Hazırda həkimin vəziyyəti normaldır, tibbi ekspertizadan keçib, izahatı alınıb
İyulun 5-də gecə saatlarında Bakı sakini çağırışa gələn təcili tibbi yardım həkiminin üstünə bıçaq çəkib. Olay Binə qəsəbəsində baş verib. Həkim Şəfəq Alıyeva xəstə Cahangir Əliyevə tibbi yardım göstərib. Həkimin dediyinə görə, xəstəyə yardım edərkən onun oğlu Elbrus Əliyev təcili yardımın gec gəldiyini bəhanə edərək onun boğazına bir neçə dəfə bıçaq dirəyib, söyüşlərlə təhqir edib. Həkimi boğazını kəsəcəyi ilə də hədələyib. Bununla da ürəyi soyumayıb.
Təcili tibbi yardım maşını ilə stansiyaya qayıdan həkimlərin dalınca düşüb, yenidən onlara hədə-qorxu gəlib.
Bu barədə mətbuata xəsarət alan həkimin bacısı Günel Şahmalıqızı məlumat verib. Deyilənləri Azadlıq Radiosuna Şəfəq Alıyevanın çalışdığı 10 saylı Təcili Tibbi Yardım Stansiyasının müdiri İlqar Mirzəyev də təsdiqləyib.
İlqar Mirzəyevin dediyinə görə, hazırda həkimin vəziyyəti normaldır, tibbi ekspertizadan keçib, izahatı alınıb:
"Həkimin vəziyyəti indi normaldır. Bıçaq kəsməyib, amma boynunda izi qalıb, ekspertizanın da rəyi var”.
Hadisənin başvermə səbəbinə gəlincə, İlqar Mirzəyev həkimin çağırış yerinə gecikdiyini inkar etmir, deyir ki, bəzən eyni anda çağırışların çox olması və ya tıxaclar gecikməyə səbəb ola bilir. Amma sual edir ki, buna görə həkim bıçaqlanmalıdırmı:
"Həmin vaxtda 12 çağırış olduğuna görə ola bilsin ki, həkim ora bir qədər gec çatıb. Onlar hər gün 3-4 dəfə çağırış verən adamlardır”.
Həkimin üstünə bıçaq çəkdiyi iddia olunan Elbrus Əliyev hələ saxlanmayıb. Bu barədə Azadlıq Radiosuna Binə qəsəbəsi üzrə polis sahə rəisi, polis mayoru Firdovsi Ömərov məlumat verib. Polis hadisə ilə bağlı hazırda araşdırma aparıldığını bildirir:
"Hal-hazırda araşdırma gedir, həmin şəxs artıq müəyyən olunub, indilərdə götürüləcək. Cinayət işi açılıb, təhqiqat araşdırması gedir. Tamamlanıb istintaqa göndəriləcək”.
Bunlar həkimlərin və polisin dedikləridir. Amma Elbrus Əliyevin özünün, bə ya yaxınlarının bu hadisə barədə hər hansı fikri səslənməyib. Amma ittihamlar sübut olunsa, onu bir neçə ilə azadlıqdan məhrumetmə cəzası gözləyir.
Həkimin bıçaqlanması son günlərin yeganə təəccüb doğuran kriminal olayı deyil. Son illər xəbər gündəmində bıçaqlanma, qətl, zorlama və bu kimi olayların sayı daim artan xətt üzrə gedir. Daxili İşlər Nazirliyinin açıqlamasına görə, kriminal hadisələrlə bağlı 2014-cü il və bu ilin 6 ayı ərzində 65 min ərizə və şikayət araşdırılıb.