Seyran Səxavət: “Azərbaycan böyük bir evdir. Evin içində fahişəxana açmaq olar?”Nizami Cəfərov: “Ən yaxşı restoranımızın Xətai adını daşımasında heç bir qəbahət yoxdur. Bir şərtlə ki, o restoran öz təyinatı üzrə işləsin”


Son zamanlar iaşə obyektlərinə tarixi şəxsiyyətlər, abidələr və işğal altındakı rayonlarımızın adının verilməsi halları artıb. Yol kənarlarındakı balaca kafelərdən tutmuş, möhtəşəm şadlıq saraylarına, gözəllik salonlarına, hətta əxlaqsızlıq yuvalarına da bu adların verilməsinin şahidi oluruq. Paytaxt və müxtəlif regionlarımızda "Şah İsmayıl Xətai”, "Qarabağ”, "Şuşa” restoranları fəaliyyət göstərir. Məsələn, "Qarabağ " kafesi Bakıda "3-ün kruqu” adlanan ərazidə yerləşir. Kənardan 5-10 dəqiqəlik müşahidə aparmaq kifayət edər ki, oranın əxlaqsızlıq yuvası olmasının canlı şahidinə çevriləsən. Həmçinin paytaxtda Möminə Xatun türbəsinin adını daşıyan masaj salonu var ki, o da "priton” yuvası kimi fəaliyyət göstərir. Bundan başqa qeyd edək ki, Zaqatalada yerləşən və böyük bir tarixi özündə əks etdirən V-VI əsrə aid Alban kilsəsi çay evi kimi icarəyə verilib.
Hətta kilsənin bir otağı hörülərək dəmir qapı qoyulub, qapı qıfıl ilə bağlanaraq anbar kimi istifadə edilir. Əlbəttə, tarixi şəxsiyyətlərimizin, el-obamızın adlarının sauna, hamam, gözəllik salonlarına qoyulması vətənpərvər və milli ruhda olan insanlarımızda ikrah hissi doğurur. Maraqlıdır, görəsən bəzi "soydaşlarımız” niyə bu cür arzuolunmaz yollara əl atırlar və nədən bunun qarşısı alınmır?
Suallarımızı cavablandıran tanınmış yazıçı Seyran Səxavət "Şərq”ə bildirib ki, bu məsələnin gündəmə gətirilməsi çox yaxşı haldır. Onun sözlərinə görə, həmin obyektlərin mütləq sahibləri var: "Bəzi dələduzlar tarixə sığınıb, əxlaqsızlıq yuvası açırlar. O yerlərin sahibinin kim olmasından asılı olmayaraq, hüquq-mühafizə orqanları bu işə müdaxilə etməlidir. O cür yerləri bağlamalıdırlar. Sahiblərini tutmalıdılar. Vaxtilə İçərişəhərdə xeyli ərazilər satıldı. O vaxt demişdim ki, Azərbaycanın paytaxtı Bakıdı, Bakının da paytaxtı İçəri şəhərdi. İcra orqanları oranı xaricilərə satırlar. Qədimiliyini dəyişirlər. Doğmalığını zədələyirlər. Bunlar oxşar əməllərdir. Namus-qeyrət məsələləridir. Elə təsəvvür edin ki, İçəri şəhər Azərbaycan xalqının yataq otağıdır. Yad kişiləri yataq otağımıza buraxırıqsa, hansı kişilikdən, qeyrətdən, namusdan danışa bilərik? Mirzə Ələkbər Sabir demiş, "qeyrətimiz bəllidir hər millətə” deyib, hara qışqırmalıyıq? Buna qarşı mütləq sərt tədbirlər görmək lazımdır”.
Yazıçının qənaətincə, bu iş bizə məlumdursa, hüquq-mühafizə orqanlarına da bəllidir: "Bunlar sizə də, mənə də məlumdur. Amma bizim üçün bir şey müəmmalıdır. Həmin obyektlər kimlərindi? Lap qoy onun sahibi Allahın bacısı oğlu olsun. Lap Obamanın, Tetçerin oğlu olsun, kimin oğlu olur olsun. Dəxli yoxdu. Gör biz hara gəlib çıxmışıq? İnsan nə qədər harınlayar ki, tarixi abidələrimizin adını əxlaqsızlıq yuvasına qoyar. Bunların gözü nə vaxt doyacaq? Gözlərini basıb çıxartmaq lazımdır. Çünki onlar doyan deyil. Doğrudan bu boyda olmaz. Bunların vətən, torpaq hissiyatı yoxdurmu? Bu günlərdə cəbhədə gedən döyüşlərdə yüzə yaxın şəhid verdik. Balalarımızın şəhid olması bunun üçündürmü ki, kimsə Möminə Xatun adı altında fahişəxana açsın? Dövlət qurumlarımız var. Qollarını çirmələsinlər. Hamısını dana boyun edib, içəri bassınlar ki, nə işlə məşğulsunuz. Belələri Möminə Xatunu alçaldırlar. Kimsə özünü alçaltdığı bir şeyin sahibi kimi hiss edə bilərmi? Heç vaxt hiss etməz. Özününküdürsə, onu heç zaman alçaltmaz. Düzdürmü? Alçaldırsa, deməli, o bizə yad adamdır. Gəlmədir. "Şipyon”dur. İmmiqrantdır. Casusdur. Mən bu məsələyə həddən artıq pis oldum. O başıpozuqlara "Şərq” qəzeti və Seyran Səxavət kar edəsi deyil. Belələrinin boynu qoltuqaltı görməyib. Onların altında birləşdikləri çətiri dağıtmaq, məhv etmək lazımdır. Necə ki əsgərlərimiz erməninin obyektini məhv etdi. Həmin münasibətlə belə obyektlər də sıradan çıxarılmalıdır”.
S.Səxavət diqqətə çatdırıb ki, belə dələduzlar küçələrimizi Hollandiyadakı "qırmızıfanarlar” məhəlləsinə döndəriblər: "Əlimdə bir inzibati rıçaq olsaydı, belə "yuvaları” dağıdardım. Əks halda bir də gəlib görəcəyik ki, ölkəmizdə bu sahədə böyük "dahilər”, "istedadlar” yetişib. Belələrinə vətən, millət, torpaq, tarixi abidə, tarixi şəxsiyyət maraqlı deyil. Təki pul gəlsin. Onlar üçün puldan başqa müqəddəs heç nə yoxdur. Yadıma bir şey düşdü. Sizə dünya tarixində görünməmiş biznes fəaliyyətindən danışacam. Bizimkilərdən biri diplomatik rıçaqlar vasitəsilə hansı ölkədə nə qədər azərbaycanlı yaşadığını öyrənir. Onların hansı ünvanda məskunlaşdığını da dəqiqləşdirir. Azərbaycandan xaricə meşokla torpaq aparıb, onlara qaşıq-qaşıq satırmış ki, atan, yaxud yaxınlarından kimsə ölsə, gözünə və ya qəbrinin üstünə tökərsən. Bu yolla pul qazanırmış. Biz belə pul qazanan millətik. Digər yandan həm də şəhid veririk. Həmişə demişəm ki, şəhidlərimizin ruhu o dünya ilə bu dünya arasında qalıb. Qarabağı alsaq da, onlar rahat olmayacaqlar. Canlarını, qanlarını veriblər. Cavan-cavan oğlanlar bu dünyaya ona görəmi göz yumublar ki, bəzi harınlar, işbaz və dələduzlar özbaşınalıqlar etsinlər? Harınlıq etsinlər? Buna qarşı kütləvi mübarizə aparılmalıdır. Kim harada belə yanlışlar görsə, aidiyyəti orqanlara bildirməlidir. Azərbaycan bizim evimizdir. Azərbaycan böyük bir evdir. Evin içində fahişəxana açmaq olar? Kim razı olar ki, evinin içində "priton” yuvası açılsın? Kim razı olar ki, evinin bir otağı fahişəxana olsun. Arvadı, uşağı da onu görsün”.
Yazıçının fikrincə, tarixi abidələrimizin adını daşıyan fahişəxanların açılmasına icazə verənlər cəzalandırılmalıdır: "Bankdan pul verəndə də nəzarət edirlər ki, o pul təyinatı üzrə xərclənsin. Təyinatı üzrə xərclənmirsə, ya həmin adamı cərimələyirlər, ya da inzibati cəza verirlər. İndi bu işlərə, Bakı Şəhər İcra Hakimiyyəti icazə veribsə, onların fəaliyyəti ilə maraqlanmalıdır. Çünki Azərbaycan hamımızın evidir. O cür biabırçılıqlara yol vermək olmaz. Buna icazə verənlər cəzalarını almalıdırlar. Qoy elə "Şərq” qəzeti də bu işin axırına çıxsın. Aydınlaşdırsın ki, buna kimlər icazə verib. Həmin adamlar ortaya çıxandan sonra hamımız üzünə tüpürək. Bir daha söyləyirəm ki, bu, namus-qeyrət məsələsidir. Kimsə əxlaqsızlıq yuvası olmadan keçinə bilmirsə, aparsın onu öz evinin içində açsın. Arvadını, qızı və gəlinini də ora cəlb eləsin. Bundan ağır nə deyim, oğlum? Bu məsələ məni həddən artıq əsəbiləşdirdi. Belə şey olar? Əlbəttə, polis bunu bilir. Yəqin pul alıb, göz yumur. Biabırçılıqdı. Arvadının, uşağının qeyrətini çəkən hər kəs, bununla mübarizə aparmalıdır. 5-10 nəfər şərəfsizdirsə, biz niyə şərəfsiz olmalıyıq? Əxlaqsızlıq yuvasına dönmüş həmin restoranların qarşısından hamımızın ailə üzvü keçə bilər də. Niyə belə mənzərənin şahidi olmalıdırlar? Dəhşətdi. Çox əsəbiləşdim. Çox”.
Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin üzvü, akademik Nizami Cəfərov qeyd edib ki, tarixi abidələrin qorunmasına dair beynəlxalq təcrübə var və ölkəmiz də ona əsaslanır: "Bizim də təcrübələrimiz mövcuddur. Amma ümumiyyətlə beynəlxalq təcrübəyə əsaslanırıq. Əlbəttə, birincisi, tarixi abidələr qorunmalıdır. Tarixi abidələr həm daxili, həm də beynəlxalq turizm üçün nəzərdə tutulan abidələrdir. Məsələn, sabah Misirdə misirlilərin özləri Misir ehramlarını dağıtmaq istəsələr və belə bir iddia ilə çıxış etsələr, ona beynəlxalq təşkilatlar çox sərt reaksiya verəcəklər. Buna mane olacaqlar. Bu mənada istənilən milli və tarixi abidələr eyni zamanda beynəlxalq səviyyədə də qorunur”.
Akademik hesab edir ki, tarixi abidələrin birinci məqsədi turizmdir. Bununla yanaşı, tarixi abidələr həm də xalqın iftixarıdır: "Hər bir millət, dövlət, xalq çalışır ki, öz tarixi iftixarını bütün dünyaya nümayiş etdirsin. Özünü tanıtsın. Deyim ki, abidələrdən əyləncə məqsədilə istifadə etmək mümkündür. Fransanın Eyfel qülləsi, Luvr muzeyi, Notr Dam kilsəsi və ya Misir ehramları, bunların hamısı eyni zamanda insanların istirahət məkanına çevrilə bilər. Onun qarşısını almaq mümkün deyil və burada qeyri-insani heç nə yoxdur. Amma əyləncənin də növləri var. Hansısa bir tarixi abidə ətrafında və içərisində keçirilən əyləncə mərasimləri əxlaqi, mənəvi normalara cavab vermirsə, bu, cinayətdir. Qarşısı mütləq alınmalıdır. Onu dövlətin özü nizamlamalıdır. Bizim də təcrübəmizdə o var. Ümummilli lider Heydər Əliyevin dövründə elə olub ki, tarixi abidələr, binalar heç zaman şəxsi istifadəyə verilməyib. Bu gün də verilmir. Hansısa işbaz tarixi abidələrin adını daşıyan obyekt açıb, səviyyəsiz fəaliyyət göstərirsə, buna dair qabaqlayıcı tədbirlər görmək lazımdır”.
N.Cəfərov bildirib ki, bəzən tarixi şəxsiyyətlərin adları yüngül əyləncə obyektlərinə verilir: "Əlbəttə, bunun qarşısı alınmalıdır. Bir gözəllik salonuna Möminə Xatun adı verilə bilər. Burada təhlükəli bir şey yoxdur. Buna icazə də verilir. Sonra məlum olsa ki, bu ad altında əhalinin gözü qarşısında rüsvayçı hadisələr baş verir, onda həmin obyekt bağlanmalıdır. Obyekti açan adama bir də o imkan verilməli deyil. Tarixi şəxslərin adları bizim üçün müqəddəsdir. Düzdü, bəzən deyirlər ki, obyektlərə tarixi şəxsiyyətlərin adları verilməsin. Amma o mümkün deyil. Adlar verilməlidir. Yəni bizim ən yaxşı restoranımızın Xətai adını daşımasında heç bir qəbahət yoxdur. Bir şərtlə ki, o restoran öz təyinatı üzrə işləsin”.
Parlamentari iaşə obyektlərinə verilən xarici adlardan da söz açıb: "Məsələn, bir ara gözəllik salonlarının əksəriyyəti Monika adını daşıyırdı. Monikanın "böyük qəhrəmanlığından” sonra o ad çox geniş yayıldı. Hətta Monikanın kim olmasından asılı olmayaraq bu adı daşıyan gözəllik salonları öz funksiyasını yerinə yetirməlidir. Təbii ki, bizim üçün milli ad daha önəmlidir. Möminə Xatun uğrunda mübarizə aparmağa hazırıq, nəinki Monika”.
Komitə üzvü onu da əlavə edib ki, əcnəbi adları cəlbedici olduqları üçün qoyurlar: "Bu bir status kimi qəbul olunur. İstənilən azərbaycanlıda təsəvvür yaranır ki, beynəlxalq ad daşıyan mağazaya, ticarət mərkəzinə getmək həmin malları orda görmək deməkdir. İnsanın beynində belə bir assosiasiya yaranır. Bütün hallarda adlar da tarixi abidələrdir. Adlara münasibətlərdə diqqətli olmaq lazımdır. Tarixi abidələrimizi qorumaq, inkişaf etdirmək və turizm obyekti kimi dünya miqyasında tanıtdırmaq təcrübəmiz kifayət qədər güclüdür”.
Ayyət Əhməd