
Tarixi oxu, Putin!
Türkiyə boğazlarda gəmilərin yolunu bağlasa, Rusiya çökəcəkAzərbaycanın siyasiləri son türk-rus qarşıdurmasını soyuqqanlı analiz etdilər

Türkiyənin sərhəddini pozan rus qırıcısının vurulması rəsmi Ankara ilə Moskvanın arasını ciddi şəkildə pozub. Hadisədən sonra iki ölkə arasındakı münasibət gərginləşən xətt üzrə davam etməkdədir. Əslində Rusiya və Türkiyə arasında qarşılıqlı münasibətlərin tarixi çox uzun və mürəkkəbdir. Bu tarix çoxsaylı müharibələrdən və qısamüddətli anlaşmalardan ibarətdir. Biri müsəlman, digəri isə xristian ölkəsi olan bu iki güc əslində dini maraqlarından daha çox, regional strateji mövqedən çıxış edərək, xarici siyasətlərinin konturlarını müəyyən etməyə çalışıblar. Rusiya ilə Türkiyə arasında dənizə çıxış əldə etmək uğrunda da zaman-zaman qanlı müharibələr yaşanıb. Kreml Türkiyəyə həmişə rəqib kimi baxıb və imkan tapan kimi onu zəiflətmək, daha çox torpaq işğal etmək və regionda nüfuzunu artırmaq siyasəti yürüdüb. Bu səbəbdən 1695-96-cı illərin Azov yürüşləri çar I Pyotrun ilk xarici siyasət addımları sayılır. Həmin dövrdən etibarən Osmanlı İmperiyası ilə mübarizənin yeni istiqaməti formalaşır və qızğın müharibələrin təməli qoyulur. Ümumilikdə, iki dövlət arasında 11 dəfə irimiqyaslı müharibə baş verib. XX əsrdə baş verən iki dünya müharibəsində tərəflər fərqli cəbhələrdə mübarizə aparıblar. Keçmiş SSRİ-dən qorunmaq üçün isə Türkiyə NATO təşkilatına üzv olub. Sovet rejiminin dağılmasından sonra da iki ölkənin münasibətləri gözlənildiyi kimi normallaşmayıb. Rusiyanın məşhur jurnalisti Yevgeni Kiselyov rus-türk münasibətlərinin tarixi ilə bağlı maraqlı analitik çıxış edib. Putini "xəstə adam” adlandıran ekspert Kreml rəsmilərinə tarixi kitablar oxumağı tövsiyə edib: "Əlbəttə, tarixi paralellər həmişə qüsurlu olur. Lakin bu günlərdə, yeni rus-türk qarşıdurmasının qızışdığı bir zamanda, dönüb keçmişə baxmaq, günümüzlə paralellər aparmaq olduqca vacibdir”.
"Rusiya nüvə dövləti olsa da, böyük dövlət deyil, yalnız böyük ölkədir”
İki ölkənin tarixi əlaqələri ilə bağlı "Şərq”ə danışan millət vəkili, tarixçi-alim, professor Musa Qasımlının fikrincə, Türkiyə dövlət sərhəddini pozan təyyarəni vurmaqla düzgün hərəkət edib. Özünə hörmət edən hər hansı bir dövlət belə davranmalı idi: "Bir ölkə digər ölkənin sərhədlərini mütəmadi olaraq poza bilməz. Sonda lazımi bir cavab almalı idi. Belə də oldu. Digər ölkələrə də dərs oldu. 1920-1924, 1960-1991-ci illərdə sovet-türk münasibətlərinin araşdırıcısı və buna dair müxtəlif dillərdə nəşr edilən bir neçə kitabın müəllifi olaraq söyləyə bilərəm ki, bu hadisə iki ölkə arasında münasibətlərdə xoşagəlməz bir epizoddur. Lakin müharibəyə gətirib çıxarmayacaq. Çünki qarşılıqlı münasibətlərin elə dərin kökləri var ki, onu bir təyyarə hadisəsi sarsıda bilməz. Rus və türk xalqlarının çoxlu ortaq maraqları var. Onlar 1921-ci ildə dost və qardaş ölkələr olaraq, Moskva müqaviləsini, sonrakı illərdə digər sənədləri imzalayıblar”. Professorun sözlərinə görə, münasibətlər buna qədər də müəyyən dövrlərdə Moskvanın yersiz iddiaları ucbatından soyuqlaşıb: "İkinci dünya müharibəsində Stalinqrad ətrafında qələbədən sonra Stalinin təkəbbürü üzündən, 1950-ci illərin ortalarında Suriya üstündə və s. Lakin o zaman hələ Qərb blokunda olmayan Türkiyə həmin iddialara layiqli cavab verib və az sonra SSRİ geri çəkilib. İndi SSRİ yoxdur və Rusiya nüvə dövləti olsa da, böyük dövlət deyil, yalnız böyük ölkədir. "Böyük ölkə” və "Böyük dövlət” fərqli məna daşıyır”.
"Münasibətlərin soyuqlaşmasından hər iki tərəf, ilk növbədə Rusiya ziyan çəkəcək”
Tarixçi-alim bildirib ki, təyyarənin vurulmasından sonra Rusiyanın atdığı addımları başa düşmək və soyuqqanlı qarşılamaq lazımdır: "Axı, bu hadisədən sonra hökumət daxildə xalqa nəsə demək üçün Türkiyə ilə münasibətlərə dair müəyyən tədbirlər almalıdır. Televiziya və mətbuatda da nəsə deyilməlidir. Bütün bunlar ictimaiyyət üçün nəzərdə tutulursa, başadüşüləndir. Lakin dövlət başçısı tərəfindən işlədilən bəzi ifadələr çoxlu suallar doğurur. Münasibətlərin soyuqlaşmasından hər iki tərəf, ilk növbədə Rusiya ziyan çəkəcək. Bu ölkələr mühüm ticarət ortaqlarıdır. Rusiyanın dəniz ticarətinin mühüm bir hissəsi türk boğazlarından keçir. Türkiyə boğazları bağlasa, Rusiyada ağır sosial-iqtisadi şərait yaranar. Bunun artıq tarixi təcrübəsi var. Birinci dünya müharibəsi illərində Osmanlı dövləti boğazları bağladı və bir neçə il sonra Rusiyada ərzaq qıtlığı yarandı. Ölkədə 1917-ci il fevral inqilabı baş verdi və xalq Romanovlar sülaləsini süpürüb atdı. İndi iki ölkə arasında çoxlu ortaq layihələr mövcuddur. Türkiyədə təqribən 38 min rus var. Onlar mülklər alıblar. Təqribən 16 min rus qadını türk kişiləri ilə ailə qurub. Təyyarə vurulması hadisəsi iki ölkə arasında müharibəyə gətirməz. Çox şey Rusiyanın davranışlarından asılıdır”.
"Əslində qırıcının vurulması Rusiyaya yox, Türkiyəyə vurulan zərbədir”
Tanınmış ictimai xadim, siyasi ekspert Tofiq Abbasov iki dövlət arasında çox gərgin dövrün yaşandığını deyib: "Tarixən biri-birinə qonşu olan ölkələr arasında münaqişələr yaşanır, qanlar tökülür, qəddar münasibətlər sərgilənir və s. Amma bu o demək deyil ki, dövlətlər tarixi gərginlikləri gündəmə gətirərək vəziyyəti daha da kəskinləşdirməli, bir-biri ilə dil tapmamalıdır. Zaman və dövr dəyişir, geosiyasi durum yenidən formalaşır. Yeni reallıqların yaranması diktə edir ki, coğrafi baxımdan yaxın olan xalqlar ortaq məxrəc tapsınlar, qarşılıqlı maraq ətrafında birləşsinlər. Tarixə nəzər salsaq görərik ki, almanlarla fransızlar 6 əsrə yaxın bir-birini amansız dərəcədə qırıb, məhv ediblər. Amma indiki əlaqələrə baxanda elə güman edirsən ki, həmin xalqlar arasında heç vaxt münaqişə olmayıb”. Politoloqun fikrincə, Türkiyə-Rusiya məsələsi çox qəlizdir: "Əvvəlki gündən demişəm ki, təyyarənin vurulmasına anlam verə bilmirəm, ona görə də hadisəni təqdirəlayiq hesab etmirəm. Rusiya tərəfi iddia edir ki, "bu, onlara arxadan vurulan zərbədir”. Ancaq mən deyirəm ki, bu, birbaşa Türkiyəyə vurulan zərbədir. Niyə? Ona görə ki, son zamanlar Türkiyə-Rusiya arasında əlaqələr müsbət xətt üzrə inkişaf edirdi. Bu əlaqələrin çox böyük gələcəyi var idi. Təyyarə əməliyyatını hazırlayanlar iki dövləti üz-üzə qoydular. Onların potensial imkanlarını zəiflətdilər. İndi rus telekanalları açıq şəkildə Türkiyəyə və Azərbaycana nifrət bildirir. Rusiya mətbuatında türk-müsəlman toplumuna qarşı geniş təbliğat işi aparılır. Özü də bu davranış dövlət kanallarında sərgilənir. Rusiyalı jurnalist Solovyov kimi mənfur, idbar, jurnalistika adına ləkə gətirən insanlar gərginlikdən sui-istifadə edirlər. Yəni ağır olan vəziyyəti bir az da sərtləşdirirlər”.
"Təyyarə ssenarisi Qərb institutlarının siyasi texnologiya mərkəzləri tərəfindən hazırlanıb”
T.Abbasovun sözlərinə görə, məsələyə soyuq başla yanaşanda təyyarənin vurulmasına izah tapmaq olmur: "Bəlli məsələdir ki, təyyarə planı əvvəlcədən hazırlanıb və sırf ssenari şəklində həyata keçib. Hesab edirəm ki, bu, nə Rusiyanın, nə də Türkiyənin xeyrinədir. Ən çox da Türkiyənin ziyanınadır. Çünki son onillikdə Türkiyə bir qədər müstəqil siyasət aparırdı. Qərb isə həmişə Türkiyəni qısnayır, divara dirəyir və Ankaranın tam müstəqilliyinə mane olurdu. Fikrimcə, təyyarə ssenarisi də Qərb institutlarının siyasi texnologiya mərkəzləri tərəfindən hazırlanıb. Yüz faiz bəzi bölgə ölkələrinin də məsələdə iştirakı var. Məqsəd isə Türkiyəni çıxılmaz vəziyyətə salmaq, Rusiya ilə əlaqələrini pozmaqdır. Təbii ki, burda neft-qaz layihələri, turizm məsələləri və atom enerjisi razılaşması da mühüm rol oynayır.
"İnanmıram ki, nifrət siyasəti uzun müddət davam etsin”
Ekspertin qənaətincə, gərginlik Türkiyə üçün lazım deyildi: "Təəssüflər olsun ki, rəsmi Ankara Qərbin oyununa gəldi. Bundan sonra ancaq diplomatiya öz sözünü deməlidir. Artıq hadisə baş verib və Türkiyə Moskvanın tələbi ilə üzr istəməkdən imtina edib. Xatırladım ki, Marmara dənizində baş verən gəmi hadisəsindən sonra İsrail-Türkiyə münasibətləri də pozuldu. Gərginlik indiyə qədər davam edir, çünki İsrail Türkiyədən üzr istəmədi. Əgər Rusiya-Türkiyə arasındakı gərginlik də bu müstəvidə davam etsə, vəziyyət çox gərginləşəcək. Diplomatiyanın vəzifəsi odur ki, yaranmış istənilən böhranı aradan qaldırmaq üçün münasib gedişlər edə bilsin. Çünki Rusiya-Türkiyə gərginliyindən ancaq digər dövlətlər qazanır. Hər iki dövlətin biri-birinə iqtisadi, hətta mənəvi baxımdan çox böyük ehtiyacı var. İnanmıram ki, nifrət siyasəti uzun müddət davam etsin. Məgər Türkiyə üzr istəməsə, Rusiya qiyamətə qədər Ankara ilə əlaqə qurmayacaq? Bu, reallıqdan uzaqdır”.
"Rusiya dünyada hegemon dövlət deyil”
BDU-nun professoru, tanınmış telejurnalist Qulu Məhərrəmli vurğulayıb ki, Türkiyə ilə Rusiya arasında zaman-zaman gərginlik olur və daha sonra tərəflər yumşalır. Amma budəfəki problem daha qlobal xarakter daşıyır: "Rusiya-Türkiyə münasibətləri Qərb və Rusiya kontekstindən təhlil olunmalıdır. Türkiyə indiki halda Qərbin bir parçası kimi Rusiyanın Yaxın Şərqdəki iddialarına qarşıdır. Rus qırıcısının vurulmasının əsas səbəbi də odur ki, Rusiyanın bölgədə iddialı olması regiondakı və dünyadakı reallıqlarla uyğunlaşmır. Yəni Rusiya dünyada hegemon dövlət deyil. Moskva indiki geosiyasi vəziyyətdə itirilmiş mövqelərini bərpa etməyə çalışır. Bu məsələdə Türkiyə ilə Rusiyanın iddiaları biri-birinə qarşıdır. Çünki 1990-cı illərin ortalarından Rusiya bu regiondan çıxıb. Suriyanı çıxmaq şərti ilə digər ölkələrdə Rusiyanın ciddi dayaqları yoxdur. Lakin Rusiya Suriya çevrəsində yaranmış vəziyyətə öz təsir imkanlarını bərpa etmək imkanı kimi baxır. Bu iddiaların qarşısında isə Qərb və Türkiyə dayanır. Ona görə də problem qlobaldır”.
"Boğazlarda rus gəmilərinə qadağa qoyulması Rusiyaya əməli-başlı iqtisadi zərbə vuracaq”
Professorun sözlərinə görə, münasibətlərin gərginləşməsində Rusiyanın itkiləri daha çox olacaq. Türkiyə isə müəyyən dərəcədə udacaq: "Düzdür, münaqişə və gərginlik rus və türk xalqlarına iztirablar yaşadacaq. Çünki iki ölkə arasında son dövrlər yüksək ticarət dövriyyəsi formalaşmışdı. Türkiyənin Rusiyadan qaz alması, ölkədən keçən boru kəmərləri, üstəgəl, boğaz məsələləri və s. Amma bununla yanaşı, qarşıdurmada ən çox itirən Rusiya olacaq. Çünki Rusiyanın Qərblə, Ukrayna və Polşa ilə münasibətləri gərgindir. Üstəlik buna Türkiyə gərginliyi də əlavə olunacaq. Qərbin Rusiyaya güclü təsiri hiss olunmur. Amma türk boğazlarında rus gəmilərinə qadağa qoyulması Rusiyaya əməlli-başlı iqtisadi zərbə vuracaq. Fikrimcə, münaqişə nə qədər tez səngisə, Rusiya və Türkiyə bundan qazanacaq. Əksinə, gərginləşərsə, Moskva uduzacaq”.
İsmayıl