“Böyük ehtimalla Rusiya ABŞ-dan xahiş edəcək ki, Vaşinqton Türkiyəni çox dəstəkləməsin. Çünki bu cür dəstək Türkiyə ilə Rusiyanı savaş meydanında üz-üzə gətirə bilər”
“Suriyada müharibə həlledici mərhələyə keçib”
Fərhad Mehdiyev: “Əsəd inanır ki, Türkiyədən gələn yardımların kəsilməsi sayəsində ölkə müxaliflərini boğa biləcək”
“Böyük ehtimalla Rusiya ABŞ-dan xahiş edəcək ki, Vaşinqton Türkiyəni çox dəstəkləməsin. Çünki bu cür dəstək Türkiyə ilə Rusiyanı savaş meydanında üz-üzə gətirə bilər”
“Böyük ehtimalla Rusiya ABŞ-dan xahiş edəcək ki, Vaşinqton Türkiyəni çox dəstəkləməsin. Çünki bu cür dəstək Türkiyə ilə Rusiyanı savaş meydanında üz-üzə gətirə bilər”
Rusiya Dumasının deputatı, komitə sədri Konstantin Kosaçov Türkiyəni Rusiya və İranla hədələyib. Kosaçov Türkiyənin Suriyaya girəcəyi təqdirdə Qərbdən dəstək ala bilməyəcəyini, əksinə Rusiya və İranı qarşısında görəcəyini deyib: "Türkiyə son davranışları ilə Suriya məsələsini gərginləşdirməyə çalışır. Ancaq, Ankaranın başladığı bu xəttin Qərb müttəfiqləri tərəfindən dəstəklənmədiyini xatırlatmaq istəyirəm.
Qərb Suriya böhranının danışıqlar yolu ilə həllinin tərəfdarıdır”. Xatırladaq ki, Rusiya Suriyaya İŞİD-i zərərsizləşdirmək bəhanəsi ilə girib. Lakin, ABŞ və Avropa dövlətləri, eləcə də Türkiyə Moskvanın Suriyada İŞİD-i deyil, müxalifləri və dinc əhalini vurduğunu bildirir. Son prosesləri şərh edən ekspertlərə görə, ABŞ və Rusiya danışıqlarla bağlı razılığa gəlsə də, rəsmi Ankara ilə Moskva arasında müharibənin başlanma ehtimalı getdikcə güclənir. Türkiyə Prezidenti
Ərdoğanın İraqda edilən səhvə Suriyada yol verilməyəcəyini söyləməyi də müharibə riskinin yüksək olduğunu göstərir. Siyasi şərhçilərə görə, Rusiya Türkiyənin Suriyaya müdaxilə etməsi üçün əlindən gələni edir. Suriya böhranı ətrafında baş verənlər, Münhen konfransı, ABŞ-Rusiya danışıqları və Türkiyə-Rusiya gərginliyi ilə bağlı "Şərq”in suallarını cavablandıran Qafqaz Universitetinin professoru Fərhad Mehdiyev Suriya məsələsi ilə bağlı keçirilən görüşlərin, aparılan müzakirələrin görüntü xarakterli olduğunu deyib.
- Münhen konfransından sonra Suriya məsələsində yeni bir mərhələnin başlayacağını iddia edirlər. Sizcə, aparılan müzakirələrdə nəticə əldə olunacaqmı?
- Münhen konfransı, əslində çox da böyük əhəmiyyətə malik deyil. Necə ki, bundan əvvəl Cenevrə 1, 2 və 3 konfranslarında heç bir nəticə əldə olunmadı, eləcə də sonuncu toplantıdan müsbət irəliləyiş gözləmək sadəlövhlükdür. Belə məsələlər konfranslarla həll olunmur. Əvvəlki konfranslarda qəbul olunan atəşkəs anlaşmalarına da tərəflər riayət etməyiblər. Hətta ABŞ-ın Təhlükəsizlik Şurasının qərarları belə havada qalıb. Suriyadakı vəziyyət hamıya bəllidir. Orada müxtəlif cəbhələrdə qanlı döyüşlər gedir. Həm də Suriyada aparıcı mövqeyə sahib olan güclər konfransda öz mövqelərində qalırlar. Rus qırıcılarının bombardmanı nəticəsində Əsəd ordusu irəliləyir. Türkiyənin Suriya müxalifətinə lojistik dəstək vermək imkanları da azalır. İndiki şəraitdə Suriyada dəhşətli müharibə ehtimalı həlledici mərhələyə keçib. Əsəd inanır ki, Türkiyədən gələn yardımların kəsilməsi sayəsində ölkə müxaliflərini boğa biləcək. Türkiyə hökuməti Suriya müxalifətinə hansı formada dəstək verəcəyi ilə bağlı konkret qərarını verməlidir. Hazırda Türkiyə gündəmində olan ən vacib məsələ budur. Üzərində ən çox dayanılan məsələ isə quru qoşunlarının Suriya ərazisinə yeridilməsidir. Müdaxilənin hansı formada həyata keçiriləcəyi ilə bağlı yekun qərar verilməlidir. Əks təqdirdə, Türkiyə öz sərhəddindən dəstək verməklə kifayətlənəcək. Rusiya da öz növbəsində Əsəd güclənənə qədər ona yardım edəcək. Çünki Moskva Bəşər Əsəd hökumətini legitim sayır.
- Belə çıxır ki, indiki məqamda ABŞ-la Rusiya arasında başlamış danışıqlar da müsbət nəticə verməyəcək?
- Danışıqlar söhbəti Kremlin beynəlxalq ictimaiyyətə hesablanmış oyunudur. ABŞ-Rusiya müzakirələri sırf Türkiyənin aktivləşməsi ilə bağlıdır. Böyük ehtimalla Rusiya ABŞ-dan xahiş edəcək ki, Vaşinqton Türkiyəni çox dəstəkləməsin. Çünki bu cür dəstək Türkiyə ilə Rusiyanı savaş meydanında üz-üzə gətirə bilər. İndiki danışıqların əsas müzakirə mövzusu budur. Nəticəsini isə zaman göstərəcək.
- Əgər Türkiyə Qərb dövlətlərindən istədiyi dəstəyi ala bilməzsə, Suriya məsələsində hansı mövqeni tutmalıdır?
- Artvinlə Kobani arasında bir sahə var. Bu ərazi hazırda İŞİD-in nəzarəti altındadır və orada Əsədin qoşunları yoxdur. Əgər Türkiyə həmin əraziyə girib, orada tompon bölgə yaradarsa, ən optimal variantı seçmiş olar. Hesab edirəm ki, Türkiyə bu vəziyyətdə aviasiya dəstəyi olmadan, yəni quru qoşunları ilə 10-15 kilometrlik bir tompon bölgə yaradarsa, bu sahəni öz sərhədləri daxilindən top atışları ilə də qoruya bilər. Bu halda Rusiyanın proseslərə müdaxilə etmək imkanı çox olmayacaq. Çünki Əsəd qüvvələrinin olmadığı bir yerdə rus ordusu nəyisə bəhanə edib hərbi gücdən istifadə edə bilməyəcək. Xüsusən, Türkiyə tompon bölgədə qırıcılardan istifadə etməzsə, Rusiya da öz növbəsində qırıcılarını işə sala bilməz. Ancaq Türkiyə birbaşa Kobaniyə girərsə, bir qədər mürəkkəb vəziyyətlə üzləşəcək və orada olmasını əsaslandırmağa çətinlik çəkəcək.
- Azərbaycan XİN rəhbərinin müavini Araz Əzimov Suriyada Bəşər Əsəd rejiminin mövqeyini dəstəklədiyini dedi və bəyan etdi ki, Əsəd ölkənin ərazi bütövlüyünün qarantıdır. Əzimovun bu açıqlaması ictimaiyyətdə birmənalı qarşılanmadı. Bu barədə düşüncəniz nədir?
- Bizim Türkiyə və Rusiya ilə münasibətlərimiz bəllidir. Şəxsən mənim fikrimcə, mövcud siyasi şəraitdə Araz Əzimov Suriya məsələsinə toxunmasaydı, daha yaxşı olardı. Əslində, XİN rəsmisinin dediklərində həqiqət var. Məlumdur ki, Rusiyanın müdaxiləsi olmasaydı, Əsəd yüz faiz hakimiyyətdən gedəcəkdi. Amma konkret bunu da iddia etmək olmaz ki, əgər Bəşər Əsəd hakimiyyətdən getsə, Suriyada sabitlik bərpa olunacaq və hər şey düzələcək. Bəlkə əksinə olacaq və ölkədə anarxiya davam edəcək?! Yaxın Şərq ölkələrində rejim dəyişikliklərindən sonra baş verənləri hamımız gördük. Suriyada əvvəlki dövrdə, yəni Əsədin diktatorluğu altında müəyyən sabitlik var idi. Bunu inkar etmək olmaz. Amma indiki həssas məqamda açıqlamalara diqqət yetirmək lazımdır. Bu sözdən sonra Türkiyə hökumətinə bildirmək lazımdır ki, XİN rəsmisinin belə açıqlama verməsi bir qədər zərurətdən irəli gəlir. Əslində biz hər zaman Türkiyənin yanındayıq. Sadəcə olaraq Rusiya ilə münasibətləri ehtiyatlı qurmağa məcburuq.
İsmayıl