Seyran Səxavət: “Bəlkə də, Murad Köhnəqalaya elə gəlir ki, o bir az Nəsimivari yaşayır? Amma Murad heç vaxt Nəsimivari yaşaya bilməz”
Tarixi çaşqınlıq...
Murad Köhnəqalanın Nizami və Füzuliyə “dava açması” yazarları özündən çıxartdı
Seyran Səxavət: “Bəlkə də, Murad Köhnəqalaya elə gəlir ki, o bir az Nəsimivari yaşayır? Amma Murad heç vaxt Nəsimivari yaşaya bilməz”
Seyran Səxavət: “Bəlkə də, Murad Köhnəqalaya elə gəlir ki, o bir az Nəsimivari yaşayır? Amma Murad heç vaxt Nəsimivari yaşaya bilməz”
Aqşin Yenisey: "Murad Köhnəqalanın və Nəsimi Nəbizadənin klassiklərimiz haqqında aqrodildə yazışması yalnız Azərbaycanda təbii fəlakət effekti verə bilər”
Şair, jurnalist Murad Köhnəqala ilə tanınmış telejurnalist Nəsimi Nəbizadənin söyüş dolu "facebook” yazışması yayılıb. Yazışmada Murad Köhnəqala Azərbaycanın dahi sənətkarları olan Nizami və Füzulinin uzun illər yalnız fars və ərəb nağıllarını nəzmə çəkməklə məşğul olaraq həmin nağılların quluna çevrildiyini iddia edib.
Bundan sonra Murad Köhnəqala ilə Nəsimi Nəbizadə klassiklərimiz barədə heç bir əxlaqa sığmayan ifadələr işlədiblər. İki ziyalının iki dahi şəxsiyyətə qarşı bu cür təhqiramiz münasibət sərgiləməsi cəmiyyətdə birmənalı qarşılanmayıb. Bir qrup insan bu yazışmanın mediaya çıxarılmasına görə saytları qınayıb, digərləri isə hər iki jurnalisti tərbiyəsizlikdə günahlandırıb.
Qeyd edək ki, Nəsimi Nəbizadə ilə "facebook” yazışmasının real olduğunu təsdiqləyən şair Murad Köhnəqala, o söyüşlərini belə izah etməyə çalışıb: "Mən yenə də deyirəm ki, Nizami və Füzuli uzun illər yalnız ərəb və fars nağıllarını nəzmə çəkməklə məşğul olublar və həmin nağılların quluna çevriliblər. Bu fikirlərimə görə məni təhqir edirlər. Amma əminəm ki, o təhqir edənlər nə Nizamini, nə də Füzulini orijinaldan oxuyublar”.
Bəs görəsən, aydınlarımız nə düşünür? İki tanınmış qələm adamının klassiklərimiz haqqındakı yazışmalarının ictimai müzakirəyə çıxarılmasına, onların qınaq obyektinə çevrilməsinə ehtiyac vardımı?
Qocaman yazıçı Seyran Səxavətin qənaətincə, bütün bunlar bekarçılığın əlamətidir: "Nəsimi Nəbizadəni tanımıram. Haqqında heç bir məlumatım olmadığı üçün onun fikirlərinə münasibət bildirməyim düzgün deyil. Murad Köhnəqalanı isə istedadlı bir yazar olaraq tanıyıram. Onun çox gözəl şeirləri də var. İlk şeirlərini də məhz mən çap eləmişəm. Hətta
"Həsrət nə sıx düzülübdür!?
Arasından güman keçməz”
misraları hələ də yadımdadır. Bu cür misraların müəllifinə Nizamini, Füzulini ərəb əfsanələrinin qulu hesab eləməsini heç yaraşdırmadım! Gərək, o, belə şeylər fikirləşib, o cür sözləri dilinə gətirməsin. Düzdür, gündəmdə qalmaq, diqqət mərkəzində olmaq üçün hərdən bir gənclərdə tarixi çaşqınlıq yaradır.
Amma artıq onlar gənc də deyil axı? 50-yə yaxın yaşları var. Sözün açığı, Muradın Füzuli, Nizami haqqında təhqiramiz statuslar paylaşmasına heç cür inanmağım gəlmir”.
Yan Otçenaşek adlı bir çex yazarının "Romeo, Cülyetta və zülmət” adlı çox məşhur bir povestini xatırladan S.Səxavət həmin əsərə film çəkildiyini də qeyd edib: "Povestdə bir dənə də olsun güllə atılmır, amma müharibəyə qarşı nə qədər nifrət var. Demək istədiyim odur ki, Nizami, Füzuli kimi ölçüyə gəlməz nəhənglər nəinki ərəb əfsanələrinə, dünyanın bütün sözlərinə şərik olmaq hüququnu çoxdan qazanmış klassiklərdir. Bu gün onların heç biri həyatda yoxdur. 21-ci əsrin darvazasında dayanıb, Nizami, Füzuli kimi böyük şairlərimizə söz atmaq nə bizim mədəniyyətimizə, nə tariximizə, nə də Murad Köhnəqalanın istedadına yaraşır. Bunu sadəcə onların tarixi çaşqınlığı kimi qəbul edirəm. Başqa səbəb görmürəm və arzu edirəm ki, Nizaminin də, Füzulinin də ruhu onları bağışlasın!”.
M.Köhnəqalanın "Mənimki Nəsimidir” deyib, İmaddədin Nəsimini digər klassiklərdən ayırma səbəbinə gəldikdə isə yazıçı deyib ki, onları biri-birindən ayrı tutmaq, ikisinin əsərlərindən imtina edib, birinin yaradıcılığına yüksək qiymət vermək yanlış düşüncədir: "Bəlkə də Nizami olmasa idi, Füzuli, Füzuli də olmasa idi, heç Nəsimi də olmayacaqdı. Dünya, dünya ədəbiyyatı, dünya mədəniyyəti pillələrdən ibarətdir. Lap axırdakı pilləyə isə yük daha çox düşür. Bütün pillələr onun üzərində olduğu üçün ən çox ağırlıq da sonuncunun üzərinə düşür. Bəlkə də, Murad Köhnəqalaya elə gəlir ki, o bir az Nəsimivari yaşayır? Amma Murad heç vaxt Nəsimivari yaşaya bilməz. Bu günə qədər yaşamayıb, bundan sonra da yaşamayacaq. Nəsimi kimi yaşamaq üçün Murad da Nəsiminin dövründə yaşamalıdır. Nizamini, Füzulini ərəb əfsanələrinin qulu hesab edən Murad Köhnəqalanın Nəsimini qəbul etməsi çox güman ki, onun özünü Nəsiminin mənəvi qohumu hesab eləməsi ilə bağlıdır. Yenə də sağ olsun, heç olmasa, Nəsiminin yaradıcılığını qəbul edir. Onu da deyim ki, Nəsimini sevən bir oxucu, yazar heç vaxt Nizamidən, Füzulidən imtina edə bilməz. Nəsimini onlardan üstün tutmaqla Murad Köhnəqala öz mövqeyində səmimi olmadığını ortaya çıxarıb. Mən Muradın yerinə olsam, səmimi görünmək üçün elə Nəsimini də Nizami ilə Füzulinin gözünə qatardım ki, heç bir klassikin yaradıcılığını qəbul eləmirəm”.
Gənc şair Aqşin Yenisey isə həmkarlarının "facebook” yazışmasının ölkədə bu qədər narazlıq yaratmasının doğru olmadığını deyib: "Hər bir dilin elmi, publisistik, bədii, rəsmi qatları olduğu kimi, həm də vulqar deyimlərdən ibarət aqro qatı da var ki, bu da daha çox xəlqi dildə, şifahi folklor nümunələrində qorunub saxlanılır, nəsildən-nəsilə ötürülür. Xalq öz yaradıcı potensialını daha çox bu qatda ifadə və realizə edə bilir. Sovet imperiyası özünün siyasi-ideoloji maraqlarına uyğun təyin etdiyi Azərbaycanın ədəbi-bədii dil standartlarını inzibati yolla qılıncının altından keçən yazıçı və şairlərə hökm edənə qədər, bizim hətta yazılı ədəbiyyatımızda, məsələn, Seyid Əzim Şirvaninin, Mirzə Ələkbər Sabirin, Əhməd Cavadın yaradıcılığında başdan-başa aqrodeyimlərlə yazılmış qəzəl, şeir nümunələri olub. Sovet hakimiyyətinə qarşı etirazlar o zaman daha çox xəlqi dildə, xüsusilə lətifələr, ayamalar şəklində yayıldığına görə dövlət məcbur oldu ki, özünün ədəbi-bədii dilini yaratsın. Məsələn, 60-70-ci illər sovet yazıçı və şairlərinin ədəbi dili müəllifin yox, sovet hökumətinin ədəbi-bədii dilidir, yəni xəlqilikdən məhrum edilmiş təhlükəsiz bir orfoqrafiya lüğəti əsasında yaradılmış dildir. Murad Köhnəqalanın və Nəsimi Nəbizadənin klassiklərimiz haqqında aqrodildə yazışması yalnız Azərbaycanda təbii fəlakət effekti verə bilər. Yaxın qonşumuz olan Türkiyədə bu dil nəinki yazıçıların, hətta elm uzmanlarının, pedaqoqların tədris dili kimi auditoriyalarda işlədilir. Sadəcə, mənin dostlarım olan bəzi sayt rəhbərləri Azərbaycan dilinin məktəbli səviyyəsində ilişib qalmış yayğın zümrənin təmsilçiləridir. Onlar bu gün müasir rus yazıçılarının, az qala, pornoqrafik jarqonlarla Dostoyevski, Tolstoy, Turgenev haqqında apardığı müzakirələri oxusalar, ələm kimi cuşə gələrlər. Söhbət klassiklərimizin namusunun qorunmasından gedirsə, Nizami Gəncəvini və Məhəmməd Füzulini bəzi sayt rəhbərlərinə sığındığı yerdə təsəvvür etmək üçün adamın həddindən artıq karikaturik fantaziyası olmalıdır”.
Şəymən