TANAP Avropaya və dünyaya çıxacaq

İqtisadçıların yeni layihədən gözləntiləri çoxdur



Ötən gün Türkiyənin Qars şəhərində Trans-Anadolu boru kəmərinin (TANAP) təməlqoyma mərasimi keçirilib. Mərasimdə Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri ilə yanaşı, bir sıra rəsmi şəxslər də iştirak ediblər. Məlumat üçün bildirək ki, TANAP layihəsi qazın Azərbaycanın "Şahdəniz” yatağından Gürcüstan-Türkiyə sərhədi ilə Türkiyənin qərb sərhədlərinədək tədarükünü nəzərdə tutur.

Boru kəmərinin ilkin buraxılışının ildə 16 milyard kubmetr təşkil edəcəyi gözlənilir. Təqribən 6 milyard kubmetr Türkiyəyə, qalanı isə Avropaya tədarük ediləcək. Qaz Türkiyəyə 2018-ci ildə çatacaq, Trans-Anadolu qaz kəmərinin tikintisindən sonra qaz təxminən 2020-ci ilin əvvəlində Avropaya tədarük olunacaq. Layihənin dəyəri 10-11 milyard dollar qiymətləndirilir.

İqtisadçı-ekspertlər də layihənin reallaşmasının Azərbaycan üçün böyük uğur olduğunu təsdiqləyirlər.

İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri, millət vəkili Əli Məsimli deyib ki, Trans-Anadolu qaz boru kəmərinin təməlinin qoyulması Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istifadəyə verilməsindən sonra XXI əsrin ən iri layihəsidir: "Bu layihə Azərbaycanın energetika siyasətinin davamının çox önəmli bir hadisəsidir. İki qardaş ölkə olan Azərbaycan və Türkiyənin birgə səyləri nəticəsində ərsəyə gələn layihə siyasi, iqtisadi və sosial cəhətdən mühüm əhəmiyyət kəsb edir. Beş il ərzində reallaşması nəzərdə tutulan layihə bir neçə mərhələdə həyata keçirilərək və qaz ötürmə gücü 31 milyard kubmetrə çatdırılacaq. Trans-Anadolu qaz boru kəməri "Cənub Qaz Dəhlizi”nin mühüm tərkib hissəsi kimi Azərbaycanın müstəqilliyinə real məzmun və ölkəmizin Avropaya inteqrasiyasına yeni impuls verilməsi baxımından mühüm əhəmiyyət kəsb edir”. Millət vəkilinin sözlərinə görə, TANAP layihəsinin reallaşması Avropanın bir nömrəli problemi olan enerji təhlükəsizliyinə mühüm töhfə verilməsi ilə Azərbaycanın önəmini artıracaq: "Layihənin reallaşması yaşadığımız regionda da ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasında, əməkdaşlığın, ticarət və digər sahələrdə əlaqələrinin genişlənməsi və dərinləşməsində özünəməxsus rol oynayacaq. Bu həm Azərbaycanda bir sıra yeni layihələrin, o cümlədən sosial layihələrin reallaşmasının iri maliyyə mənbəyi olaraq xalqımızın rifahına xidmət edəcək”.

Ankara İqtisadiyyat və Texnologiyalar Universitetinin professoru Toğrul İsmayıl da qeyd edib ki, uzun illərdir enerji ixracını yerinə yetirən Azərbaycan bu məsələdə öz strategiyasını ağıllı və düzgün şəkildə həyata keçirir: "TANAP-a Avropa və dünyaya çıxışı təmin edən, əvvəldən təməli atılmış layihələrin davamı kimi baxmaq olar. Daha öncə Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum boru kəmərləri var idi. TANAP uğurlu enerji strategiyasının davamıdır. Azərbaycan Avropanın enerji təhlükəsizliyində daha aktiv rola malikdir. Rəsmi Bakı müttəfiqi Türkiyə ilə ortaq layihələr çərçivəsində addımlarını atır. TANAP-ın tam işə düşməsindən sonra Avropanın enerji probleminə böyük töhfə verəcək və "Köhnə Qitə” Rusiyadan yan keçən alternativ mənbə

əldə edəcək. Hansı ki, bu alternativ layihə "Cənub Qaz Dəhlizi” adlanır”. Professorun fikrincə, Rusiyanın bu layihələrdən kənarda qalması Azərbaycanın yürütdüyü siyasətlə bağlı deyil. Rusiya özü-özünü təcrid edir: "Digər tərəfdən, Azərbaycan enerji təhlükəsizliyini öz milli təhlükəsizliyi məsələsinə çevirir. Bu baxımdan, təsisat mənbələri və boru kəmərlərinin inkişaf etdirilməsinin vacib olduğunu hesab edirəm. Layihələr doğru və sistemli şəkildə həyata keçsə, Azərbaycan öz təhlükəsizliyini gücləndirəcək”.

İqtisadçı-ekspert Natiq Cəfərli də bildirib ki, Azərbaycanın enerji daşıyıcılarının Qərb marşrutu üzrə ixracatına xidmət edən hər bir layihə ölkəmizin gələcəyi və iqtisadiyyatı üçün önəmlidir: "TANAP və TAP layihələrinin reallaşdırılmasının Azərbaycan üçün iqtisadi səmərəsi müsbət olacaq. Bu layihələr Azərbaycan iqtisadiyyatını Qərbə daha sıx tellərlə bağlayan, dayanıqlı iqtisadi qazanc mənbələrinin əldə edilməsi üçün pozitivdir. O cümlədən xətlər, qardaş Türkiyə ərazisindən keçəcəksə və bu ölkənin Azərbaycanla strateji müttəfiqliyini də nəzərə alsaq, gələcəkdə tranzit xərcləriylə yanaşı, digər problemlərin də qarşısını alacaq. Amma xərclər optimallaşdırılmalıdır ki, Azərbaycanın üzərinə dah az yük düşsün. Beləliklə, çəkilən xərclərin geri qayıtması vaxtı da azalacaq. Azərbaycan öz payının bir hissəsini də xarici şirkətlərə daha yüksək qiymətlərə satacaq. Ümumilikdə isə Azərbaycan üçün müsbət layihələrdir”.

İsmayıl