Susmağı da bacarıram, səbir etməyi də - Akif Aşırlı

Azərbaycan mətbuatının kapitanlarından, öz qələmi ilə sayılıb-seçilən nümayəndələrindən biri də "Şərq” qəzetinin redaktoru Akif Aşırlıdır. Akif müəllimlə bir neçə dəfə görüşmüşəm. Səmimi, mehriban insandır. Çoxdan istəyirdim ki, onunla söhbət edim, fikirləri ilə tanış olum. Bu, onun 50 illik yubileyinə təsadüf etdi. Söhbətimiz elə "Şərq” qəzetinin redaksiyasında baş tutdu.
- Əsrin yarısını tamamlayırsınız. Dönüb arxaya baxanda ötən illərdə nələri görürsünüz?
- İllər sürətlə gəlib keçdi. Uşaqlıq, gənclik illərim çox yaddaqalan oldu. Xüsusilə gənclik illərim maraqlı, keşməkeşli dövrə təsadüf etdi. Bir çox qəzetlərlə, o cümlədən o zamanın ən çox oxunan qəzetlərindən biri olan "7 gün” və "Müxalifət” qəzetlərində çalışdım. Ziyalı insanlarla tanış oldum. Sonradan isə, daha dəqiq desəm, 1996-cı ildə hələ 27 yaşım olarkən "Şərq” qəzetinin əsasını qoydum. Yəni düşünürəm ki, heç də pis ömür yaşamamışam. Ancaq mənim üçün bir həqiqət var ki, insanın ömrü illərlə yox, onun gördüyü işlərlə, əməllərlə ölçülür. Məsələn Mikayıl Müşfiq cəmi 29 yaşında repressiyaya məruz qalsa da, ədəbiyyatımızda silinməz iz qoyub. Düşünürəm ki, hər bir insan Tanrının ona verdiyi ömürdən sadəcə yaşamaq üçün yox, həm də yaşatmaq, öz xeyir əməlləri ilə yaddaşlarda qalmaq üçün istifadə etməlidir. Mən də həmişə buna çalışmışam. Çünki ömür rəqəmlərlə yox, əməllərlə ifadə olunur.
- Müsbət mənada ən yaddaqalan günləriniz hansılar olub?
- Belə günlər çox olub. Ali məktəbə daxil olmağım, ailə həyatı qurmağım, ilk övladımın dünyaya gəlməsi, həmçinin peşəkar fəaliyyətimdə əldə etdiyim nailiyyətlər xoş günlər sırasındadır. Məsələn, 22 yaşımda olarkən ölkənin ən tanınan 6 jurnalisti ilə birlikdə Amerikaya səfər edib, bir ay yerli jurnalistika sistemini öyrənib, müxtəlif redaksiyalarda olmuşam. Sözsüz ki, həmin hadisə də xatirəmdə əbədi qalan günlərdəndir. Bunlardan başqa, övladlarımın ali məktəbə qəbul olması, kitablarımın çapdan çıxması da mənim üçün özəl günlər sırasındadır.
- Hər birimizin həyatında çətin günlər olur. Bəs siz ən ağrılı gününüzü necə xatırlayırsınız?
- Anadan olduğum Qazaxın Daş salahlı kəndi Ermənistanla sərhəddir. Bildiyiniz kimi, 90-cı illər müharibənin ən şiddətli idi. Ermənilər müntəzəm olaraq kəndimizi atəşə tutur, dağıntılar törədirdilər. Belə dağıntılardan biri də bizim evdə oldu. Atam başından qəlpə yarası alaraq, həlak oldu. Həmin gün həyatımın ən ağır faciəsini yaşadım.
- Belə çətin günlərdə hansı qüvvə sizə kömək olub, əgər belə demək mümkünsə, yıxılmağınıza icazə verməyib?
- Həmişə çalışmışam ki, səbrli olum. Etiraf edim ki, gənclik illərimdə çox emosional idim, tədricən isə soyuqqanlı və səbrli olmağa çalışdım. Xarakterimdə emosionallığın izləri indi qalıb. Çünki lazımsız emosiya həm səhhətimə zərbə vurur, həm də işimin rəvan getməsinə mane olur. Amma indi susmağı da bacarıram, səbir etməyi də.
- Siz BDU-nun tarix fakültəsini bitirmisiniz. Bəs necə oldu ki, sonradan jurnalistikaya gəldiniz?
- Ümumiyyətlə, şagirdlik illərindən ədəbiyyata, sözə marağım böyük olub. Jurnalistika məni cəlb edirdi. 90-cı illərin sonlarında belə müzakirələr gedirdi ki, jurnalistikada qeyri-ixtisas sahibləri çalışa bilər, ya yox. Mən həmişə bu fikirdə olmuşam ki, jurnalist mütləq konkret sahənin nəzəriyyəsini bilməlidir. Çünki hər ixtisasın olduğu kimi, jurnalistikanın da özünün standartları, qanunları, dəyərli var. Odur ki, ali təhsilimin magistr pilləsini məhz jurnalistika ixtisası üzrə davam etdirdim. Amma jurnalistikanın səciyyəvi cəhəti ondan ibarətdir ki, burada təkcə nəzəriyyə kifayət etmir. Jurnalistika həm də fitri istedaddır. Mətbuat işçisinin xüsusi bacarığı, fantaziyası, analitik təfəkkürü olmalıdır. Əgər həkim ayrı-ayrı fərdlərin xəstəliyini sağaldırsa, jurnalist ümumilikdə cəmiyyəti sağaldır. Jurnalistika cəmiyyətin birliyini təmin edən, ona istiqamət verən ən mühüm vasitədir. Təsadüfi olaraq demirlər ki, jurnalistika ictimai institutdur. Bu, jurnalistikanın mahiyyətindən, gücündən və peşəkarlığa qoyulan tələblərdən xəbər verir.
-Xeyli sayda tarixi kitablarınız var. Maraqlıdır ki, nə vaxtsa bədii əsər yazmaq barədə nə düşünürsünüz ?
- Bu yaxınlarda xalq şairi Nəriman Həsənzadə əməliyyat olundu. Ziyarətə gedim, görüşdüm. Söhbət zamanı dedi ki, nəsrlə bir əsər yazım. Amma, məncə, bunu bacarmaram. Doğrudur, yeniyetməlik, gənclik illərimdə şeirlər yazmışam. Buna baxmayaraq, mənə elə gəlir ki, jurnalistikada qalmağım, mətbuat tarixi sahəsində çalışmağım daha məqsədəuyğun olar. Belə ki, mətbuat tariximizdə tədqiqata cəlb edilməmiş kifayət qədər nüans var. Məsələn, Cümhuriyyət dövründə informasiya təhlükəsizliyi məsələsi, demək olar ki, araşdırılmayıb. Bu və bu kimi məsələlərin hamısı mütləq tədqiqata cəlb edilməlidir.
- Akif müəllim, "Şərq”i digər mətbu orqanlardan fərqləndirən bir neçə xüsusiyyət var. Onlardan biri də redaksiyada xüsusi muzeyin yaradılmasıdır. Bu təşəbbüs necə meydana çıxdı?
- Bəli, qeyd edim ki, bir neçə il əvvələ kimi qəzetimizin əsas özəlliklərindən biri onun tipologiyası ilə bağlı idi. Yəni "Şərq” də xəbər janrına daha çox yer verilirdi, bu mətbu orqan məhz xəbər qəzeti kimi tanınırdı. Lakin bildiyimiz kimi xəbər çox sürətlidir, tez-tez dəyişə bilər. Ona görə bu janr çap mediası üçün o qədər də arzuolunan deyil. İkinci fərqləndirici cəhət ondan ibarətdir ki, qəzetimizdə müntəzəm olaraq təhlili yazılara yer verilir. Bu müasir jurnalistika üçün olduqca mühümdür. Növbəti özəllik isə muzeyimizdir. Hələ illər əvvəl mətbuat tarixinə dair müxtəlif sənədləri, kitabları yığırdım. Səfərdə olduğum ölkələrdə mühacirlərimizin qoyduqları irsləri vətənə gətirməyə çalışırdım. Sonradan qərara gəldim ki, bir muzey yaradım. Düşünürəm ki, bu, bir həm milli mətbuatımızın cəfakeş nümayəndələrinin ruhlarını şad etmək, həm də 140 illik yazılı jurnalistikamızın gəlib keçdiyi yolu gənc nəslə göstərmək baxımından olduqca əhəmiyyətlidir. BDU-nun jurnalistika fakültəsinin tələbələri tez-tez redaksiyamızın qonağı olurlar. Əlbəttə, belə görüşlərdə onlar muzeyimizlə də tanış olur və necə zəngin mətbuat irsinə malik olduğumuzu bir daha özləri üçün müəyyən edirlər.
-Qazax söz, qələm ustaları ilə tanınır. Sizcə, anadan olduğunuz torpaq sizin yaradıcılığınıza necə təsir edib?
- Təbii ki, anadan olduğumuz torpaq, içdiyimiz su, udduğumuz hava bizim genetikamıza güclü təsir edir. Amma Qazaxda oxumağa, maarifə həvəsin bir neçə səbəbi var ki, bunlardan biri də Firudin bəy Köçərlinin təşəbbüsü ilə Qori müəllimlər seminariyasının vaxtı ilə Tiflisdən Qazağa köçürülməsidir. Məhz həmin seminariyanın gələcək maarifçilik hərəkatında mühüm rol oldu. Ümumiyyətlə, Qazaxda, şeirə, sənətə maraq böyükdür. Maraqlıdır ki, bəzən riyaziyyat müəllimimiz də dərsi sanki şeir kimi bizi təlqin edirdi. Qazax Səməd Vurğun kimi qüdrətli qələm sahibləri yetişdirib. Mən də çalışıram ki, doğulduğum torpağa bağlı olum.
- Səməd Vurğundan söz düşmüşkən, o, şeirlərinin birində deyib ki, heç hara, heç yerə mən tələsmirəm. Bəs siz nə vaxtsa tələsdiyinizi hiss etmisiniz?
- Əlbəttə, belə anlar olub. İnsan tələskənliyin ona nə gətirəcəyini bilmədən həmişə harasa tələsir. Məsələn, çalışır ki, 60 yaşında çata biləcəyi pillədə 50 yaşında qərar tutsun. Məncə, bu yaxşı haldır. Həyat tələsəndə daha maraqlı olur. Mən heç vaxt süstlüyü, hərəkətsizliyi qəbul edə bilməmişəm. Mümkün qədər çox çalışmaq, hədəflər istiqamətində əzmkarlıqla irəliləmək lazımdır. Mənə elə gəlir ki, tələsmək gecikməkdən yaxşıdır.
- Akif müəllim, hazırda ən aktual mövzulardan biri çap mediasının vəziyyəti ilə bağlıdır? Mətbuat və yeni media arasındakı rəqabət Azərbaycan oxucusuna və ümumilikdə jurnalistikamıza necə təsir edir?
- Bəli, hazırda bu məsələ ilə bağlı ciddi müzakirələr gedir. Mənə elə gəlir ki, əgər müzakirələr zamanı ortaya dəqiq arqumentlər qoyulsa bu, ancaq jurnalistikamızın inkişafına səbəb ola bilər. Mütləq fikirlər toqquşmalıdır ki, nəticə olsun. Yeni media sürətlə inkişaf edir. Ancaq bu, klassik mətbuatın sıradan çıxmasının səbəbinə olmamalıdır. Əgər qəzetçilik tədricən sıradan çıxarılsa, jurnalistikamız xeyli dərəcədə məsuliyyətsizləşəcək. Həm də Həsən bəy Zərdabini, Mirzə Fətəli Axudovu, Üzeyir bəyi...unutmaq olmaz axı...
- Nəsiminin "Məndə sığar iki cahan...” qəzəlinə mahnı oxunması da gündəmi zəbt edən xəbərlərdəndir...
- Mən klassikanı yada salmağın, müasir sənətdə klassika nümunələrindən istifadə etməyin əleyhinə deyiləm. Lakin klassikanı bayağı formaya salmağın qəti əleyhinəyəm. Ən azından ona görə ki, Nəsimi toy yox, ruh şairidir.
- Gənc jurnalistlərə məsləhətləriniz nələrdir?
- Gənc jurnalistlərə məsləhət görərdim ki, sözün yaxşı mənasında iddialı olsunlar. Məqsədlərindən dönməsinlər. Mütləq Üzeyir bəy, Mirzə Cəlil kimi klassiklərimizin yaradıcılıqları ilə tanış olmaq lazımdır. Əcnəbi dil bilmək, beynəlxalq jurnalistikanın prinsiplərini mənimsəmək gənc jurnalistlərə çox vacibdir. Bir də onu demək istərdim ki, tək maddiyata bağlı olmasınlar, ənənəyə sadiq qalsınlar.
Kənan Novruzov