Aydın Quliyev: “Hər ay kitabxanalarla əlaqə saxlayıram ki, bu ay qəzetin hansı nömrələri var, hansı yoxdur”Bəhruz Quliyev: “Qəzetlərdə gedən materiallar tarixin güzgüsüdür, aynasıdır”
(Əvvəli ötən sayımızda)
Hər bir ölkənin tarixi, siyasi, mədəni və ədəbi gerçəkliklərinin aşkarlanıb öyrənilməsində çap mətbuatının məxsusi rolu var. Hətta çox vaxt qəzet materialları tarixi faktlara, mənbələrə çevrilir. Əlbəttə, Azərbaycanda da əksər sahələrə dair çoxsaylı faktlar mövcuddur ki, onlar ötən əsrlərin qabaqcıl mətbuat nümunələrinin arxivlərindən əldə edilib. Yəni mətbuatın ilkin missiyası maarifləndirmə olsa da, media bütün dövrlərdə həm də ictimai-siyasi və mədəni proseslərə yön verən institut rolunda çıxış edib. Bu baxımdan mətbu orqanların arxivlərinin qorunub saxlanılması hər zaman ciddi zərurətə çevrilib. Və bu gün də həmin proses davam etdirilir.
"Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev də söyləyib ki, qəzet arxivlərinin əhəmiyyəti çox böyükdür:
"Bu haqda bizdən çox əvvəl siyasətçilər, alimlər və dövlət adamları danışıblar. Arxiv işinin önəmi mübahisə doğurmayan məsələdir. Çünki bu, hər hansı bir qəzetin tarixidir. Qəzetimizin arxivləşdirilməsinə həmişə iki istiqamətdə yanaşmışam. Çap olunduğumuz gündən indiyə qədər buna əməl edirəm. Birincisi, qəzetimiz çap variantda arxivləşdirilir. 2003-cü ildən indiyə kimi qəzetin çap olunmuş bütün variantları aybaay kitabça şəklində tikilib, çox etibarlı yerlərdə saxlanılır. İkinci istiqamət isə odur ki, təxminən 2007-ci ildən bu yana qəzetimizin tarixini elektron qaydada da arxivləşdiririk. Hər il üçün qəzetin həmin ildə işıq üzü görmüş bütün nömrələrini elektron qaydada həm kompüterin yaddaşında arxivləşdiririk, həm də onu müəyyən "flaşka”, disk və elektron variantda arxivləşdirib saxlayırıq”.
Baş yazar qeyd edib ki, Axundov adına kitabxana başda olmaqla, ölkənin bir neçə sanballı və populyar kitabxanalarında "Bakı-Xəbər” qəzeti ilə yanaşı, digər qəzetlərin arxivləşdirilməsi işi aparılır: "Hər ay kitabxanalarla əlaqə saxlayıram ki, bu ay qəzetin hansı nömrələri var, hansı yoxdur. Sağ olsunlar, bəzən kitabxanaların özləri təşəbbüs göstərirlər. Xüsusilə də Axundov adına milli kitabxana rəhbərliyi bu məsələyə çox böyük diqqət ayırır. Onlar arxivləşdirmə işini çox operativ və həssas şəkildə aparırlar. Dəfələrlə olub ki, bizə ayın axırında müraciət ediblər ki, qəzetin hansısa sayı bizə gəlməyib. Biz də dərhal həmin nömrəni tapıb vermişik. Beləliklə, "Bakı-Xəbər” qəzetinin arxivləşdirilməsini 3 istiqamətdə - elektron formada, kitabça şəklində və kitabxanalarda yığılmış şəkildə həyata keçirirəm. Bu çox vacibdir”.
A.Quliyevin sözlərinə görə, qəzet arxivlərindən çox istifadə olunur: "Hər halda istifadə olunur ki, kitabxanalar bunun arxivləşdirilməsi ilə xüsusi məşğul olurlar. Məsələn, dəfələrlə Axundov adına kitabxanadan bizə rəsmi məktubla müraciət olunub ki, qəzetin filan tarixdə çap olunmuş nömrəsi arxivdə olmadığına görə, onu maraqlanan oxucuya verə bilməmişik. Biz dərhal bununla maraqlanmışıq və kitabxananı həmin sayla təmin etmişik. Bu birinci. İkincisi odur ki, qəzetin özünə, şəxsən mənə dəfələrlə müraciətlər olub. Hətta 8,10 il bundan öncə qəzetin hansısa sayında çap olunmuş bir yazının surətini istəyiblər. Ona görə də qəzetlərin, məxsusi olaraq "Bakı-Xəbər” qəzetinin arxivinə ictimai marağı özüm hiss etmişəm. Bu hal bir baş redaktor kimi mənə müsbət təsir bağışlayır”.
Baş yazarın fikrincə, qəzetdə tirajlanmış hər hansı bir məqaləyə və ya xəbərə istinad etmək olar və lazımdı: "Amma baxır hansı məlumatdan fakt kimi istifadə edirsən. Əlbəttə, hüquqi müstəvidə hansısa bir məsələnin araşdırılmasında qəzetdə gedən yazının fakt kimi göstərilməsi bir az doğru olmaz. Çünki hüquqi tələbat və prinsiplər başqadı. Buna rəğmən hansısa bir mübahisəli məsələnin ictimai müzakirələrlə aydınlaşdırılmasında qəzetlərdə gedən məlumatlardan fakt kimi istifadə etmək olar. Qəzet materiallarının hüquqi fakt kimi qəbul olunması təbii ki, yetərli deyil. "Bakı-Xəbər” qəzeti və eyni zamanda dövlət qəzetlərində gedən yazıların müəyyən ictimai müzakirələrdə fakt kimi dəyərləndirilməsi mötəbər hadisədir”.
"Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev də qeyd edib ki, qəzetlərin arxivləşdirilməsi çox yaxşı haldır:
"Bu, bütün redaksiyaların vəzifə borcudur. Öz yazdıqlarını arxivləşdirmək redaksiya rəhbərlərinin ilk missiyası olmalıdır. Yazılan hər bir material tarixə sənəd kimi daxil olur. Sənədlərin arxivləşməsində redaksiyaların özləri maraqlı olmalıdırlar. Təşəbbüsünüzü təqdir edirəm. Düşünürəm ki, biz də sizə qatılmalı, məsələnin gündəmdə qalmasına və həllinə çalışmalıyıq”.
Baş yazar hesab edir ki, çap mətbuatının arxivləşdirilməsi dövlət siyasətinin tərkib hissəsi olmalıdır: "Ona görə ki, qəzetlər tarixi yaşadır. 1875-ci ildən bu günə qədər mətbuatımızın arxivi olsaydı, Azərbaycan tarixi ilə bağlı bütün dövrlərə dair əlimizdə sənədlər olardı. Mətbuat tarixi yaşadan başlıca amillərdən biridir. Dövlət arxiv idarələri də həmin istiqamətdə ciddi işlər görməlidir. Yanılmıramsa, ötən il cənab Prezident sənədlərin arxivə toplanması və onların yenidən qaydaya salınmasına dair sərəncam imzaladı. Bu, çox böyük əhəmiyyətə malik sərəncam idi”.
Rəhbərlik etdiyi qəzetin arxivləşdirilməsi işinə gəlincə, baş redaktor vurğulayıb ki, buna məxsusi diqqət ayırırlar: "Qəzetimizin 26 yaşı var. Müstəqillikdən öncə fəaliyyətə başlamışıq. Fəaliyyətimizin ilk illərində qəzetimizin nömrələri böyük kitabxana və arxivlərdə yığılıb, saxlanılıb. Redaksiyada da müxtəlif vaxtlarda qəzetləri yığıblar. Amma bu, şəxsi arxiv kimi yığılıb. Yəni konkret olaraq qəzetin arxivi formasında toplanmayıb. Mən 2005-ci ildən bu qəzetə rəhbərlik edirəm. Həmin ildən günümüzə qədər qəzetin hər sayını yığırıq”.
B.Quliyev bildirib ki, qəzet arxivlərindən həmişə istifadə olunur: "Bir də görürsən ki, tarixi sənədlərə ehtiyac olur. Müxtəlif zamanlarda verilən sərəncamlara zərurət yaranır. Belə olan halda arxivimizi araşdırıb materillardan istifadə edirik. Ümumiyyətlə, alimlər, elm adamları kitab yazarkən qəzet arxivlərinə çox müraciət edirlər”.
Baş yazar təklif edib ki, qəzetlərin arxivləşdirilməsi işi dövlət əhəmiyyətli amilə çevrilsin və proses dövlət tərəfindən aparılsın: "Çünki çap mətbuatında müstəqilliyə gedən yolu, ondan əvvəlki dövrləri əks etdirən tarixi materiallar mövcuddur. Mətbuatın arxivləşdirilməsi dövlət tərəfindən aparılarsa, bu, daha yaxşı olar. Qəzetlər alimlərimizin istinad mənbəyinə çevrilər. Bir daha söyləyirəm ki, bu məsələ bütün dövrlər üçün çox aktualdır. Aktual məsələləri nəinki yalnız "Şərq” qəzeti, digər media qurumları da gündəmdə saxlamalıdır”.
Müsahibimiz deyib ki, kitabxanalar da qəzetlərin arxivləşdirilməsi işində maraqlıdırlar: "Şəxsən mənə bir çox kitabxanadan və dövlət arxivlərindən müraciətlər olunub. Mən də onu dəyərləndirmişəm və onlara məhsulumuzdan göndərirəm ki, qoy arxivləşsin. Ehtiyac yarananda arxivlərdən istifadə etmək mümkün olsun. Kitabxanalarda bu işə ciddi maraq var. Onlar da istəyirlər ki, arxivlərində Azərbaycanın müxtəlif dövrlərini əks etdirən sənədlər, materiallar olsun. Amma proses birtərəfli olmamalıdır. Yəni yalnız kitabxanalar deyil, redaksiya rəhbərləri də buna dəstək göstərməlidirlər. Bunu bilavasitə özlərinin işi saymalıdırlar ki, proses daha effektiv olsun”.
Həmsöhbətimiz onu da əlavə edib ki, qəzet materiallarının tarixi fakt olub-olmaması mübahisə doğurur: "Ona görə ki, bütün yazılar elmi sənəd kimi yazılmır. Ola bilsin ki, hansısa qəzetdə tirajlanan material həqiqəti əks etdirməsin. Ola bilsin ki, hansısa materialda kiminsə mövqeyindən çıxış olunub. Buna rəğmən o material təsadüf etdiyi dövrdə cərəyan edən hadisələrlə bağlı rəy formalaşdırır. Məsələn, bir də görürsən ki, keçmişdə baş verən məhkəmə prosesləri barədə arxivlərdən qəzet materialları götürüb istifadə edirlər. Bir sözlə, sənədlərin arxivləşdirilməsi həm dövlət, həm alimlər, həm də oxucu auditoriyası üçün çox önəmlidir. Hər media nümunəsi öz dövrünü gələcək nəsillərə ötürür. Qəzetlərdə gedən materiallar tarixin güzgüsüdür, aynasıdır. Qısası, tarixin yaşamasında medianın da rolu az deyil”.
Ayyət Əhməd