türkiyənin hərbi fəaliyyətini pisləyib və bu halı ölkə suverenliyinin pozulması kimi qiymətləndirib. Suriya BMT Təhlükəsizlik Şurasına tədbir görülməsi üçün çağırış edib: "Suriya ərazisini atəşə tutan türk artilleriyası silahlı terror təşkilatlarına birbaşa dəstək olur”. Xatırladaq ki, Ankara Suriyadakı kürd yaraqlılarını Türkiyədə muxtariyyət üçün çoxillik kampaniya keçirən qadağan olunmuş PKK-ya müttəfiq hesab edir.
Lakin ABŞ və bir sıra Avropa dövlətləri kürd döyüşçülərini İŞİD-ə qarşı mübarizədə dəstəkləyir. Suriya ilə yanaşı, Rusiya və Fransa da Türkiyəni Suriyanın şimalında kürd yaraqlılarına qarşı hücumu dayandırmağa çağırıb.
"Putin Suriyadakı müharibəni bir telefon zəngi ilə bitirə bilər”
Bu barədə Böyük Britaniyanın xarici işlər naziri Filip Hammond bildirib. Onun sözlərinə görə, Suriya Prezidenti Bəşər Əsəd yalnız Rusiyanın dəstəyi ilə hakimiyyətdə qala bilər: "Planetdə yalnız bir nəfər var ki, təkcə bir telefon zəngi ilə Suriyada vətəndaş müharibəsinə son qoya bilər. Bu, Prezident Putindir. Əsəd Prezident postundan gedəcək, yoxsa qalacaq? Bu, Rusiyanın onu kənarlaşdırmaq üçün öz təsirindən istifadə edib-etməyəcəyindən asılıdır”. Britaniya XİN başçısı, eyni zamanda Rusiyanı BMT-nin qətnamələrini yetirməyə çağırıb. Hammond Rusiyanın hava zərbələrinin müxalifəti zəiflətdiyini bildirib. Onun fikirincə, buna baxmayaraq, Əsəd ordusu müxalifətçilərin boşaltdığı əraziləri ələ keçirə bilməyəcək: "Suriya rejiminin bu rayonlara nəzarəti təmin etmək üçün gücü və təsisatı yoxdur. Ruslar aviasiyadan istifadə edirlər. Onlar müxalifəti geri çəkilməyə məcbur edə bilərlər. Amma rejim bu ərazilərə nəzarət edə bilmək imkanları nümayiş etdirməyib. Hazırkı vəziyyət dalanı xatırladır”.
İsmayıl