Sürücüyə silah çıxaranın psixoloji durumu araşdırılmalıdır

Belə hadisələrin yaranmasının başlıca səbəbi insanın informasiya ilə yüklənməsidir


Bakıda avtobus sürücüsünün üstünə silah çıxaran sərnişin haqda cinayət işi başlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, sərnişin, 1988-ci il təvəllüdlü Bərdə sakini Orxan Orucov barəsində Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə ( Maddə 221.3 - Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) Binəqədi Rayon Polis bölməsində istintaq başladılıb.

O.Mansurzadə bildirib ki, hazırda O.Orucovun yerinin müəyyənləşdirilməsi və tapılaraq məsuliyyətə cəlb edilməsi üçün lazımi əməliyyat-axtarış, istintaq tədbirləri davam etdirilir: "Həmin şəxs tutulduğu halda bu barədə ictimaiyyətə məlumat veriləcək. Hazırda başlanmış cinayət işi üzrə zəruri və təxirəsalınmaz istintaq tədbirləri aparılır”.
Qeyd edək ki, sosial şəbəkələrdə yayılan görüntülərdə 85 saylı avtobusa daxil olan sərnişinin sürücüyə öz iradlarını bildirməsi, ardınca da belindən tapança və ya tapançaya bənzər bir əşya çıxararaq sürücünü hədələdiyi əksini tapıb.

Oxşar hadisə 3 ay öncə 61 saylı marşrut xəttində də baş vermişdi. Qadın sərnişinin avtobusu dayanacaqdan kənar saxlamaq tələbini yerinə yetirməyən sürücü təhqirlərə və döyülməyə məruz qalmışdı.

85 saylı marşrut avtobusunda baş vermiş hadisə isə artıq silahlı xuliqanlıq hərəkətidir.
Bu cür hadisələrin baş verməsində bir neçə amil səbəb kimi göstərilir. Birincisi, ictimai nəqliyyatda sürücü-sərnişin münasibətləri qaydasında deyil. Sürücülər sərnişinləri təhqir edir, sərnişinlər sürücünü. Sürücü sərnişinin dayanacaqdan kənarda saxlamaq istəyini yerinə yetirmədikdə "açılır sandıqlar, tökülür pambıqlar”; "bəs bayaq nə yaxşı, saxladın?! Adam mindirəndə olar, düşürəndə yox?!” səpkili iradlar, ittihamlar sıralanır. Bir də görürsən sürücü sərnişinin "saxla” əmrinə məhəl qoymur. Arvadların qışqırığı salonu başına alır; "a kişi, eşitmirsən, deyirəm, saxla! Guya eşitmirsən?! Özünü karlığa vurmusan”. Sürücülər də dil-boğaza qoymur: "Sənə görə, cərimə ödəyəsi deyiləm. Canları çıxır elə bil, 5 addım yerisələr. Zalım uşağı, hamısı istəyir, evinin kandarında avtobusdan düşsün”. Belə dialoqları yalan olmasın, hər gün eşidirik.

İkinci səbəb kimi isə, bəzi insanlarda son zamanlar kriminal aləmə "meyilliliyin” artması göstərilir. Bu da onunla izah edilir ki, kriminal avtoritetlərlə bağlı məlumatların tez-tez ictimailəşdirilməsi bəzi insanlarda yanlış olaraq belə adamlara bənzəmək istəyinin yaranmasına səbəb olur. Bir də görürsən, cavan bir uşaq əlinə bıçaq alıb "avtoritetlik” etməyə başlayır.

Baş vermiş hadisə ilə bağlı "Digesta” hüquq firmasının direktoru, yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov "Şərq”ə açıqlamasında bildirdi ki, ictimai nəqliyyatda bu cür halların yaşanması təəssüf doğurur:

- "Yol Hərəkəti Qaydaları”na görə sərnişin heç bir halda sürücüyə mane olmalı deyil. Hər bir vətəndaş ictimai nəqliyyatdadırsa, yalnız dayanacaq məntəqələrində düşməli və ordan da minməlidir. Sürücüyə mane olmağa görə, İnzibati Xətalar Məcəlləsində konkret cəzalar nəzərdə tutulur. Bunlardan biri də cərimədir. Həmçinin, sürücü də dayanacaqdan kənar saxlamaya görə cərimə edilir. Məsələ hüquqi həllini tapmalıdır. Yəqin ki, hüquq-mühafizə orqanları həmin şəxsin axtarışları istiqamətində istintaq tədbirlərini davam etdirir. Belə hadisələrdə sərnişinlərin etik qaydalara əməl etmədiyi, bundan da əlavə cinayət tərkibli əməllərə əl atdıqları görünür. Sərnişin-sürücü arasında qarşılıqlı hörmət, anlaşma olmalıdır. Sürücünün vəzifəsi sərnişini təhlükəsiz mənzil başına çatdırmaqdırsa, sərnişinin də vəzifəsi sürücüyə mane olmamaq, ictimai qaydalara əməl etməkdir. Bu, vətəndaşlarımızın mədəni səviyyəsinin aşağı olduğunu da göstərir.

Psixoloq Elnur Rüstəmov da "Şərq”ə açıqlamasında insanların təkcə fiziki deyil, psixi sağlamlıqlarının da qeydinə qalmalı olduqlarını dedi:

- Sürücünü silahla təhdid edən şəxsin psixoloji probleminin olub-olmadığını yalnız ekspertiza müəyyənləşdirə bilər. Həmin halda, o, affekt vəziyyətində, anlaqsız halda olubmu, yoxsa əsəbi, gərgin halda olub. Bütün hallarda bu vəziyyət normativ patologiya hesab edilmir. Normal halda heç bir insan qarşısındakını silahla hədələmir. İnsanın bu vəziyyətə necə düşdüyü də ayrıca tədqiqat materialıdır. Silahın necə, hardan əldən edildiyi də xüsusi araşdırma tələb edir. Bizim deyəcəyimiz budur ki, ümumiyyətlə, hazırda əksər insanlar gərgindir, insanlar arasında narahatlıq və psixoloji gərginlik var. Bunun da ən başlıca səbəbi insanın informasiya ilə yüklənməsidir. Hazırda bütün insanlar ifrat dərəcədə informasiya alır. Adamlara baxırsan, bir əlində telefon tutub danışır, bir əliylə avtomobilin sükanını idarə edir. Beyin eyni vaxtda bir neçə funksiyaya yüklənir. İnformasiya alır, aldığı informasiyanı saf-çürük edir, hansı addımı atacağını düşünür, bir tərəfdən avtomobil idarə edir və diqqətini yoldan ayırmamağa çalışır. Belə vəziyyətdə insanda 2 dəqiqə sonra psixi "hücum” başlayacaq. İnsan əsəbiləşir. Özündən çıxır və bəzən hərəkətlərinə, danışığına nəzarəti artıq itirir. Bu, müasir dünyanın, kompüter, internet, sosial şəbəkə əsrinin - "sürət əsri”nin bəlasıdır. Belə vəziyyətdə hər bir insan fiziki sağlamlığı ilə yanaşı, psixi sağlamlığının da qeydinə qalmalıdır. Bu gün əlimizdəki resurslar genişdir. Pozitiv xəbərlər paylaşmaq lazımdır. Nə qədər pozitiv mesajlar, pozitiv paylaşımlar olarsa, cəmiyyətdə də bir o qədər pozitiv enerji yaranar. Kin, küdurət, təhqir mesajları neqativ enerjinin yaranmasına səbəb olur.

Gənclərin "oğru aləminə” bənzəmək meylinə gəlincə, E.Rüstəmov yeniyetmələrin təsir altına düşə biləcəyini istisna etmədi:

- Kriminal aləm barədə informasiyaların bolluğu, "oğru aləmi”, "oğrular” barədə yazılanlar, bəzən bu cür insanların bilərəkdən və ya bilməzə təbliğ olunması, kimlərinsə təsir altına düşməsinə səbəb ola bilir. Əsasən təsir altına düşmələr yeniyetmələrdə çox təsadüf edilir. Yeniyetmələrə elə gəlir ki, həbsxanaya düşüb-çıxanların hamısı "avtoritet”dir. Elə şey yoxdur. Həbsxana həyatından saysız-hesabsız filmlər çəkilib, əsərlər yazılıb. Onlara baxdıqda və oxuduqda həbsxana həyatının necəliyi görünür. Hesab edirəm ki, "oğru aləmi”nə meyillələnlər təhsildən kənar düşənlərdir. Ona görə də həmişə tövsiyə edirik ki, təhsildən yayınmaların qarşısı alınmalıdır. Gənclər ailələrinə, cəmiyyətə gərəkli olmaq istəyirlərsə, ilk növbədə təhsilə önəm versinlər.

Məlahət Rzayeva