Taksi hərəkət zamanı dayandırılırsa, cərimə yazıla bilməz- EKSPERT




Taksilərin harada gəldi dayanması üçün tətbiq ediləcək cərimə 40 manat olacaq.

Bunu Sherg.az-a taksilərə ayrılan duracaq yerlərindən kənarda sifariş qəbul etmələrinin qadağan edilməsini dəyərləndirərkən nəqliyyat üzrə ekspert Ərşad Hüseynov deyib. 

Onun sözlərinə görə, taksilərin xüsusi dayanacaqlarda sərnişinləri götürməsi haqqında qanunvericilikdə məlumat əvvəldən var: 

"Sadəcə həmin qanunun pozulması təqdirdə cərimə tətbiq edilmədiyindən ciddi riayət edilmirdi. Hazırki dəyişikliklə cərimə dəqiqləşdirilir. Bunun mahiyyəti ondan ibarətdir ki, icazəsiz küçələrdə, metroların çıxışında, restoranların qarşısında, insanların sıx toplaşdığı yerlərdə taksilərin müştəri gözləmək üçün saxlanması qadağan edilir. Cərimə 40 manat dəyərində müəyyən olunub. İndi isə müştəri gözləmək üçün işarələnmiş xüsusi taksi dayanacaqları mövcud olacaq. Taksini hərəkət zamanı müştəri dayandırsa və ya sifarişlə çağırılsa, heç bir cərimə yazıla bilməz”.

Qeyd edək ki, Azərbaycanda taksilərə onlar üçün ayrılan duracaq yerlərindən kənarda sifariş qəbul etmələri qadağan edilir və bununla bağlı cəza müəyyənləşdirilir.

Aysel Aslan