"Təcrübədə vətəndaşlarımızın pulsuz müalicəsi yoxdur"



"Azərbaycan Respublikasının Konstitusiyasına görə, vətəndaşların sağlamlıq hüququ var, amma bu təmin olunmur”.

Bunu Sherg.az-a 1 saylı Kliniki Tibbi Mərkəzin ("Semaşko") baş həkimi Ədalət Dadaşovun mərkəzdə xəstələrin pulsuz müalicə olunması haqqındakı iddialarını şərh edərkən Azərbaycan Demokrat Partiyasının sədri, həkim Sərdar Cəlaloğlu deyib. 

Onun sözlərinə görə, sağlamlıq hüququ dövlət tərəfindən təmin olunan hüquqlar sırasındadır:

"İstənilən dövlət, hətta Afrika ölkəsi belə olsa, orada mütləq pulsuz müalicə olmalıdır. Təbii ki, Azərbaycanda da konstitusiyanın tələbinə uyğun olmaqla, lakin formal şəkildə qalan pulsuz müalicə var. Təcrübədə vətəndaşlarımızın pulsuz müalicəsi yoxdur. Bir qayda olaraq, dərmanların alınmasında, müayinə və müalicələrdə vətəndaşlardan müəyyən xərc tələb olunur. Amma konkret "Semaşko” ilə bağlı dəqiq məlumatım olmadığından ətraflı çatdıra bilməyəcəyəm. Bütövlükdə pulsuz müalicə, müayinə məsələsi ilə bağlı ölkəmizdə səhiyyənin ciddi problemləri var. Hazırda müzakirə olunan icbari tibbi sığortanın qəbul olunması isə o deməkdir ki, bütün səhiyyə pullu fəaliyyət göstərməli, sadəcə həmin pulu sığorta təşkilatları ödəməlidir”.

Qeyd edək ki, 1 saylı Kliniki Tibbi Mərkəzin ("Semaşko”) baş həkimi Ədalət Dadaşov müsahibəsində hazırda mərkəzdə rəsmi şəkildə heç bir pullu xidmət olmadığını söyləyib. Həkimin sözlərinə görə, əgər gələcəkdə burada hansısa xidmətin pullu olması qərarı verilərsə, bu, həyata keçirilə bilər. "Təbii ki, bu da dövlətin verə biləcəyi qərardır. Ancaq biz xəstələri pulsuz müalicə edirik” –deyə Ə. Dadaşov bildirib.

Aysel Aslan